Nəşr edilmişdir 10/08/2024

Paylaşın

KÖŞƏ YAZILARI

“Rus Dramı” binasının tarixi

rus dram teatri

1870-ci illərdə Molokanskaya 7 (indiki Xaqani) və Praçeçnaya (indiki Qoqol) küçələrinin küncündə “br Fedotovlar və Pavlovlar” şirkətinin sahiblərindən biri olan tacir İvan Fedoroviç Fedorov-Loskutova məxsus birmərtəbəli daş bina tikildi.  Binanın ümumi sahəsi təxminən 185 kvadratmetr idi və həm yaşayış mənzillərini, həm də pərakəndə satış sahələrini əhatə edirdi.

“Br. Fedotovlar və Pavlovlar” o dövrdə Nobel qardaşları şirkətindən sonra ən böyük və uğurlu şirkət hesab olunurdu. Lakin 1885-ci ildə firma iflasa uğradı və Molokanskaya küçəsində adıçəkilən bina da daxil olmaqla bütün əmlakı hərraca çıxarıldı. Qeyd edilən ünvanda yerləşən binanı Bakı taciri Hacı Haşim bəy Kərimov aldı.

Eli heyder bey kerimov

Atasından fərqli olaraq, oğlu Əliheydər yaxşı təhsil almışdı və qeyri-adi yeniliklər etmək hobbisi vardı. O, Yaponiya və Çinə səyahət etmişdi. Bu da onun dünyagörüşünə və hədəflərinə əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Əliheydər səyahətdən Vətənə qayıdandan sonra köhnə anbarı yapon-Çin memarlığı üslubunda paqodaya (Uzaq Şərq memarlığında geniş yayılan, hər mərtəbəsinin karniz-damı olan çoxmərtəbəli tikili – red.) çevirməyə qərar verdi. Bu, sadəcə, yenidənqurma deyil, anbarı Molokan bağına baxan bənzərsiz bir binaya çevirən əsl stilizasiya idi. Beləliklə, Əliheydər sadə şeylərdə gözəllik görmək bacarığını nümayiş etdirərək yerli sakinlərin cazibə mərkəzinə çevrilən bənzərsiz bir bina yaratdı.

Layihə Əliheydərin öz vəsaiti ilə yanaşı, qayınatası – geniş torpaq sahələri olan, onun ideyasını bəyənən Mənsurov Məşədi Süleyman bəy Məşədi Məlik-Məmməd bəy oğlunun da maddi dəstəyi ilə həyata keçirildi.

“Mikado” (yaponca fəxri, uca anlamı verir) 1916-cı ilin 26 dekabrında açıldı. Bina rəsmi olaraq “Mikado” – böyük bədii kino-teatrı adlandırıldı. O zamanlar kinolentlərin nümayiş olunduğu teatrları məhz kino-teatr adlandırır və bu söz defislə yazılırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) “Mikado” binasında “Pel-mel” (qat-qarışıqlıq, nizamsızlıq, necə gəldi mənasında işlədilir) klubu fəaliyyət göstərdi. Bura həm klub, həm də teatr idi.  

Mikado

1920–1923-cü illərdə binada yeni yaradılan və sovet təbliğatına xidmət edən Bakı Azad Tənqid və Təbliğ Teatrı fəaliyyət göstərdi. 1923-cü ildə teatrın adı dəyişdirilib “Bakı İşçi Teatrı” qoyuldu. Məhz bu kollektiv sonradan Azərbaycan Dövlət Rus Dram Teatrı ismini daşıyacaqdı…

“Satirik təşviqatçı” 1920-ci ildə siyasi təşviqat məqsədilə proletar yoxsulları üçün kiçik formalı bir teatr olaraq quruldu. V.Z.Şveytserin rəhbərliyi altında teatr N.F.Balievin “Yarasa” teatrı truppasının qalıqları və inqilabi hökumət tərəfindən ləğv edilmiş “Momus” teatrının kollektivi əsasında yaradıldı. 1926-cı ildə “Bakı Fəhlə Teatrı” adlandırıldıqdan sonra truppa Odessa, Moskva və İrkutsk da daxil olmaqla müxtəlif şəhərlərdən olan aktyorlarla formalaşdırıldı. Teatr V.Z.Şveytserin rəhbərliyi altında fəaliyyətini davam etdirdi və Zaqafqaziya Teatr Birliyinə daxil oldu. Yaradıcı kollektiv öz işini Moskvanın Meyerhold Teatrında hazırlanmış neorealizm sisteminə bənzər “əsl konstruktivizm” olaraq təyin etdi…

Teatrın binası 1928-ci ilə qədər toxunulmaz qaldı və o, qeyri-adi memarlığı ilə zövqləri oxşayırdı. Ancaq həmin ildə binanın Sovet konstruktivizmi ruhunda yenidən qurulmasına qərar verildi. Yenidənqurma nəticəsində bina daha çox fabrikə və ya həbsxanaya bənzəyən yöndəmsiz bir görünüş əldə etdi. Köhnə tağlı pəncərələr bağlandı, qapılar zərifliyini itirdi. İkinci mərtəbənin pəncərələri yox edildi. Üçüncü mərtəbəni yuxarıdan dördüncü mərtəbəni göstərən bir divarla örtdülər. Paqodanın yerləşdiyi bucaq üçbucaqlı düyünə çevrildi…

1937-ci ildə teatr “Azərbaycan Dövlət Qırmızı Bayraq Rus Dram Teatrı” adlandırıldı. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra teatr binası əsaslı təmir edildi. 1956-cı ildə teatr yeni bir ad aldı – Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı. Ancaq bir müddət sonra binanın əsaslı təmirə ehtiyacı olduğu üzə çıxdı.

1962–1964-cü illər arasında bina İvan Sarkisov və Xanım Rəhmanovanın rəhbərliyi ilə “Azqosproyekt”in tərəfindən tam yenidən quruldu. Binanın görkəmi köklü şəkildə dəyişdirildi. Sovet modernizmi ruhunda hazırlanmış bina özünəməxsusluğunu itirdi və tipik Mədəniyyət evlərinə bənzəyən standart kvadrat və düzbucaqlı bir quruluşa bənzədi. 1980-ci illərdə binanın fasadın əl gəzdirilsə də, orijinal görünüşünü qorunub saxlanıldı.

2006-cı ilin sentyabrında teatr əsaslı təmir üçün bağlandı. Memarlıq dəyişikliklərinə əlavə olaraq bina daxili texnologiya və tamaşaçı imkanları ilə tamamlandı.

Rus dram teatri

26 may 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Dövlət Rus Dram Teatrı binasının bərpa və yenidənqurmadan sonra açılış mərasimində iştirak etdilər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Xoreoqrafiya Məktəbinin və dram studiyasının gənc məzunları sayəsində teatrın yaradıcı heyətinin tərkibi əhəmiyyətli dərəcədə dəyişib. Teatr tamaşaçıları cəlb etmək və rus dilində dramaturgiya əsərlərini populyarlaşdırmaq üçün yeni repertuar planları üzərində işləyir, bir-birindən maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gəlir.

2019-cu ildə “akademik” statusu alan Azərbaycan Dövlət Rus Dram Teatrının binası tarixin müxtəlif mərhələlərində dəyişikliklərə məruz qalsa da, yenə də paytaxtımızın mədəni simvollarından biri kimi tarixi əhəmiyyətini qoruyub saxlayır.

Related Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

Moda sənayesinin ən çox gözlənilən hadisələrindən biri Paris Moda Həftəsi bu il qalmaqalsız ötüşməyib.Baki-baku.az bu

XƏBƏRLƏR

Gözəl görünmək və sağlam olmaq üçün arıqlamaq, demək olar ki, hər bir kəsin arzusudur. Bundan

XƏBƏRLƏR

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, ayrı-ayrı