Səhər Bakı… Hələ şəhər tam oyanmamış, küçələrdə insan səsi yox, təkcə uzaqdan gələn küləyin və dənizin nəfəsi hiss olunurdu. Gün doğmazdan bir az əvvəl şəhərin başqa bir həyatı – görünməz, amma çox vacib bir həyat: küçələrin yuyulması başlayardı.
O vaxtlar xüsusi su maşınları mərkəzi küçələrə çıxardı. Onların iri çənlərindən püskürən su fontanları asfaltın üzərinə yayılaraq tozu, gecənin izlərini, şəhərin yorğunluğunu yuyub aparardı. Sanki Bakı hər səhər yenidən doğulurdu. Köhnə daş binaların divarlarına dəyən su damcıları günəş çıxmağa hazırlaşan səmanın altında parlayar, şəhərə qəribə bir təravət qatardı.
Hələ hamı yatarkən küçələr təmizlənirdi. İşə gedənlər, dərsə tələsənlər səhər qapıdan çıxanda artıq tamam başqa bir mənzərə ilə qarşılaşırdılar: yuyulmuş, səliqəyə salınmış, nəm asfaltın üstündə gün işığı əks olunurdu. Sanki şəhər onlara “xoş gəldin” deyirdi.

Bu görüntü təkcə təmizlik deyil, bir ritm idi. Bakı üçün səhərin öz musiqisi vardı — suyun asfalta dəyən səsi, maşının uğultusu, küçələrin sakit nəfəsi. O ritm indi də yaddaşlarda yaşayır, keçmişin incə bir kadrı kimi.
İllər keçdi. Şəhər dəyişdi. Yeni texnologiyalar, daha müasir təmizlik sistemləri, daha geniş yollar və fərqli şəhər planlaması Bakının simasını yenilədi. Bakı daha parlaq, daha müasir, daha dinamik bir şəhərə çevrildi. Küçələr indi başqa üsullarla təmizlənir, hətta o vaxtkından daha təmiz, daha təravətlidir. O vaxtların su maşınlarının yaratdığı görüntü artıq bir nostalji hissə döndü. Və sanki indi yeni texnologiya və üsullarla şəhərin təmizlənməsi həmin ənənənin gözəl davamıdır.

Bu nostalji – köhnə Bakı küçələri, o dövrün su maşınları, insanları isə həmin epoxanın sakitliyidir. İnsanların daha sakit yaşadığı, səhərin daha yavaş açıldığı illərin xatirəsidir. Köhnə Bakıda səhər daha sadə idi — amma bəlkə də elə buna görə daha çox sevgi hiss olunurdu.
Bu gün şəhər təmizdir, abaddır, gur və canlıdır. Yeni binalar, geniş prospektlər, müasir infrastruktur Bakının nəfəsini daha da gücləndirib. Hara baxsan, gül-çiçəkdir, yaşıllıqdır, təmizlikdir. Bu, müasir Bakının bəlkə də, ən gözəl tərəflərindən biridir. Amma bəzən köhnə bakılılar səhər erkən küçəyə çıxanda nəm asfaltın qoxusunda uzaqdan gələn o su səsini xatirələrdə canlandırır, o illərdən bu illərə gözəlləşən şəhərimizə böyük sevgi və doğmalıqla baxırlar…

Aydın olur ki, Bakı dəyişsə də, onun ruhu dəyişmir. Sadəcə zaman onun üzərinə yeni qatlar əlavə edir — amma köhnə səhərlərin təravəti yaddaşda yeni ab-havaya qoşularaq həmişə cavan qalır.
Xanım Aydın