Qurtuluş savaşında ilk tarixi qələbəsini Qarsın Ocaq köyündə əldə edən, 1072-ci ildə Səlcuqluların Osmanlıda, Ocaq köyündə yapdığı məsciddə imam olaraq namaza duran Kazım Qarabəkir Paşa Qars qalasını işğaldan azad etdiyi gün – 1920-ci il oktyabrın 10-da Cümhuriyyət bayrağını qaladan asaraq özgürlüyün rəmzinə döndü.Qurtuluş savaşında yüzlərlə şəhər, kənd, el, oba azad etməsinə, qalalardan istiqlal bayraqları asmağına baxmayaraq onun üşün həmişə “Şərəfim və Kəfənim”- deyib əziz bildiyi bir müqəddəslik oldu: Qars qalasına sərilən Bayraq! Azərbaycanın qurtuluş savaşında, erməni daşnakları davasında Naxçıvanda, Zəngəzurda Andranikin, Ozanyanın quldur dəstələrini darmadağın edən, erməni soyqırımına son qoyanların, Naxçıvan Milli Şurasının sədri Mirzə Nəsrulla bəy Əmirov, Laçınlı Sultan bəy, Xosrov bəy Sultanov, Səməd bəy Mehmadarov, Nuru Paşa kimi tarixi şəxsiyyətlərin sırasında yer alan, Odlar Yurdu Azərbaycanın müqəddəratının həll olunduğu günlərdə süngüsünə sipər olan “Mənin tanıdığım Naxçıvan fədakardır, mərddir” nidası ilə adını qəlbimizə yazan IX İslam Ordusunun komandanı Nuru Paşa Naxçıvan səfərində İbn Küseyr türbəsini ziyarət zamanı qoynundan çıxardığı Bayrağı öpərək gözlərinin üstünə qoymuş: “Bu mənim Qars qalasından asdığım Bayraqdır. Qars şərəfim, Qars qalasından asdığım Bayraq isə kəfənimdir!” Onu bu türbəyə də sərə bildiyim üçün, Tanrıya şükran duyğularımı dilə gətirirəm. Naxçıvan bizim Vətənimizin bir parçasıdır, daşnaq işğalından azad olunması hər bir türkün qürur məsələsi idi.”
Kazım Qarabəkir Paşanın cənazə törənində onun Qars, Qars qalası, Bayraq sevdası, Naxçıvan səfəri ilə bağlı əhvalatlardan xəbəri olmayanlar “Qosqoca Paşanın tabutuna yeni Bayraq ala bilmədinizmi?” –deyə törən təşkilatçılarına irad bildirib, sual edənlər şübhəsiz ki, onun tarixi vəsiyyətindən xəbərsiz idilər.Türkün qüdrətli sərkərdə-xaqanları ömrü boyu Ordunun önündə getdi, qüdrətli dövlətlər, imperiyalar qurdu. Qurtuluş Savaşı milli dövlətçilik tariximizdə növbəti xaçlı yürüşü önündə sipərə çevrilən haqq davası idi. Kazım Qarabəkir Paşa da digər sərkərdələr kimi bütün savaşlarda ordunun önündə getdi. İlk güllə yarasını da, o Qarsda, Ocaqlı köyündə aldı. Bütün savaşlard ürəyinin başında gəzdirdiyi Qurtuluş savaşına çıxdığı Bayraqda bir xal vardı. O, Qarsdan, Ocaqlı savaşından nişanə idi. Paşa yaralanan zaman al qanının bir damcısı ona sıçramışdı. Qars, Qars qalası, Ocaqlı köyü Paşanın, Kazım Qarabəkir Paşa və onun igid əsgərləri 1918-ci ildə Odlar Yurdu Azərbaycanın, Naxçıvanın, Zəngəzurun, Güney Azərbaycanın xilaskarı kimi tarix yaratmışdı. Anadolu, Qars Çaldıran döyüşündən sonra Səfəvilər dövlətindən alınıb Osmanlıya qatılmışdı. “Əzizinəm Qars ayaz, bura qışda Qars ayaz. Qələm qurbanın olum qismətimi Qarsa yaz” bayatısı o zamanlardan nişanə olaraq yaddaşdan-yaddaşa ötürülmüşdü.
Kazım Qarabəkir Paşa Qars qalasına və İbn Küseyr türbəsinə sərdiyi Bayrağa büküldü. Öz istəyi, vəsiyyəti ilə. Qars da, Qars qalası da, Kazım Qarabəkir Paşa da bizim taleyimizdi. “Qars bəyannaməsi”ndən “Şuşa bəyannaməsi”nə körpü olan, Nəriman Nərimanovun “Şərqin Qapısı”, Qazi Mustafa Kamal Paşa Atatürkün “Türkün qapısı” adlandırdığı Naxçıvan, Zəngəzur dəhlizi, Beynəlxalq Əməkdaşlıq naminə “Tramp marşrutu” Tanrıdan tale payımız, alın yazımız olduğu kimi.
Şərəf Cəlilli