Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/20/2026

Paylaşın

Mədəniyyət

Şuşa bu gün ən gözəl şeirini özü oxuyur – Vaqif Poeziya günlərindən reportaj

Gemini_Generated_Image_uuhk3auuhk3auuhk

Şuşaya hər gəliş adamın yaddaşında yeni bir səhifə açır. Bu dəfə həmin səhifənin adı Vaqif Poeziya Günləri idi. Bu poeziya günləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilirdi. Amma etiraf edim ki, mən Şuşaya təkcə poeziya dinləməyə gəlməmişdim. Mən qələbənin səsini, azadlığın nəfəsini, illərlə həsrət qalan bir şəhərin yenidən həyata necə qayıtdığını görməyə gəlmişdim.

Bu il Vaqif Poeziya Günləri Qazaxdan – Molla Pənah Vaqifin doğulduğu torpaqdan başladı, sonra söz karvanı Şuşaya gəldi. Elə bil Vaqifin misraları da doğulduğu yerdən qanad açıb yenidən öz poeziya məbədinə – Şuşaya qayıtmışdı.

Şuşaya çatanda yenə də eyni hissi yaşadım: əvvəl gözlərim doldu, sonra bədənimdən bir dərin titrəyiş keçdi, sonra da… sonra da sevinc, qürur, fəxr – bütün hisslərim bir-birinə qarışdı. Mənim hisslərimin fonunda isə bu şəhərin küçələri, daşları, torpağı, suyu danışırdı. Amma ən çox gözümü insanlardan çəkə bilmirdim. İlahi, insanlar necə xoşbəxt idi indi burada…

İnsanların üzündə qəribə bir rahatlıq vardı. O rahatlığın adı qələbə idi. Hər addımda hiss olunurdu ki, insanlar bu şəhərə sadəcə gəlməyiblər. Onlar öz yurdlarına qayıdıblar. Hər kəs şəkil çəkdirirdi, hər kəs dayanıb ətrafa uzun-uzadı baxırdı. Elə bil hər kəs ürəyində eyni cümləni pıçıldayırdı: “Şükür, Şuşa yenə bizimdir…”

Şəhər isə insanı heyrətləndirir.

Bir vaxtlar dağıntılarla xatırlanan küçələr indi zərif memarlığın, səliqənin və müasirliyin nümunəsinə çevrilib. Xüsusilə də yeni salınmış Qarabağ küçəsi. Burada qədim Şuşanın ruhu ilə müasir şəhərsalmanın ahəngi elə ustalıqla birləşib ki, sanki keçmiş gələcəklə əl-ələ verib. Axşam işıqları yananda küçə tamam başqa bir gözəlliyə bürünür. Gecənin sakitliyində daş binaların üzərinə düşən işıq Şuşaya tamam başqa bir ovqat bəxş edir. Hələ küçənin sonunda qoşa qollarını – minarələrini göyə şükür edirmiş kimi açan Yuxarı Gövhər Ağa məscidi… Elə bil insanlardan çox o şükür edirdi bu günə…

Şuşanın gündüzü də gözəldir, gecəsi də.

Səhərlər dağlardan enən sərin meh adamın üzünü oxşayır. Günorta günəş divarları isidir, axşam isə şəhərin üzərinə qəribə bir rahatlıq çökür. Gecələr səmadakı ulduzlar sanki Şuşaya daha yaxın görünür – əlini uzatsan göydən ulduz dərərsən! Burada gecə qaranlıq olmur, sakit olur, mehriban olur, doğma olur.

Bu sakitliyin içində isə başqa bir sehr yaşayır.

Şuşanın hər tərəfində yüzillik cökə ağacları var. Elə qocaman ağaclar ki, yəqin şəhərin neçə-neçə nəslini yola salıblar. İndi çiçəkləmə vaxtıdır. Meh əsən kimi cökə çiçəklərinin ətri küçələri bürüyür. O qoxunu sözlə ifadə etmək çətindir. Bir anlıq dayanırsan, dərindən nəfəs alırsan və anlayırsan ki, bəzən xoşbəxtliyin də qoxusu olur. Şuşada o qoxunun adı cökə çiçəyidir.

Şəhərdə daha bir rəng diqqətimi çəkirdi.

Haraya baxırdınsa, qızılgüllər açmışdı. Elə bil bütün şəhər güllərlə danışırdı. O güllərə baxdıqca istər-istəməz uşaqlıqdan tanıdığımız məşhur mahnı yadıma düşürdü:

“Üzmə gülünü, gülünü,

Balam, gülün…

Gülü qoşadır, qoşadır,

Əzəl Şuşadır…”

O an başa düşdüm ki, bu mahnı təkcə yeddi notdan ibarət musiqi deyilmiş. Bu, Şuşanın öz yaddaşı imiş.

Poeziya Günlərinin tədbirləri də şəhərin ruhuna çox yaraşırdı.

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında keçirilən açılış mərasimi adi rəsmi tədbir təsiri bağışlamırdı. Burada şeirlər oxunurdu, musiqi səslənirdi, türk dünyasının müxtəlif guşələrindən gələn şairlər eyni səhnədə sözün gücündən danışırdılar. Hiss olunurdu ki, Vaqif Poeziya Günləri artıq təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının söz bayramına çevrilib.

Səməd Vurğunun “Vaqif” dramından təqdim olunan səhnələr, “Könlüm keçir Qarabağdan” kompozisiyası, musiqi nömrələri sanki Şuşanın qədim qala divarları arasında yeni bir nəfəs qazanırdı.

Aşıq Ələsgərin 100 illiyinə həsr olunan “Sözün aşığı, sözün aşiqi” tədbirində sazın səsi dağlara yayılırdı. Elə bil sazın hər teli bu torpağın yaddaşını oyadırdı.

Mehmandarovların möhtəşəm malikanəsində keçirilən Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi konfrans isə sözün başqa bir üzünü göstərirdi. Burada poeziya artıq musiqi kimi yox, fikir kimi yaşayırdı. Tarix, fəlsəfə və ədəbiyyat bir-birinə qarışırdı. 

Axşam isə tamam başqa aləm idi.

“Şuşa gecələri” interaktiv poeziya saatında şairlər bir-birinin ardınca şeirlər səsləndirirdilər. Tarın müşayiəti altında deyilən misralar gecənin sükutuna qarışırdı. O an anlayırdın ki, şeir kitab səhifəsində deyil, insanların nəfəsində yaşayanda daha təsirli olur.

Musiqili Teatrın hazırladığı “Sözün gülüşü – Şuşa hekayələri” meydan tamaşası poeziya bayramına gülüş də qatdı. Gülüş bu şəhərə çox yaraşırmış…

Bir başqa gözəl hadisə isə “Kitab dayanacağı”nın açılması oldu. Açıq səma altında kitabların insanları gözləməsi çox rəmzi görünürdü. Şuşa yenə oxuyan, düşünən, yaradan şəhərə çevrilirdi.

Şuşada dolaşarkən bərpa olunmuş tarixi evlərə də baş çəkdim.

Mehmandarovların malikanəsində Xaqaniyə həsr olunmuş tədbirdə olarkən anladım ki, bura adi bir memarlıq abidəsi deyil. O, Şuşanın zadəgan ruhunun yaşadığı məkandır. Bərpadan sonra malikanəyə baxanda tarixin də bəzən yenidən doğula bildiyini görürsən…

Sadıqcanın evi qarşısında dayananda fikirləşirdim ki, Azərbaycan tarının taleyini dəyişən o böyük sənətkarın ruhu yəqin indi bu evdə rahat nəfəs alır. Sanki divarlar da musiqi xatirələrini qoruyub saxlayıb.

Bülbülün evi isə tamam başqa hisslər oyadır. Bu evə daxil olanda adamın qulağında istər-istəməz onun səsi səslənir. Elə bil bu divarlar hələ də böyük sənətkarın nəfəsini unutmamışdı.

Şuşada keçirdiyim günlər mənə, bəlkə də indiyə kimi şüuraltında bildiyim, amma heç vaxt haqqında düşünmədiyim bir şeyi aydınlatdı: 

Poeziya təkcə misralardan ibarət deyil. Poeziya bəzən azad edilmiş şəhərin küçələri olur. Bəzən cökə çiçəklərinin mehə qarışan ətri olur. Bəzən qızılgüllərin rəngi olur. Bəzən tarın səsi, sazın nəfəsi olur. Bəzən də uzun illərin həsrətindən sonra doğma şəhərinə dönən insanların gözlərindəki sevinc…

Şuşa bu gün yenidən sözün şəhəridir. Amma mənə elə gəldi ki, burada ən gözəl şeiri heç kim səhnədə oxumurdu.

Ən gözəl şeir elə Şuşanın özü idi.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gedib.

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gedib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin