BMT-nin Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Kanada pavilyonunda “Tərəqqinin təməli: Etibarlı mənzil iqtisadi artımın və sosial inteqrasiyanın katalizatorudur” mövzusunda panel müzakirələri keçirilib. Tədbir mənzil hüquqları, torpaq təhlükəsizliyi və qadınların səlahiyyətləndirilməsi məsələlərinə həsr olunub.
Baki-baku.az xəbər verir ki, müzakirələrdə Anqola, Keniya, Uqanda, həmçinin dayanıqlı urbanizasiya və mənzil hüquqlarının qorunması sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
“Development Workshop Angola” təşkilatının layihə koordinatoru Moises Festo sosial və mənzil məsələlərinin həllində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O, Kanada və beynəlxalq donorlarla tərəfdaşlığın əhaliyə dəstək proqramlarının həyata keçirilməsi, insan hüquqları və dayanıqlı inkişafa yönəlmiş təşəbbüslərin təşviqinə kömək etdiyini bildirib.
Uqanda nümayəndəsi Brayan Pol Odella bildirib ki, torpağa təhlükəsiz çıxışın təmin edilməsi ailələrin iqtisadi dayanıqlığı və icma inkişafı ilə birbaşa bağlıdır. O, ölkəsində torpaq mülkiyyətində qadınlara qarşı tarixi ayrı-seçkilik mirasının davam etdiyini vurğulayıb. Odella qeyd edib: “Bəzi ənənəvi sistemlərdə qadınlara uzun müddətdir ki, torpağa sahib olmaq, onu becərmək və istifadəsindən faydalanmaq hüququ verilmir”. Onun sözlərinə görə, “Women’s Spaces” layihəsi qadınlar üçün hüquqi maarifləndirməni, torpaq mübahisələrinin həllində onlara köməklik göstərilməsini və torpaq mülkiyyəti sənədləri vasitəsilə maneələrin aradan qaldırılmasını hədəfləyir. Uqanda nümayəndəsi torpaqdan istifadə sertifikatlarının verilməsinin qadınlara öz təsərrüfatlarına investisiya qoymağa, ailə gəlirlərini artırmağa və bank kreditlərinə çıxış əldə etməyə imkan verdiyini vurğulayıb.
Keniyadakı Mazingira İnstitutunun “Women’s Spaces” layihəsinin koordinatoru Sem İkua yoxsulluğun azaldılmasında və yerli icmaların gücləndirilməsində qida sistemlərinin və inklüziv şəhərsalmanın rolu barədə danışıb.
“Habitat International Coalition” (HIC) koalisiyasını təmsil edən şəhərsalma və regional planlaşdırma üzrə ekspert Diana Vaçira mənzil siyasəti və şəhərsalma proqramlarının hazırlanmasında insan hüquqlarına və gender bərabərliyinə əsaslanan yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb.
Müzakirədə iştirak edənlər təhlükəsiz mənzil və torpaq hüquqlarının təkcə sosial zərurət deyil, həm də iqtisadi artımın, şəhər dayanıqlığının və bərabərsizliyin azaldılmasının əsas hərəkətverici qüvvəsi olduğu barədə ortaq qənaətə gəliblər.