Barselonada yerləşən və XIX əsrdə tikintisinə başlanmış məşhur Saqrada Familiya kilsəsinin inşası artıq son mərhələyə yaxınlaşır.
Baki-baku.az xəbər verir ki, əsas tikinti işlərinin 2026-cı ildə – görkəmli katalon memarı Antoni Qaudinin vəfatından düz 100 il sonra başa çatdırılması planlaşdırılır.
Hazırda mütəxəssislər mərkəzi qüllənin – İsa Məsih qülləsinin inşasına fokuslanıblar. Qüllənin hündürlüyü 172,5 metr olacaq ki, bu da Saqrada Familiyanı Avropanın ən hündür məbədi edəcək və Qaudinin özü tərəfindən nəzərdə tutulmuş memarlıq kompozisiyasını tamamlayacaq.

Kilsənin tikintisinə 1882-ci ildə başlanıb və onilliklər ərzində ciddi çətinliklərlə üzləşib. İspaniyada vətəndaş müharibəsi, iqtisadi böhranlar və maliyyə çatışmazlığı səbəbindən işlər dəfələrlə dayandırılıb. Son illərdə isə koronavirus pandemiyası tikinti tempinin azalmasına səbəb olub.
Bu gün Saqrada Familiya dünyanın ən çox ziyarət edilən görməli yerlərindən biridir. Tikintinin əsas maliyyə mənbəyi turistlərə satılan biletlərdən əldə olunan vəsaitdir. İnşaat başa çatdıqdan sonra kilsə fəaliyyət göstərən məbəd kimi fəaliyyətini davam etdirəcək və UNESKO-nun Dünya İrsi obyekti statusunu qoruyub saxlayacaq.
Gözlənilir ki, bu çoxəsrlik layihənin tamamlanması ilin ən mühüm mədəni hadisələrindən birinə çevriləcək və bütün dünyada milyonlarla insanın diqqətini cəlb edəcək.
Murad Muxtarov