Sentyabrın 18-də Bakıda Atatürk Mərkəzində Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı Xuraman Muradovanın təşəbbüsü ilə Türk dünyasının qadın şairlərinin görüşü keçirilib.
Baki-baku.az xəbər verir ki, tədbirdə Türk dünyasının müxtəlif coğrafiyalarından gələn şairə xanımlar, Azərbaycanın tanınmış ziyalıları, alimləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbir akademik Nizami Cəfərovun salamlama nitqi ilə başlayıb. O, Türk dünyasının ədəbi-mədəni əlaqələrinin inkişafında belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə TÜRKSOY-un Baş katibi, yazıçı Sultan Rayev, Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhat Kabaklı, Xalq yazıçısı Çingiz Abdullayev, Türk Dünyası Alim Qadınlar Şurasının sədri, professor Mahirə Hüseynova, türkoloq alim Şərəf Cəlilli, yazıçı-publisist Varis Yolçuyev, professor Fuad Məmmədov və digər elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbiri açan Xuraman Muradova Türk dünyasının müxtəlif bölgələrindən gələn qonaqları salamlayaraq şeirin sərhəd tanımayan, xalqları bir-birinə yaxınlaşdıran mənəvi qüvvə olduğunu bildirib. O, görüşün yalnız ədəbi tədbir deyil, ortaq kök, söz, şeir və mənəvi bağlılığın ifadəsi olduğunu qeyd edib.
Türk dünyasının qadın şairlərinin Bakıda ilk böyük görüşünün keçirilməsinin əhəmiyyətindən danışan Xuraman Muradova Azərbaycanın zəngin ədəbi-mədəni irsini və ölkənin Türk dünyası ilə tarixi-mənəvi bağlarını diqqətə çatdırıb. O, Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Heyran xanım, Əzizə Cəfərzadə, Zərifə Əliyeva və Aida İmanquliyeva kimi görkəmli Azərbaycan qadınlarının elm, ədəbiyyat və mədəniyyət tarixindəki xidmətlərini vurğulayıb.
Çıxışlarda Türk dünyasının ortaq ədəbi-mədəni irsi, qadın poeziyasının rolu və xalqlar arasında ədəbi əlaqələrin genişləndirilməsi məsələlərinə toxunulub. Şairə xanımlar yaradıcılıq fəaliyyətlərindən danışıb, şeirlərindən nümunələr səsləndiriblər.
Görüşdə Türkiyədən İnci Okumuş, Gonca Hatunoğlu Yılmaz, Sündüs Arslan Akça, Yüksel Kabaklı, Gülşah Kabaklı və İclal Akkaşlan, Özbəkistandan Nərgizə Əsədova, Qazaxıstandan Assel Ospan, Qırğızıstandan Tolqonay Sarıyeva, Şimali Kiprdən Feyzan Korur, Şimali Makedoniyadan Leyla Şərif Emin, Başqırdıstandan Tənzilə Dövlətberdina, Tatarıstandan Şəmsiyyə Cahangirova, Güney Azərbaycandan Şərifə Cəfəri iştirak ediblər.
Xuraman Muradova Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı kimi ona göstərilən etimadın böyük məsuliyyət olduğunu bildirib və birliyin Türk dünyasının qadın ədəbiyyatının inkişafına, ədəbi-mədəni əlaqələrin genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Tədbir Türk dünyasının qadın şairləri arasında ədəbi-mədəni əlaqələrin inkişafı, ortaq ədəbi irsin təbliği və xalqlar arasında mənəvi bağların möhkəmləndirilməsi baxımından əhəmiyyətli görüş kimi yadda qalıb.








