Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/19/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Qüdrətli məktəblər görən, özü də məktəb olan Alim

Aida İmanquliyevanın irsi haqqında bilmədiklərimiz 

Ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, Bakı Dövlət Universitetinin professoru kimi tarix yaradan şərqşünas-alim Aida xanım İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda “Bakı və Baku” qəzetlərinin qurucusu, professor Nəsir İmanquliyevin və soy-kökü, şəcərəsi ilə əfşarlara, qacarlara, Şamaxı əsilzadələrinə, Zəngəzur bəylərinə bağlı olan Gövhər xanım Sultanzadənin ailəsində dünyaya gəldi. Bakının məşhur 132 saylı orta məktəbini bitirdikdən sonra Cümhuriyyətdən nişanə, o dövrün tək və yeganə Universitetinə daxil oldu. 

Aida xanım 1962-ci ildə ali təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Yaxın Şərq xalqları ədəbiyyatı tarixi” kafedrasından aspiranturaya daxil oldu. Şərqşünas alim Rüstəm Əliyevin rəhbərliyi ilə “Qələmlər cəmiyyəti” və Mixail Nüaymənin onun yaradıcılığında rolu” mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başladı. 

XIX-XX yüz illərdə Cənubi Amerikaya mühacirət etmiş Suriya və Livan ədiblərinin yaradıcılığına həsr olunan bu monoqrafiyada  əsas məqsəd “ərəb-məhcər ədəbiyyatı”nın bu  qatı ilə bağlı faktları bir araya toplamaq və bu ədəbiyyatı yaradanları dünyaya tanıtmaq idi. İşin əhatə dairəsinin genişliyi, mənbələrin qıt olması gənc tədqiqatçını Bakını Moskvaya dəyişməyə məcbur edir. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olunan Aida xanım Şərqin məşhur bilicilərindən biri hesab olunan İosif Braginskinin rəhbərliyi ilə dissertasiyasını tamamlayır. 

1966-cı ilin martında Aida xanım hər iki məşhur elmi rəhbərinin – Rüstəm Əliyev və İosif Braginskinin xeyir-duası ilə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alır.

Harada ki, sülh var, xeyir var, məhəbbət var, orada Allahın özü var

Şərqdən Qərbə, Latın Amerikasına müraciət edən ədiblərin yaradıcılığını tədqiq etməklə onların əsərlərində qoyulan ideyaları müdafiə etməklə Hüseyn Cavid, Cübran Xəlil Cübran kimi  ədiblərin əsərlərindəki müştərək ideyaların eyni ağrıdan boy aldığını, eyni amala xidmət etdiyini elmi əsaslarla sübut etməklə mənəvi dəyərlərimizə sahib çıxmış olur. Şübhəsiz ki, bunun başlıca səbəbi Aida xanımın mənsub olduğu xalqın, millətin söykəndiyi dəyərlər, yaşadığı gerçəklər idi. Bu gerçək adi gerçək deyildi. “Harada ki, sülh var, xeyir var, məhəbbət var, orada Allahın özü var” deyib Allahsız və mədəniyyətsizcəsinə məscidləri klublara, anbarlara çevirən, “allahsızlar partiyası” yaradıb ciblərə “allahsız knişkası” qoyan quruluşa etiraz idi. Ziyalının, alimin, müəllimin, böyük mənada isə Vətəndaş, Alimin etirazı idi.  

Tədqiq etdiyi ədiblərin yaradıcılıqları ilə bağlı elmi fikirlər irəli sürüb monoqrafiyalar yazmaqla bərabər, “Dünyanın dərki əslində qəlbin dərinliklərindəki gizli qatların oyanışı sayəsində mümkün olur” deyən Aida xanımın şərqşünas alim kimi ən böyük uğuru onda idi ki, o, dövrün, mühitin ictimai-siyasi xəritəsini çəkir, ədəbi-bədii, fəlsəfi mühitlərin mənzərəsini yaradırdı.  Bu gün demokratik dəyərlərin inkişaf etdiyi, açıq sözün söyləndiyi bir zamanda bu fikirləri söyləmək çox adi, bəlkə də, adidən də adi görünə bilər. İnformasiya  texnologiyalarının o qədər də inkişaf etmədiyi, sərhədlərin qapalı, ideya döyüşlərinin, soyuq müharibənin tüğyan etdiyi 60-cı illərdə  bu fikirləri söyləmək o qədər də asan deyildi.  

Amerikaya, Fransaya, Türkiyəyə və Avropanın başqa  yerlərinə mühacirət etməklə ruhlarını Vətənə əmanət edən ərəb yazarları Vətən sevgisinə, azadlıq eşqinə söykənib yaşadıqları kimi, Aida xanım da qələminə söykənib qoca Şərqə 60-cı illərdən şərqilər söyləyir: “Qələmlər Birliyi” ilə Avropaya, Latın Amerikasına müsəlman mədəniyyəti və dəyəri gətirən ərəb fədailərinin haqq səsinə dönən, Mixail Nüaymə irsinin carçısına çevrilərək söyləyirdi: “Mixail Nüaymə yeni həyat quruculuğu prosesinə böyük enerji, heyrətamiz fədakarlıqla qoşulan və bu hərəkatda öz tarixi keçmişinin özünəməxsusluğunu və zənginliyini unutmayan ərəb ziyalılarının ən qabaqcıl, həssas və istedadlı oğulları sırasında olmuşdur”.  

“Mixail Nüaymə və “Qələmlər Birliyi” monoqrafiyasından sonra Aida xanımın ikinci ən böyük əsəri 1975-ci ildə işıq üzü görmüş “Cübran Xəlil Cübran” monoqrafiyasıdır. Uzaq Amerikada – Nyu-Yorkda ərəb ziyalılarını birləşdirən ideya və məfkurə birliyindən söhbət açan Aida xanım Cübran Xəlil Cübranın da yaradıcısı, qurucusu olduğu cəmiyyətin əhəmiyyətindən danışarkən qeyd edir:  “Bu cəmiyyətin yaranması yeni ərəb mədəniyyətinin inkişafında görkəmli rol oynayan təzə və böyük ədəbi məktəbin meydana gəlməsi demək idi”.

Ərəb-məhcər ədəbiyyatı ilə bağlı sanballı mənbə yaratmış oldu

Aida xanım Şərqin bu istedadlı qələm və fırça sahibinin haqqa xidmətdə bulunduğunu söyləyir. O, Cübran Xəlilin bu sahədəki xidmətləri barədə qeyd edir: “Cübran Xəlil Cübran hansı məsələdən danışırsa danışsın, o, həmişə mütəfəkkir, böyük sənətkar, söz ustası və öz xalqını, bütün bəşəriyyəti hədsiz dərəcədə sevən bir insan olaraq qalır”. Aida xanım bütün ömrünü həsr etdiyi “Müasir ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyası ilə yeni bir dünya – ərəb ədəbiyyatı ilə bağlı sanballı mənbə yaratmış oldu. 1992-ci ildə işıq üzü görən kitab bu böyük alimin elmi ictimaiyyətə təqdim etdiyi son əsər olsa da, möhtəşəm idi.

Şərqşünas alim kimi arxada qoyduğu 30 ilə abidə ucaldan Aida xanım ərəb ədəbiyyatı korifeylərinin fikirlərini, düşüncələrini tədqiqata cəlb edə-edə özü də onlardan olurdu. Akademik üslubdan çox elmi, bədii, publisistik ruha köklənən Aida xanım bu əsəri ilə özünün təkcə alim, şərqşünas obrazını deyil, şair, yazıçı, mütərcim obrazını cücərtdi.

Onun bu qüdrəti ərəb məhcər ədəbiyyatının müxtəlif sahələrinə həsr olunmuş məqalələrində, şəxsən özünün təşkil etdiyi konfrans və simpoziumlarda təsdiqlənirdi. Şərqşünas alimlər Ziya Bünyadov, Vasim Məmmədəliyev, İosif Braginski, İrina Bılik, Anna Dolinina, Aleksandr Kudelin, Valeriya Kripçenko, İsak Filiştinski, Olqa Frolova, Malik Qarayev dəfələrlə onun fikirlərinə şərik çıxırdılar. 

Bir vaxtlar təhsil aldığı Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb filologiyasından mühazirələr oxuyan Aida xanım  pedaqoq alim kimi Azərbaycan, ərəb, rus və Avropa ədəbiyyatlarının müqayisəsini verir, biri digərindən qidalanaraq formalaşan bu ədəbiyyatların bəşəriyyətə bəxş etdiyi dəyərlərdən soraqçı olur, ərəb ədiblərinin əsərlərinin tərcümə olunmasını ədəbi-mədəni əlaqələrimizin inkişafında körpü hesab edirdi. Aida xanım ömrünün 30 ilini təmənnasız sərf etdiyi, məhəbbətlə bağışladığı şərqşünaslıq elmində öz möhürünü vurdu. Adını Azərbaycanın və dünyanın tanınmış şərqşünaslarının, ərəbşünas alimlərin cərgəsinə yazdı.

Məhəbbət və gözəllik, ağıl və kamal elə mənəvi işıqdır ki, qəlbi nurlandırır

Tanrının ona bəxş etdiyi istedadın, zahiri və batini kamilliyin, gözəlliyin işığını elmimizin üstünə salan Aida xanım əhatəli yaradıcılığı ilə “Ərəb filologiyası məsələləri”, “Yaxın və Orta Şərq”, “Sovet şərqşünaslığının problemləri və perspektivləri”, “Şərqin problemləri: tarix və müasirlik”, “Romantizmin problemləri və Şərq” adlı əsərləri və  məqalələri ilə  Şərqin təkcə ədəbi-fəlsəfi baxışlarına deyil, ictimai-siyasi quruluşuna, yaşam tərzinə də aydınlıq gətirdi.

Sent Bövün bioqrafik, İppolit Tenin mədəni, Vilhelm Dilteyin mənəvi tarixi, Yunqun analitik psixoloji, Bartın strukturalizm metodlarından, Şərqin böyük filosofu, düşüncə sahibləri – Nizami Gəncəvinin İnsan sevgisindən, Məhəmməd Füzulinin İlahi eşqindən, İmadəddin Nəsiminin “Haqq mənəm, Haqq  məndədir” ucalığından, rus klassiklərinin, Mirzə Fətəli Axundzadənin maarifçilik ideyalarından, Cəlil Məmmədquluzadənin realizmindən, Məhəmməd Hadinin romantizmindən keçərək özünün bütöv Dünya Modelini yaradan professor Aida İmanquliyeva ictimai, fəlsəfi sistemlərin mövcud olduğu elm, mədəniyyət, mənəviyyat və düşüncə səmasında Ağlının, Məntiqinin ulduzu ilə parladı.

Onun cismani yoxluğunu 1992-ci ilin payızından, sentyabrın 19-dan hesablayırlar. Əslində o, hər yazısından sonra bir dəfə mələklər kimi köç edir, sonradan yazı masasına qayıdıb bir başqa nəğmə oxuyur, dastan bağlayırdı. Yarım əsrdən azca çox, qısa, lakin mənalı ömür yolu ilə örnəyə çevrilən, əcəl şərbətini Şərqin qüdrətli sənət-söz adamları, fikir və düşüncə sahibləri kimi eşq badəsindən içərək ölümsüzlüyə qovuşan, “Məhəbbət və gözəllik, ağıl və kamal elə mənəvi işıqdır ki, qəlbi nurlandırır”, deyən elmi əsərləri, daxili və zahiri gözəlliyi ilə nümunəyə çevrilən, ömrünün yarısından çoxunu həsr etdiyi əsərləri ilə dəyərlərin əyarına çevrilən Aida xanım Şərqlə Qərbin ortaq dəyərlərinin aynası olan əsərlərində yaşayır. Bu məqamda ünvanına səsləndirmək istədiyim bir fikir var. Qərbli filosof   Emerson deyir: “Dahilərin bioqrafiyası qısa olur, çünki onların bütün həyatı yaradıcılığındadır”…

 “İnsanın etdiyi xeyirxahlıq zahiri mərasimlərə riayət etməkdən yüksəkdə durur və buna görə onu mükafatlandıran Allah üçün daha əziz, daha istəniləndir” kəlamı ilə yerin və göyün mükafatına, Tanrının lütfünə layiq görülən Aida xanım indi həm də övladlarının, nəvələrinin ictimai-siyasi, elmi-pedaqoji, publisistik fəaliyyətində, bir də yetirmələrinin xatirələrində yaşayır. Hər kəs xatirələrdə qalmır, xatirəyə çevrilmir. Hər bir insana, alimə, müəllim və ziyalıya da Aida xanım kimi sevgi dolu xatirələrlə anılmaq, yada salınmaq qismət olmur.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Споры между работниками и работодателями чаще всего возникают из-за нарушения трудовых прав

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Saç insanın xarici görünüşündə ən önəmli amillərdən biridir. Onun sağlam, parlaq və sürətli uzanması isə

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Saç insanın xarici görünüşündə ən önəmli amillərdən biridir. Onun sağlam, parlaq və sürətli uzanması isə
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin