Bu gün Azərbaycan poeziyasının təqvimində iki söz yanaşı dayanır: poeziya və Vaqif Səmədoğlu.
Onun doğum tarixi təkcə təqvim bir gün deyil, yaşadığı dövrün ruhu, yaşantısı və ideyasıdır. Vaqif Səmədoğlu şeiri yazmırdı, şeirin içində yaşayır, onu söz-söz, misra-misra sentrifuqa kimi daxilində dövr etdirim ərsəyə gətirirdi.
Səməd Vurğunun evində dünyaya göz açmaq hər kəs üçün böyük taleyin hədiyyəsi sayıla bilərdi. Amma böyük kölgələrin altında itib-batmaq da asan idi. Vaqif Səmədoğlu isə atasının şöhrətindən yox, öz tənhalığından, öz düşüncəsindən, öz səsindən bir poeziya yaratdı. O, Səməd Vurğunun oğlu kimi yox, Vaqif Səmədoğlu kimi ədəbiyyat tarixində qaldı.
Onun şeirlərində hay-küy yoxdur. Orada dünyanın səsini dinləyən sakit bir adam var. Kədər var, amma bu kədər göz yaşı istəmir. İnsan ömrünün faniliyini anlayan, ölümün addımlarını eşidən, amma həyatı yenə də sevən bir müdrikliyin kədəridir bu.
Vaqif Səmədoğlu dünyaya həmişə bir az fərqli baxdı. Hamının gördüyü yerdə görünməyəni gördü, hamının susduğu yerdə söz tapdı. Xalq yazıçısı Anarın dediyi kimi, o, heç kimin demədiyini heç kimin ağlına gəlməyən şəkildə deyə bilirdi.
Bəlkə də buna görə onun poeziyasında hər misra adi bir fikir yox, yeni bir baxış bucağıdır.
Musiqi təhsili almışdı. Fortepianoda ifa edirdi. Amma sonralar sözlər onun ən böyük musiqisinə çevrildi. Hər şeirində ritm vardı, sükut vardı, pauza vardı. Sanki misralar not dəftərindən çıxıb kağız üzərinə köçmüşdü, musiqidən şeirə çevrilmişdi.
Onun çox yüksək və həssas yumor hissi də vardı. Hətta ölüm haqqında danışarkən belə. Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının yeganə sağ qalan üzvü olduğunu söyləyib iclasları təkbaşına keçirdiyini zarafatla deməsi də, “Hamınızı yasıma dəvət edirəm” söyləməsi də həmin qəribə Vaqif təbəssümünün ifadəsi idi. O təbəssümün arxasında isə həyatın ən ağır həqiqətlərini anlayan bir insan dayanırdı.
Ömrünün son günlərində dediyi sözlər isə bütöv yaradıcılığının xülasəsi kimi səslənir: “Ömür boyu ölümün nə olduğunu düşündüm. Bir azdan anlayacağam. Məni ağrıdan odur ki, anladığımı heç kimə deyə bilməyəcəyəm. Barı zəng etmək mümkün olsaydı…”
Bəlkə də Azərbaycan poeziyasında ölümə “zəng etmək” istəyən yeganə şair Vaqif Səmədoğlu idi.
Bu gün onun 87-ci doğum günüdür.
Bakı yenə öz səs-küyü ilə yaşayır. Küçələrdən insanlar keçir. Teatrların işıqları yanır. Kitab rəflərində onun şeirləri susur. Amma həmin sükutun içində Vaqif Səmədoğlunun səsi hələ də eşidilir: “Mən burdayam, İlahi!” “Uzaq yaşıl ada”dan gəlib, “Bir axşam taksidən payıza” düşən, o səsi duya bilən oxucusa telefonu götürüb o biri dünyaya zəng etməyə çalışır…
Xanım Aydın