Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/16/2025

Paylaşın

GÜNDƏM

Teatr tamaşasına bənzər həyat: əbədiyyət uzunluğunda rol

Hacı Murad Yegizarov

Böyük aktyorların həyat hekayələri nadir hallarda rəvan və əvvəlcədən proqnozlaşdırıla bilən olur. Əksər hallarda bu, gözlənilməz dönüşlərlə, təsadüfi görüşlərlə və taleyüklü təsadüflərlə dolu bir yol olur. Hacı Murad Yegizarovun da həyat hekayəsi məhz belələrindəndir –heç vaxt səhnə haqqında düşünməyən, idman uğurları arzulayan və hətta diplomatik karyera barədə fikirləşən bir insanla bağlı taleyi başqa cür qərar verdi.

Onun adı Azərbaycan teatrı və kinosu ilə sıx şəkildə bağlıdır, rolları tələbələr tərəfindən öyrənilir, tamaşaçılar isə onu daim ayaqüstə alqışlayırdı. Yegizarovun yaratdığı obrazlar tamaşaçıların qəlbini mehriban baxışlı, nadir cazibəyə malik ziyalı aktyorun özün qədər fəth etmişdi.

Hacı Murad Yegizarov

Yegizarovun həyat hekayəsi sadəcə bir bioqrafiya deyil. Bu, idmançı əzminin, müəllim dəstəyinin və istedad qığılcımının bakılı bir gənci milli səhnənin simvoluna çevirməsinin hekayəsidir. Onun həyatı məşhur atalar sözünün ən bariz nümunəsidir: «Sən saydığını say, gör fələk nə sayır».

Şamaxı xanı Mahmud ağanın nəticəsi Hacı Murad Hacı Əhməd oğlu Yegizarov18 iyul 1939-cu ildə Bakıda dünyaya gəlib. Murad uşaqlıqdan idmanı çox sevirdi. Əvvəlcə voleybolla məşğul olan Murad 14 yaşından boks idman növünə maraq göstırdi. Atası bu döyüş idman növünü vəhşilik adlandırdığı üçün Murad gizli şəkildə boksla məşğul olurdu. Ailəsinə volleybolla məşğul olduğunu və top atışlarını məşq etdiyini deyirdi, lakin sirr uzun müddət gizli qalmadı – milli televiziyada Muradın qalib gəldiyi çempionatın final döyüşünü göstərdilər. Bu zaman danlanacağını gözlədiyi halda təriflər və qürurverici sözlər eşitdi. Necə deyərlər, qaliblər mühakimə olunmur.

Hacı Murad Yegizarov

Aktyorun həyatında bu səhifə olduqca mühüm əhəmiyyət kəsb edir: məhz idmançı görkəmi, gücü və xarizması onu sonradan orta məktəbdə ilk səhnə roluna ideal namizəd edəcəkdi.

Gələcək xalq artistinin oxuduğu məktəbin dram dərnəyinin rəhbəri həmin dövrdə hazırlanmaqda olan tamaşada fransız idmançı-stayer qaçışçısı Şarl Suazye obrazını canlandıra biləcək uyğun namizəd axtarırdı. Uca boylu, qamətli, enlikürək gənc Murad bu rola uyğun görüldü. Bu debüt təsadüfi oynanılan rol deyil, uzun bir yolun başlanğıcı oldu.

Həmin illərdə o, özünü aktyor kimi təsəvvür etməsə də, yeni ampluada sınanmaq olduqca maraqlı gəldi. Üstəlik, Mürad hər zaman aktyorluq sənətinə heyranlıqla yanaşırdı. O, tez-tez məktəblilərlə birlikdə Gənc Tamaşaçılar Teatrında və ya Rus Dram Teatrında tamaşalara gedən zaman bu sənətin sehrinə şahid olurdu. Həmçinin valideynləri ilə, bəzən isə öz təşəbbüsü ilə Azərbaycan Dövlət Dram Teatrına gedərək uzaq qohumu, böyük aktyor Ələsgər Ələkbərovun sənətindən zövq alırdı. Məhz Ələkbərovun rəhbərliyi altında gənc Mürad ilk dəfə kinostudiyaya qədəm qoydu. Onu “Uzaq sahillərdə” filmində sınaq çəkilişlərinə dəvət etdilər. Kəşfiyyatçı rolunu ala bilməsə də, epizodda çəkildi və bununla da kino dünyasının qapısı onun üzünə açıldı.

Elə həmin 1958-ci ildə Yegizarov xalq artisti Elmira Şabanova (o dövrdə Elmira Hüseynova) ilə birlikdə Moskvaya, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (VQİK) daxil olmaq üçün yollandı. Onları kinorejissor Lətif Səfərov hazırlaşdırmışdı. İmtahanların iki turunu uğurla keçsələr də, üçüncü mərhələdə ədalətsiz şəkildə imtahandan kənarlaşdırıldılar. Bir il sonra Mürad yenidən VQİK-ə qəbul olmağa çalışdı, lakin yenə də cəhdi uğursuzluqla nəticələndi – onun yerinə bir məmur övladı qəbul edildi. Buna rəğmən onun idmançı xarakteri və əzmkarlığı təslim olmağa imkan vermədi. Bakıya qayıdan Mürad Azərbaycan Dövlət Teatr İnstitutuna daxil oldu. Bunun üçün isə bütün imtahanlardan ekstern qaydada əla qiymətlərlə keçməli oldu.

Murad təhsil almaqla parallel Səməd Vurğun adına Rus Dram Teatrında çalışırdı. Burada Yegizarov ilk dəfə aktyorluq peşəsini öz üzərinə düşən missiya kimi hiss etdi. Fərqinə vardı ki, səhnə sadəcə meydança deyil, qəhrəmanların taleyinin yarandığı məkandır.

Özünün də dediyi kimi, əvvəllər səhnəyə daha çox zalda əyləşən xanımları heyran etmək üçün çıxırdı, lakin “Valentin və Valentina” tamaşasından sonra hər şey dəyişdi. O, artıq peşəkar məsuliyyəti və həqiqətən də obraza çevrilməsinin verdiyi əsl sevinci dərk etdi.

İnstitutu bitirənə qədər Yegizarov həm teatrda, həm də kinoda çoxlu rollar ifa etmiş, küçədə tanınan simaya çevrilmişdi. Respublikanın aparıcı rejissorları tərəfindən bir-birinin ardınca dəvətlər gəlirdi. O, “Ulduz”, “Arşın mal alan”, “Ən vacib müsahibə”, “O qızı tapın”, “Səmt küıəyi”, “Bir cənub şəhərində”, “İnsan məskən salır”, “Bizi bağışlayın”, “Babək”, “Nizami” və başqa filmlərdə çəkildi.

Hacı Murad Yegizarov

“Arşın mal alan” filmindəki Süleyman rolu ona xüsusi şöhrət gətirdi. Rejissor Tofiq Tağızadə Muradı Əsgər obrazında görmək istəyirdi, lakin Yegizarov israrla Şərq və Qərbi özündə birləşdirən ziyalı Süleyman obrazını oynamağa qərar verdi. Bu seçim aktyorun manifestinə çevrildi: Yegizarov “ulduz” yox, sənətkar yolunu seçdi.

Hacı Murad Yegizarov

“Birisigün, gecəyarısı…” filmindəki çekist Mustafa Məmmədov roluna görə Azərbaycan SSR Dövlət Mükafatına və SSRİ DTK mükafatına layiq görülür.

Murad Yegizarovun karyerası Azərbaycanın hüdudlarından xeyli kənara çıxır. O, Gürcüstanda, Mərkəzi Asiya respublikalarında, Çexoslovakiyada və Almaniyada filmlərə çəkilib. Alman kinosunda o, eyni zamanda üç filmdə – «Şpeer və o», «Şübhə altında» və «Məkkə» filmlərində yer alıb.

Mədəniyyətin inkişafına görkəmli töhfəsinə görə ona 1982-ci ildə “Xalq artisti” fəxri adı verilib, 1986-cı ildə isə Dövlət Mükafatına layiq görülüb. Sənətkarın xidmətləri 2009-cu ildə “Şöhrət”, 2019-cu ildə isə “Şərəf” ordenləri ilə qiymətləndirilib.

Hacı Murad Yegizarov

Uzun İllər keçsə də, aktyor teatra sadiq qaldı. 2011-ci ildə o, Yuli Qusmanın “Qorxma, mən səninləyəm! 2” filmində hərbi nazir rolunu canlandırdı. Yaxınlarda isə tamaşaçılara “Aktyor və onun kölgəsi” adlı monotamaşanı təqdim etdi. Yetmiş dəqiqə ərzində o, səhnədə təkbaşına tamaşaçıları gərginlikdə saxlamağı bacardı. Bu, həqiqi bir ustalıq imtahanı idi: nə tərəf-müqabili oldu, nə fasiləyə çıxdı – yalnız o və tamaşaçı.

Murad Yegizarov aktyorluq sənətinə müraciət etməmişdi, peşə özü onu tapmışdı. Onun ifasında hər bir rol səhnədə və ekranda kiçik bir inqilab, hər çıxışı isə tamaşaçı üçün əlamətdar hadisə idi. İdmançı gücü, diplomat zəkası və sənətkarın ruhu onun simasında heyrətamiz şəkildə vəhdət təşkil edirdi. Əgər teatr bir məbəd sayılırsa, Murad Yegizarov artıq çoxdan həmin məbədin mühafizəçilərindən birinə çevrilmişdi.

Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli teatr və kino aktyoru Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra 13 sentyabrda Almaniyada, ömrünün 87-ci ilində vəfat etdi.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xarici mediaya istinadla xəbər verir ki, təhlil 10 aparıcı generativ modeli əhatə edib. Onların sırasında ChatGPT-5 (OpenAI),

Ən son

ОБО ВСЕМ

Как сообщили Baki-baku.az в кафедре астрофизики физического факультета Бакинского государственного университета

ОБО ВСЕМ

Как сообщили Baki-baku.az в кафедре астрофизики физического факультета Бакинского государственного университета
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin