Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/03/2026

Paylaşın

TARİX

Sənət və savaş arasında çağlayan ömür – ilk snayper qadın Ziba Qəniyeva

Ziba Qəniyeva

Tarix insanların qəribə taleləri, dünyada baş verən hadisələr, döngələr, inanılmaz gedişlərlə yazılır. Hər bir insan öz taleyi ilə fərqlidir. Amma taleyini özü fərqli edənlər də az deyil. Səhnənin mərkəzindən döyüş meydanına atılan Ziba Qəniyeva kimi.

1923-cü ilin avqustunda dünyaya gələn bu qızın taleyi ilk baxışdan səhnə üçün yazılmışdı. Rəqs edirdi, səhnəni sevirdi, gözəlliyi ilə seçilirdi. Onun haqqında “Şərqin ulduzu olacaq” deyirdilər. Amma həyat bəzən ən gözəl arzuların istiqamətini dəyişir. Müharibə başlayanda səhnənin işıqları sönür, onların yerini barıt qoxusu alır.

Ziba Qəniyeva

Ziba seçim qarşısında qalmadı, o, seçimini etdi.

Moskvada teatr tələbəsi olan bu gənc qız minlərlə insan kimi cəbhəyə yollandı. Əlləri səhnə üçün yaranmışdı, amma o əllər tüfəngi də eyni qətiyyətlə tutdu. Qısa müddətdə snayperlik sənətinə yiyələndi. Gecələr maska-xalatda, səssizlik içində, hədəfin nəfəsini belə hiss edəcək qədər səbirli və soyuqqanlı olmağı öyrəndi.

O artıq adi bir qız deyildi, o, daha ölümün bir kölgəsi idi.

Cəbhədə onun adı hörmətlə çəkilirdi. O, snayper olmaqla yanaşı, rabitəçi, kəşfiyyatçı idi. Düşmən arasına keçərək məlumat ötürür, təhlükənin içindən geri dönürdü. Hər dəfə ölümün gözünün içinə baxıb geri qayıdan bir iradə idi o.

1942-ci ilin yazında baş verən döyüşlər onun taleyində xüsusi yer tutur. Bolşoye Vraqovo kəndi uğrunda gedən döyüşdə Ziba yüksəklikdən düşməni izləyirdi. Tankların hücumu ilə geri çəkilən düşmən onun üçün vətənin üzərinə gələn qaranlıq idi. Ziba atəş açdı. Sərrast, dəqiq, amansız. Sonra isə irəli atıldı. Bir anlıq belə tərəddüd etmədən düşmənin arxasına keçdi, mövqe dəyişdi, yenidən atəş açdı. Hətta yaralananda belə geri çəkilmədi.

Ziba Qəniyeva

Ziba Qəniyeva müharibə boyu 129 düşməni məhv etdi. Bu rəqəm bu gün, bəlkə də, adi bir statistika kimi görünə bilər, amma bu, yüzlərlə taleyin xilas olduğu anların sayıdır.

Onun qəhrəmanlığı təkcə səngərlərdə deyil, sözlərində də yaşayırdı. Qafqaz qadınlarına etdiyi çağırış – “Evlərimizi, uşaqlarımızı düşmənə verməyəcəyik!” – üsyan, qəhrəmanlıq idi.

Amma qəhrəmanların da bədəni var. 1942-ci ildə ağır yaralananda ölüm ona çox yaxın idi. Onu xilas edənlər isə döyüş yoldaşları və xəstəxanada ona ana kimi qayğı göstərən insanlar oldu. Bəzən insanı həyata qaytaran təkcə tibbi yardım yox, sevgidir.

Ziba Qəniyeva

Ziba geri döndü, amma əvvəlki kimi yox. Bədəni yaralı idi, amma ruhu daha da möhkəmlənmişdi.

Müharibədən sonra o, yenidən sənətə qayıtdı. “Tahir və Zöhrə” filmində şahzadə rolunu oynadı. Həyat ona bu nöqtədə “Sən yalnız döyüşçü deyilsən!” söylədi. O, alim oldu, şərqşünaslıqla məşğul oldu, dünyanı tanıdı, insanlarla bağ qurdu.

Amma içindəki döyüşçü heç vaxt susmadı.

Ziba Qəniyeva

Ziba Qəniyeva hər dəfə Bakıya gələndə Şəhidlər Xiyabanını ziyarət edirdi. Bu, onun yaddaşa verdiyi sədaqətin bir nişanəsi idi. Çünki o yaxşı bilirdi: qəhrəmanlıq unudulanda yox olur. Özü isə 2010-cu ildə o dünyadan köçdü. Ondan böyük bir iz, böyük bir xatirə qaldı.

Ziba Qəniyeva — səhnədən səngərə, sənətdən savaşın mərkəzinə gedən bir yolun adıdır. O, sübut etdi ki, qadın zərif ola-ola da güclü, incə ola-ola da sarsılmaz ola bilər.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı şəhəri Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin

Ən son

GÜNDƏM

Nizami Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıblar.

GÜNDƏM

Nizami Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıblar.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin