Bu gün Azərbaycan ədəbiyyatında və poeziyasında özünəməxsus yeri olan görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayramın anadan olmasının 90-cı ildönümüdür.
Baki-Baku.az xəbər verir ki, 1934-cü il dekabrın 16-da Bakıda dünyaya göz açan Tofiq Bayram orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlayıb. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı redaksiyasında, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləyib.
Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini tərcümə edib. A.T.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülüb.
Yaradıcılığını vətən sevgisi, Azərbaycan eşqi ilə bütünləşdirən şair “Vətən torpağına baş əyənləri, ellər baş üstə bayraq tək saxlar” deyərdi. 1998-ci il sentyabrın 24-də Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılışında Ümummilli Lider Heydər Əliyev çıxış edərək demişdir: “Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında onlarla görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərimdə bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim var”.
Şairin bacısı Svetlana Bayramova Tofiq Bayramın himayə edilməsində unudulmaz Heydər Əliyevin böyük xidməti və xeyirxahlığı olduğunu qeyd edir. Şairin ötən əsrin 70-ci illərində türk müğənnisinə yazdığı şeirin Türkiyədə yayılması Moskvada bəzi dairələrin etirazına səbəb olub, Bakıya “tədbir görülsün” mesajı gəlib. Millətinin söz adamlarını həmişə hifz etməyi bacaran Heydər Əliyev böyük ustalıqla Tofiq Bayramı bu təzyiqlərdən, hətta həbsdən qoruya bilib.
Tofiq Bayram ürəkləri fəth edən şair idi. Onun qadın, ana mövzusunda yazdığı şeirlərin ahəngindəki etiraflar, arzular, nigarançılıq olduqca təbii, səmimi və məlhəmdir. Kimə ünvanlanmasından asılı olmayaraq, oxucu üçün çox doğmadır.
Unudulmaz, korifey ifaçılarımız Tofiq Bayramın sözlərinə yazılmış mahnıları xüsusi şövq və ahənglə oxuyublar.
Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat edib, Bakının Əmircan kəndində dəfn olunub.