Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/03/2025

Paylaşın

TARİX

Səlcuq Şahbəyim – Ağqoyunlu sarayının Dərin dövlətdəki səsi

Əbədi sevginin iki ünvanı – Qeysəriyyə örtülü çarşısı və Nəsriyyə məscidi

Tarix səhnəsində 510 il bundan öncə qüdrətli bir Azərbaycan dövləti göründü. Bu kökləri Manna, Midiya, Arata, Lulubi, Ruti, Atropatena kimi möhtəşəm dövlətlərə gedib çıxan, paytaxtı Təbriz olan Azərbaycan – Ağqoyunlu dövləti idi. Bayrağında ağ qoç şəkli təsvir olunan Oğuzların bu dövlətinin başında “Kitabi-Dədə Qorqud” dastanından tanıdığımız xanlar xanı Bayandur xanın nəslindən olan sultanlar, padşahlar dururdu. Müdrikliyi, uzaqgörənliyi, sərkərdəlik məharəti, igidliyi, diplomatik gedişləri ilə dünyanı heyrətləndirən Uzun Həsənin hökmdarlığı zamanında Ağqoyunlu dövləti möhtəşəm qələbələrə imza atmışdı. Qoşunu önündə dayananda qəddi-qaməti, uca boyu ilə hamıdan seçilən Uzun Həsən ağlı, məntiqi və siyasi gedişləri ilə şərqli və qərbli hökmdarları, kralları, kordinalları sual qarşısında qoyurdu. Bu səbəbdən də Uzun Həsənin – Həsən bəyin zamanında Ağqoyunlu dövlətinin ərazisi xeyli genişlənmiş, Şərqi Anadolu, Kür çayından cənubda olan bütün torpaqlar Ağqoyunlu dövlətinə daxil edilmişdi. Oturaq və köçəri həyat tərzi keçirən, qoyunçuluq, maldarlıq, əkinçilik, bağçılıq, ipəkçilik, bostançılıqla məşğul olan, sənət və ticarətdə ad çıxaran Ağqoyunlular məhz Uzun Həsənin zamanında qüdrətli dövlətə və orduya sahib olmuşdular. İraq, Kürdüstan, Gürcüstanın böyük hissəsi Ağqoyunluların otlaq sahələrinə, yaylaqlarına, ticarət yerlərinə, alış-veriş mərkəzlərinə çevrilmişdi.

“Həsən padşahın qanunları” adı ilə məşhur olan “Qanunnamə”ni qələmə almışdı

Dövlətini gücləndirmək, əhalisini ağ günə çıxarmaq, xəzinəni doldurmaq məqsədilə “Həsən padşahın qanunları” adı ilə məşhur olan “Qanunnamə” (müasir zamanın konstitusiyasına uyğun qanunlar toplusu – Ş.C.) Uzun Həsənin adını Azərbaycanın milli dövlətçilik tarixinə həm də ilk vergi siyasəti və ordu quruculuğu ilə bağlı qanunlar işləyən hökmdar kimi yazmışdı.

Tarixdə ilk dəfə məhz Uzun Həsənin zamanında nizamlı dövlət ordusu yaradılmışdır. Piyadalardan və süvarilərdən ibarət olan bu qüdrətli orduya təlimlər keçmək üçün Avropadan hərbçilər dəvət olunmuş, Portuqaliyadan çağrılan mütəxəssislərlə Ağqoyunlu dövlətində topçuluq sənətinin təməli qoyulmuşdur.

Yerli hakimlərin və əmirlərin özbaşınalığına son qoyan Uzun Həsən xəzinəyə birbaşa özü nəzarət etmiş, ayrı-ayrı hərbi birləşmələri nizamlı orduda birləşdirərək, orduda muzdlu xidmət prinsipini həyata keçirməklə əhalinin bütün təbəqəsinin dövlətə sədaqətli xidmətini təmin emişdir. Qılınc, şeşpər, əmud, nizə, toppuz, xəncər, yay-ox, gürz kimi ənənəvi türk silahları ilə döyüşən Ağqoyunlu ordusu müasir Avropa silahları olan odlu silahla da təchiz olunmuşdur.

Ağqoyunlu hökmdarının uğurları həm də iki qüdrətli xatunun adı ilə bağlı idi

Avropa və Asiya hökmdarlarını qüdrətli ordusu, zəngin xəzinəsi, geniş əraziləri, ali qanunlarla idarə olunan, dini tolerantlığa söykənən dövləti ilə heyrətləndirən Uzun Həsənin inamlı qələbələri həm də iki qüdrətli xatunun ağlı, iradəsi, uzaqgörən siyasəti ilə bağlı idi. Bunlar Ağqoyunlu dövlətinin çiçəklənməsi yolunda ömrünü şam kimi əridən, dünyanın ilk diplomat qadını, Uzun Həsənin anası Sara xatun və dövlətin daxili siyasətinə, saray əyanlarının işinə daim nüfuz edən ağıllı və müdrik təklifləri ilə onları istiqamətləndirən Səlcuqşah Bəyim (Uzun Həsənin xanımı) idi.

Qayınanasının yunan-Roma elçiləri, Avropa kralları, Osmanlı sultanları ilə apardığı danışıqlarda və diplomatik gedişlərdə əldə etdiyi uğurlara Səlcuqşah Bəyim dövlətin daxili siyasətində nail olmuşdu. Ağqoyunlu dövlətində həyata keçirilən iqtisadi-sosial, elmi-mədəni nailiyyətlərin çoxunda – “Həsən padşahın qanunları” adı ilə məşhur olan “Qanunnamə”nin yazılmasında, el sənətkarlarının, misgərlərin, dülgərlərin, zərgərlərin, memarların, el və dil bilicilərinin, ağır döyüşlərdə şəhid olan əsgərlərin ailələrinin himayə olunmasında Səlcuqşah Bəyimin xüsusi xidmətləri olmuşdur. Tarixi mənbələr sübut edir ki, Uzun Həsənin zamanında ölkədə elmə və abadlıq işlərinə xüsusi diqqət yetirilmişdir. Ağqoyunlu sarayında qüdrətli alimlər, sənət-söz adamları himayə olunmuş, sanballı əsərləri hökmdarın və baş xatununun – Səlcuqşah Bəyimin xüsusi qayğı və diqqəti ilə yaranmışdır. Ağqoyunlu sarayında çalışan altmışdan çox məşhur alimin, elmlərə və dillərə vaqif olan, zamanın fövqündə duran ziyalıların elmi-fəlsəfi traktatları Avropa dillərinə çevrilmiş, əsərlərinin üzləri köçürülərək dünyaya yayılmışdır.

Hökmdarın və Səlcuqşah Bəyimin tapşırığı ilə “Qurani-Kərim” türkcəyə çevrilmiş, 98 aşıqdan ibarət “Sazandalar dəstəsi” – aşıq ansamblı yaradılmışdı. Ruhunun qidasını sazda görən Ağqoyunlu hökmdarı Uzun Həsəni ağır döyüşlərdə bu aşıqlar müşayiət edər, sərkərdələri və döyüşən ordunu ruhlandırırdı.

Sonrakı illərdə biz bu müqəddəsliyi Uzun Həsənin qız nəvəsi, Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin fütühatlarında da görürük. Mövlana Məhəmməd Füzuli ilə məktublaşan, şair Həbibini, Aşıq Qurbanini, el və dil bilicilərini sarayında himayə edən I Şah İsmayıl Səfəvi döyüşlərə sinəsində saz, əlində qılınc yollanar, hər dəfə də sazın eşqinə böyük qələbələrə imza atardı.

Uzun Həsənin sevgisinə ithafı – Nəsriyyə məscidi

Ağqoyunlu dövlətini Şərqin və Avropanın qüdrətli dövlətlərindən, elm və ticarət mərkəzlərindən birinə çevirən Uzun Həsən ağlı, iradəsi, sərkərdəlik məharəti, döyüş taktikası, uzaqgörən siyasəti ilə adını fatehlər cərgəsinə yazdı. Sadiq əsgərlərini, zəhmətsevər xalqını, ona dayaq və dəstək olan, müdrikliyi, məğrurluğu ilə insanlığa, Şərqə, Türk dünuasına şərəf gətirən anası – Sara xatunu və baş xatunu Səlcuqşah Bəyimi Uzun Həsən hər zaman etirafda bulunmuşdur. O, anasının şərəfinə dünyanın ticarət mərkəzlərindən hesab olunan “Qeysəriyyə örtülü çarşısını”, “Dövlət işlərinin çoxluğundan Həcc fərzini yerinə yetirə bilmirəm”, deyib həmişə kədərlənən xatunu Səlcuqşah bəyimin eşqinə isə “Nəsriyyə” məscidinin təməlini qoymuşdur. Bununla da bu qüdrətli dövlət xadimi Peyğəmbər əleyhissalamın “Cənnət anaların ayağı altındadır” hikmətinə sayğısını nümayiş etdirmiş, bəşəriyyəti birliyə, bütövlüyə, gözəlliyə, məhəbbətə, mərhəmətə və hüdudları məlum olmayan əbədi sevgiyə səsləmişdir. 

Türkün qüdrətli sərkərdə-xaqanları, dünya fatehləri, ana siqləti, qadın ucalığı adına çoxsaylı abidələr, türbələr, məqbərələr ucaltdılar. Onların sırasında Atabəy Məhəmmədin və Şəmsəddin Eldəgizin yapdırdığı Mömünə xatun türbəsinin, Əmir Teymurun qurduğu Bibixanım məqbərəsinin, Babur şahın təməlini qoyduğu Tac-Mahal kompleksinin, Ağqoyunlu hökmdarı Həsən bəyin ruhunun qida yeri olan Qeysəriyyə örtülü çarşısının və Nəsriyyə məscidinin ayrıca yeri, məqamı var – Kəbəyə, Mədinəyə, Məkkəyə bərabər məqamı!

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin