“Dendrologiya bağı”nda əsaslı təmir-bərpa işləri həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində işlər aparılan bağdan Baki-baku.az eksklüziv reportajı təqdim edir:
“Dendrologiya bağı” uzun illər hər kəsin sevimli istirahət məkanı olub. Bildiyimiz kimi, burada təmir-bərpa işləri aparılır və biz də həmin işlərlə yaxından tanış olmaq üçün yolandıq həmin bağa. Ətrafda gərgin işlərin getməsi, əlbəttə ki, bizi sevindirdi. Havanın bu qədər isti keçməsinə baxmayaraq, işlər tam sürətlə davam edir. Bağın 12 hektarlıq sahəsinə daxil olan kimi ilk gözümüzə dəyən yeni tikilmiş istixanalar və inzibati bina oldu. Hamısında yüksək zövq özünü büruzə verir. Bundan başqa, quraşdırılacaq yeni fontanın hovuzu və digər təmir olunan hovuzlar da diqqəti çəkir. Bağın içində piyada yolları da təmir olunur və genişləndirilir. Uşaqlar üçün əyləncə meydançası isə yeni salınıb. Burada uşaqlar həm gözəl təbiətdən zövq ala, həm tam əylənə biləcəklər. Qeyd edək ki, yelləncək və sürüşkənlər artıq quraşdırılıb.

Buradakı nəzarət-buraxılış məntəqəsi və köməkçi tikililərin əsaslı təmiri, həmçinin ərazi boyunca uzanan hasarın yenidən qurulması işləri aparılır. Həmçinin parkın bütün ərazisinin abadlaşdırılması, müasir işıqlandırma sisteminin quraşdırılması işləri də öz axarındadır.
Bir çox filmlərin də çəkildiyi, Bakı milyonçusu Murtuza Muxtarovun malikanəsində də işlər səngimir. Binanın özü ilə birgə qapı-pəncələri də restovrasiya olunaraq orijinal vəziyyətinə qaytarılır. Şair Sergey Yesenin ev muzeyinin bünövrəsinin möhkəmləndirilməsi və əsaslı təmiri də aparılır.
Restovrasiya vaxtı ərazidə bir neçə quyu (su və ərzaq üçün) da aşkarlanıb ki, onlar üzərində də işlər gedir.

Bütün bunlardan başqa, burada elmi işlərin aparılması üçün bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsi, Ekologiya və iqlimləşdirmə, Meşə ekosistemləri, Landşaft memarlığı və sistematika, Dendroxronologiya və Təsərrüfat əhəmiyyətli bitkilər laboratoriyası fəaliyyətini davam etdirir. Bütün işlərin fonunda bitki örtüyü qorunması da prioritet məsələlərdən biridir. Bitkilərə xüsusi qulluq edilir, onlar mühafizə olunaraq zərər gəlməsinin qarşısı alınır.
Aldığımız məlumata görə, təmir-bərpa işlərinin yekunlaşması ilin sonuna nəzərdə tutulub.
Xanım Aydın












