BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirakımızın əsas məqsədi müxtəlif ölkələrin şəhərsalma və mənzil təminatı sahəsindəki təcrübələrini öyrənmək, uğurlu modelləri bölüşmək və dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün birgə həll yolları formalaşdırmaqdır.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Uqandanın “Shelter and Settlements Alternative” (SSA) təşkilatının proqram üzrə əməkdaşı Brian Paul Odella səsləndirib.
O bildirib ki, bu forum ölkələr arasında təcrübə mübadiləsi aparmaq və qarşılıqlı öyrənmə üçün mühüm beynəlxalq platforma rolunu oynayır. Onun sözlərinə görə, Azərbaycan şəhərsalma sahəsində əldə etdiyi nəticələrlə diqqət çəkir və müsbət təcrübə nümayiş etdirir.
“Biz Azərbaycanda geniş yol infrastrukturu və piyadalar üçün rahat, əlçatan şəhər mühitinin yaradıldığını müşahidə etdik. İnkişaf etməkdə olan ölkə kimi Uqanda bu təcrübədən yararlana bilər. Azərbaycan bu istiqamətdə yaxşı bir nümunə kimi çıxış edir”, – deyə uqandalı mütəxəssis qeyd edib.