BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Business and Innovation Hub” platformasında Alman-Azərbaycan Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə “Hadisələrdən təsirə: Meqa tədbirlər davamlı şəhər inkişafını və infrastruktur transformasiyasını necə sürətləndirə bilər?” mövzusunda panel sessiya keçirilib.
Baki-baku.az xəbər verir ki, sessiyada “AZCON Holding” şirkətinin Davamlılıq və ESG departamentinin rəhbəri Mədinə Cəfərli, “Rhenus Logistics Azerbaijan” şirkətinin idarəedici direktoru Katerina Zuban, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mütəxəssisi Fəridə Qocayeva, həmçinin COP29 Təşkilat Komitəsinin nümayəndəsi Şəhla Əbubəkirova iştirak ediblər.
Bildirilib ki, 2012-ci ildən fəaliyyət göstərən Alman-Azərbaycan Ticarət Palatası Almaniya iqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəsi kimi şirkətlərə bazara çıxış, biznesin inkişafı və ikitərəfli əməkdaşlıq istiqamətində dəstək verir.
Panel zamanı çıxış edənlər Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin şəhər infrastrukturu və dayanıqlı inkişaf sahəsində mühüm dəyişikliklərə təkan verdiyini vurğulayıblar. Qeyd olunub ki, təxminən 10 il əvvəl keçirilən Avropa Oyunları dövründə əsas prioritet böyük tədbirlərin idarə olunması üçün potensialın formalaşdırılması idi. Hazırda isə diqqət enerji səmərəliliyi, inklüzivlik və iqlim dayanıqlılığı kimi məsələlərə yönəlib.
Sessiyada beynəlxalq tərəfdaşların və qlobal təşkilatların rolunun xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, BMT kimi beynəlxalq qurumların tələbləri təchizat zəncirinin şəffaflığı, ekoloji satınalma və karbon emissiyalarının izlənməsi sahəsində yerli qurumların transformasiyasını sürətləndirir.
Çıxışlarda meqa tədbirlərin investor marağını artırdığı da qeyd olunub. Eyni zamanda, bu tədbirlərin ölkənin nəqliyyat və şəhər infrastrukturunun gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-də sərnişindaşıma imkanları artırılıb, xidmət göstəricisi dəqiqədə 750 nəfərdən 1000 nəfərə çatdırılıb.
Bundan başqa, şəhərdə elektrik avtobuslarının tətbiqi genişləndirilib və 160 elektrik avtobusu istifadəyə verilib.
Panel iştirakçıları qeyd ediblər ki, beynəlxalq tədbirlər çərçivəsində yaradılan infrastruktur uzunmüddətli miras kimi ölkədə qalır və gələcək şəhər inkişafına xidmət edir.