Nəşr edilmişdir 12/10/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Səfəvilərin ən çox etibar etdiyi tayfa-QACARLAR

Mənşəyi

Beş yüz il ərzində Azərbaycan tarixində önəmli rol oynamış tayfalardan biri də Qacarlar tayfası olub. Əvvəl kiçik türk oymağı kimi formalaşan Qacarlar sonradan öz şücaətləri və siyasətləri sayəsində güclənmiş və nəhayətdə dövlət quruculuğuna qədər yüksələ biliblər.

Digər məşhur tayfalar kimi Qacarların da mənşəyi ilə bağlı bir neçə fərziyə var. Bəzi tarixçilərin fikrincə, Qacarlar Azərbaycan ərazisində yaşayan ən qədim türk tayfalarından biridir və formalaşma tarixləri Oğuz xan dövrünə qədər gedib çıxır. Sonradan Hülakü xanın ordusuna yardım edərək onlarla birlikdə Şam tərəflərinə göndərilmiş, Əmir Teymur və Qaraqoyunlular dövründə isə oradan təkrar Azərbaycana qayıtmışdılar.

Digər bir fərziyyə budur ki, qacarlar Oğuzların Bayat boyunun bir qolu olub. XVI yüzillikdə Azərbaycanın əsasən Gəncə və Bərdə bölgəsində yaşayıblar.

Bir qism tarixçilər isə Qacarları Cəlairi türkləri ilə bağlayır, Hülakü xanın dövründə İrana və Azərbaycana köçürüldüyünü və onların bir hissəsinin Anadoluya və Suriyaya köçdüyünü qeyd edir.

Fikirləri üst-üstə düşməyən tarixçilərin fərziyyələrini cəmləşdirsək, təxminən belə bir ortaq nöqtəyə gəlmək olar. Oğuz boylarından olan qacarlar hələ monqol yürüşləri ərəfəsində Azərbaycanda və Şərqi Anadoluda yaşayıblar.

Səfəvilər dönəmi

Qacarlar tayfasının aktiv siyasi fəaliyyətə qoşulması əsasən Səfəvilərlə bağlıdır. Səfəvilər dövlətinin qurulmasını təmin etmiş on iki qızılbaş tayfasından biri də Qacarlar tayfası idi. Şah İsmayıla ən sədaqətli və şücaətli tayfalardan hesab olunurdular. Qacar atlıları həmişə döyüşlərin ən aktiv hücum fazasında istifadə olunurdular.

Həmin dövrlərdə ən çox adı çəkilən tarixi şəxsiyyət isə böyük sərkərdə və tayfa başçısı Qara Piri bəy Qacar idi. Oxucularımız onun adını Fərman Kərimzadənin məşhur “Xudafərin körpüsü” və “Çaldıran döyüşü” romanlarından tanıyır. Yazıçı tarixi həqiqətlərə uyğun olaraq, Qara Piri bəy Qacarın obrazını mərd igid, qorxmaz bir şəxsiyyət kimi yaratmış və Şah İsmayıla sədaqətli bir tayfa başçısı kimi təqdim edib.

Hələ 1499-cu ildə İsmayıl Lahicanı tərk edib Ərdəbilə hərəkət edən zaman onun yanındakı sadiq Qızılbaş müridləri arasında Qara Piri bəy Qacar da olmuşdu. Deməli, Şah İsmayılın həm də ağsaqqal və himayədar kimi gördüyü əmirlərdən biri də Qara Piri bəy olub. Döyüşlərdə göstərdiyi igidliyə görə “Tozqoparan” ləqəbini almış Qara Piri bəy Qacarın süvariləri bir çox döyüşlərdə avanqard rolunu oynayırdı.

Qacar boyunun başlıca obaları Ağcaqoyunlu, Axçalu, Şam Bayatı, Yivə və İyirmidördlü olmuşdu.

Qacar süvariləri Mərv və Çaldıran döyüşlərində də çox böyük şücaətlər göstərmişlər. Qara Piri bəyin ölümü ilə bağlı isə bir neçə fərziyə var. Bir qisim mənbələr onun 1512-ci ildə Mərvdən Şimalda baş verən Qicduvan döyüşündə Şeybani xanın xələfləri tərəfindən öldürüldüyünü yazır. Bir qisim mənbələr isə Qara Piri bəy Qacarın 1514-cü ildə Çaldıran döyüşündə böyük şücaətlər göstərdiyini və döyüşün sonuna yaxın isə öldürüldüyünü qeyd qeyd edir.

Dövlətçiliyə doğru

Səfəvi dövlətinin iki yüz illik hökmranlığı dövründə Qacar eli Araz çayının sahillərində yaşayıb. Qacarlar Səfəvi şahlarına həmişə vəfalı qalıb. Qacar eli tərəfindən heç vaxt Səfəvi şahlarına qarşı etiraz, üsyan olmayıb.

I Şah Abbas Qarabağ qacarlarının bir hissəsini, əsasən, Qovanlı, Dəvəli, Şambayatı, Ziyadlı oymaqlarını Astrabada köçürmüşdü ki, dövlətin Şərq sərhədlərini qorusunlar.

On səkkizinci əsrin əvvəllərində dövlətin şərq sərhədlərini qoruyan Qacarların oradakı tayfa başçısı, Qacarların Qovanlı obasından olan Fətəli xan Qacar hətta dörd il ərzində – 1722-26-cı illərdə Səfəvi dövlətinin baş vəziri mənsəbinə qədər yüksələ bilmişdi.

Əsrin ortalarında Səfəvi dövləti süquta uğradı, əvəzində Nadir şahın qurduğu Əfşarlar dövləti meydana gəldi. Həmin dövrlərdə Qacarlara Fətəli xanın oğlu Məhəmməd Həsən xan başçılıq edirdi.

Nadir şahın ölümündən sonrakı siyasi çəkişmələr dönəmində Məhəmməd Həsən xan Qacar ölkədəki qarışıqlıqdan istifadə edib, keçmiş Səfəvi dövlətinin ərazilərini birləşdirmək qərarına gəldi.

Nadir şahın xələfləri arasında qarşıdurmalar getdiyinə görə onlar birləşərək, Qacar qüvvələrinin qarşısına çıxa bilmədilər. Məhəmməd Həsən xan çoxsaylı müharibələrdə həm ölkədəki əfqan qüvvələrini, həm də əfşarları məğlub edə bildi, lakin yeni qüvvə kimi baş qaldıran Fars hakimi Kərim xan Zənd ilə üz-üzə qaldı.

Kərim xanla bir neçə döyüşdən sonra Məhəmməd Həsən xan Astarabada geri çəkilərkən xəyanət nəticəsində qətlə yetirildi. Onun oğlu Ağa Məhəmməd uzun illər Kərim xan Zəndin əsiri oldu.

Ağa Məhəmməd şah Qacar

Kərim xan Zəndin yanında “fəxri qonaq” qismində saxlanılan ağa Məhəmməd bütün yeniyetməliyini boş yerə yelə vermədi, öz elm-savadını artırmağa həsr etdi, mədrəsəyə getdi, biliklərə yiyələndi.

Kərim xan Zənd 1779-cu ildə öldürüldükdən sonra yenidən ölkədə feodal müharibələri başladı. Ölkənin uçuruma sürükləndiyini görən Ağa Məhəmməd əvvəlcə kiçik qoşunla mübarizə meydanına atıldı. Təxminən on il ərzində öz qüvvələrini artırdı, digər türk oymaqlarını da Qacarların ətrafında topladı və nəhayət bütün keçmiş Səfəvi torpaqlarını birləşdirib dövləti yenidən bərpa edə bildi. 1885-ci ildə taxta çıxıb Qacarlar dövlətinin yarandığını elan etdi.

Ağa Məhəmməd şah Qacar uzun illər ərzində sovet tarixşünaslığında Azərbaycanı işğal etməyə çalışan bir İran diktatoru kimi təqdim edilirdi. Lakin əslində, bir türk hökmdarı olan Ağa Məhəmməd şah sadəcə xələfi olduğu Səfəvilər dövlətinin torpaqlarını yeni dövlət birləşdirməyə çalışırdı. Arazın şimalındakı xanlıqlara hücumlarının səbəbi də bu idi. Həm də artıq Rusiya imperiyasının Qafqaza ekspansiyası başlanmış, Gürcüstan knyazlıqları Rusiyaya birləşməyə hazır idi. Ağa Məhəmməd Şah başa düşürdü ki, Qafqaz dağlarını adlayan Rus imperiyası qoşunlarının qarşısına sədd çəkilməsə, ekspansiya davam edəcək. Buna görə də imperiya qoşunlarını yenidən Qafqazların şimalına qovmaq fəaliyyət başladı.

Qısa zaman ərzində Gürcü hərbi qüvvələrini məğlub edib Tiflisi, daha sonra isə İrəvanı ələ keçirtdi, Cənubi Qafqazda öz hökmünü möhkəmlətdi.

Lakin Ağa Məhəmməd şahın Xorasana yürüşündən istifadə edin ruslar Platon Zubovun rəhbərliyi altında yenidən Qafqaza qoşun yeritdilər.

Buna cavab olaraq Ağa Məhəmməd Şah Arazın şimalına ikinci böyük yürüş hazırladı, lakin bu yürüşün əvvəlində Şuşa qalasında xəyanət nəticəsində qətlə yetirildi.

Onun ölümündən sonra da Qacar hökmdarları rus imperiyası qüvvələriylə Qafqaz uğrunda onillilər boyu müharibələr apardılar. Bu müharibələrdə Qacar şahzadəsi olan gənc sərkərdə Abbas mirzənin xüsusi şücaəti olmuşdu.

Lakin hərbi texniki cəhətdən Qacar ordularından daha üstün olan, müasir texnikaya malik rus imperiyası qoşunları nəhayət ki 19-cü əsrin birinci yarısında Cənubi Qafqazı Qacarlar səltənətindən tam qoparıb Rusiya imperiyasına qapa bildilər.

Ziyadoğlu qolu

Qacarlar tayfasının Azərbaycanda qalan Ziyadlı oymağının bir qolu Qarabağda (Gəncədə), bir qolu Çuxursəddə (İrəvanda) hakimiyyətdə olub. Gəncə ziyadlıları tarixşünaslıqda Ziyadoğlu kimi tanınırlar.

Qarabağ və Gəncə əraziləri Ziyadoğlu-Qacarların irsi bəylərbəyliyi kimi 300 ilə qədər onların nəzarətində qalmışdı. Yalnız Qarabağda müstəqil xanlıq yaranandan sonra Ziyadoğlu-Qacarlar yalnız Gəncə hakimiyyətini əllərində saxlaya bilmişdilər.

Səfəvilərin hökmranlığının son əsrində Qacarların Azərbaycanda qalan qollarına Məhəmmədqulu xan, Uğurlu xan, Kəlbəli xan, Şahverdi xan başçılıq etmişdilər.

1747-ci ildə Nadir şahın qətlindən sonra, Şahverdi xan Ziyadoğlu-Qacar güclənərək Gəncə və Qarabağda hakimiyyətini qurmağa başlamışdı.

Əvvəlcə Şahverdi xan, daha sonra onun oğlu Cavad xan həmin dövrlərdə Azərbaycandakı feodal çəkişmələrində iştirak etməyə məcbur olmuşdu. Gəncə xanları gah Qarabağ və Şəki xanları ilə, gah da Gürcüstan çarları ilə daimi müharibələr aparır, beləcə öz güclərini tükəndirirdilər. Məhz buna görə də rus imperatorunun qoşunları Qafqaza gələndə, Azərbaycan xanları onlara qarşı birləşmiş cəbhə qura bilmədilər. Ziyadoğlu-Qacar xanlarının son hökmdarı Cavad xan isə Gəncənin müdafiəsi zamanı son damla qanına qədər döyüşdü və Gəncənin qala divarları qarşısında öldürüldü.

Epiloq

XIX əsrin əvvəllərində Şimali Azərbaycan Qacarlar səltənətinin tərkibindən çıxsa da, Səfəvilər dövlətinin qalan bütün əraziləri Qacarların hakimiyyəti altında qaldı. Qacarların bir əsrlik hakimiyyət dövründə Cənubi Azərbaycan məmləkətin ən əsas bölgəsi hesab olunurdu. Təbrizə vali olaraq mütləq şəkildə Qacarların vəliəhd şahzadəsi göndərilirdi. Ölkənin hakim məmurlarının da böyük hissəsini məhz Azərbaycan türkləri təşkil edirdi.

Yalnız XX əsrin əvvəllərində ard-arda baş verən bir neçə inqilabi hərəkatdan sonra Qacarlar səltənəti süquta uğradı, əvəzində fars mənşəli Pəhləvilər sülaləsi hakimiyyətə gəldi.

Related Stories

İlqar Fəhmi-şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gündən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC təşkilatçılığı ilə Bakıda sayca 7-ci “Kənddən Şəhərə”

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Alborz Tibb Elmləri Universitetinin alimləri fastfud ilə depressiya riski arasında əlaqənin olduğunu aşkarlayıblar.Baki-baku.az bu barədə

GÜNDƏM

Yerə 10 mərtəbəli bina ölçüsündə nəhəng asteroid yaxınlaşır.Baki-baku.az bu barədə NASA alimlərinin verdiyi məlumata əsasən

GÜNDƏM

Azərbaycan ərazisində dekabrın 23-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin