Əmir Teymurun ordusuna meydan oxuyan Qaraqoyunlular
Milli dövlətçilik tariximizdə mühüm mərhələ olan Qaraqoyunlular İmperiyası bir türk azərbaycanlı olaraq, həm də qüdrətimizin, əzəmətimizin, dövlətçilik əzmimizin bəlgəsi kimi tarixdə qaldı. Teymurlular, Şirvanşahlar kimi qüdrətli imperiyalarla cəngi-cidalarda özünü ayaqda saxlamaqla kifayətlənmədi, ondan sonra qurulan Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli türk-Azərbaycan dövlətlərinin örnəyinı çevrildi.
XIV əsrin ortalarında Hülakülər İmperiyası dağıldıqdan sonra Azərbaycan torpaqlarının cənubunda moğol mənşəli Çobanilər və Cəlayirilər dövlətləri yarandı. Bu dövlərdə Azərbaycanın şimalında Şirvanşahlar dövləti hökmranlıq edirdi. Bundan başqa, Azərbaycanın müxtəlif yerlərində ayrı-ayrı xırda hakimliklər yaranmışdı ki, bunlardan biri də Qaraqoyunlu bəyliyi idi.
Bəyliyin əsasını qoyan Bayram Xoca Oğuz türklərinin Yıva boyunun Baharlı elindən idi. Ona görə də bəzi mənbələrdə Qaraqoyunlular “Baharlılar” formasında da qeyd olunublar. Tayfa başçısı olan Qara Mansurun oğlu Bayram Xoca Qaraqoyunlu sülaləsinin əsasını qoymaqla milli dövlətçilik tariximizdə yeni bir səhifə açdı. Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, moğol yürüşləri zamanı Mərkəzi Asiyadan Şərqi Anadoluya köç edən Qaraqoyunlular XIV–XV əsrlərdə Yaxın və Orta Şərqin tarixində mühüm rol oynayıblar.

Qaraqoyunlu bəyliyinin qış paytaxtı Mosul, yay paytaxtı isə Ərciş şəhəri idi
Təməli qoyulduğu vaxtlarda Qaraqoyunlu bəyliyinin ərazisi Şərqi Anadolunu, əsasən də Van gölünün ətrafını və Şimali İraqı əhatə edirdi. Qaraqoyunlu bəyliyinin qış paytaxtı Mosul, yay paytaxtı isə Ərciş şəhəri idi. 1351–1380-ci illər aralığında Qaraqoyunlu bəyliyinin hakimi olan Bayram Xoca Azərbaycanın cənubunda mövcud olan Cəlayirilər dövlətindən asılı vəziyyətdə idi. O, asılılığın müqabilində Cəlayiri sultanı Üveysə vergi ödəyirdi. 1380-ci ildə Cəlayirilərə qarşı üsyan qaldıran Bayram Xoca Sultan Cəlaləddin Hüseynin adamları tərəfindən öldürüldü.
Qaraqoyunlu bəyliyində hakimiyyət başına Bayram Xocanın qardaşı oğlu Qara Məhəmməd keçdi. O, Cəlayirilər sultanlığındakı taxt davasından istifadə edərək 1382-ci ildə mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa ittifaqının əsasını qoydu. Bu ittifaqa Oğuzların Baharlı elindən olan digər türk tayfaları da qoşulmuşdu. Bu tayfalar sırasında Səədli, Qaramanlı, Alpaut, Duharlı, Çəkirli, Hacılı, Ayınlı, Ağacəri, Döğər və Bayramlı tayfaları var idi. Bu da Qaraqoyunluların hərbi gücünü xeyli artırmışdı.
XIV əsrin sonlarında Cəlayirilər dövlətindəki hakimiyyət davası daha kəskin hal almışdı. Cəlayiri sultanı olan Hüseyn öz doğma qardaşı Şahzadə Əhməd tərəfindən sıxışdırılırdı. Şahzadə Əhməd həm də Qaraqoyunlu Tayfa İttifaqının başçısı Qara Məhəmmədin kürəkəni idi. Ona görə də Qara Məhəmməd bu mübarizədə öz kürəkəni Əhmədə dəstək verirdi.

Qara Məhəmmədin hərbi gedişləri ilə Qaraqoyunlular bu döyüşdən zəfərlə ayrıldılar
1382-ci ildə üz-üzə gələn Qaraqoyunlu və Cəlayiri ordularının mübarizəsi, savaşı günlərlə davam etdi. Bacarıqlı bir sərkərdə olan Qara Məhəmmədin hərbi gedişləri ilə Qaraqoyunlular bu döyüşdən zəfərlə ayrıldılar. Döyüşün nəticəsi olaraq Cəlayiri sultanı Hüseyn öldürüldü, Cəlayiri taxtına isə onun qardaşı Əhməd oturdu. Cəlayirilərin zəifləməsindən istifadə edən Qaraqoyunlular Xoy, Maku və Salmas kimi şəhərləri öz ərazilərinə qatdılar.
Bu dövrdə Qaraqoyunlu tayfa ittifaqı güclənsə də, iki cəbhədə mübarizə aparırdı. Onların şərqdəki rəqibi Teymurlular, qərbdəki rəqibi isə digər Oğuz tayfası olan Ağqoyunlular idi. Qaraqoyunlular Ərzincan bəyliyi ilə birləşib Ağqoyunluları məğlubiyyətə uğratmışdılar. Bu da bir müddət Ağqoyunluların hücumlarının qarşısının alınmasına səbəb olmuşdu.

Əmir Teymurun dünyaya vida nəğməsi oxumasından sonra Qaraqoyunlular Teymurlulara qarşı açıq mübarizəyə başladılar
1387-ci ildə Əmir Teymur Naxçıvan istiqamətindən Qaraqoyunluların üzərinə hücuma keçdi. Öncədən bu hücuma hazır olan Qaraqoyunlu Qara Məhəmməd dağlardakı bütün sərt keçidləri tutaraq Əmir Teymurun ordusunu məğlub etdi. Qara Məhəmmədi və onun torpaqlarını ələ keçirə bilməyən Əmir Teymur geri çəkilmək məcburiyyətində qaldı
1389-cu ilin aprelində Qara Məhəmməd və oğlu Bayram Mirzə digər bir türkmən əmiri Qara Pirhəsən tərəfindən sui-qəsdə uğrayaraq öldürüldü. Qara Məhəmməddən sonra hakimiyyətə onun oğlu Qara Yusif gəldi. Bu dövrlərdə Azərbaycan torpaqları davamlı olaraq Teymurluların hücumlarına məruz qalırdı. 1405-ci ildə Əmir Teymurun dünyaya vida nəğməsi oxumasından sonra isə Qaraqoyunlular Teymurlulara qarşı açıq mübarizəyə başladılar.

Qara Yusifin Əbu Bəkr üzərindəki qələbəsindən sonra Teymurluların Azərbaycandakı ağalığına son qoyuldu
Qara Yusif ilə Teymurlu ordusunun sərkərdəsi Əbu Bəkr ilk dəfə 1406-cı ilin 14 oktyabrında Şəmbi Qazan adlı yerdə toqquşdular. Qaraqoyunlular bu döyüşdə Teymurlu ordusuna qalib gəldi. Xorasan hakimi olan qardaşı Sultan Şahruxdan yardım alan Əbu Bəkir Azərbaycanı ələ keçirmək üçün növbəti dəfə cəhd etdi. Vəziyyəti belə görən Qara Yusif ordusu ilə Təbriz şəhərinin yaxınlığındakı Sədrud adlı yerə gəldi. 1408-ci ilin 21 aprelində başlanan döyüşdə Qaraqoyunlular Teymurluların ordusunu darmadağın etdi. Bu döyüşdə Əmir Teymurun oğlu Miranşah öldürüldü, Əbu Bəkir isə döyüş meydanından qaçmağı bacardı. Qara Yusifin Əbu Bəkr üzərindəki bu qələbəsinin mühüm bir tarixi əhəmiyyəti var idi; bu döyüşdən sonra Teymurluların Azərbaycan torpaqlarındakı ağalığına son qoyuldu.

Cəlayiri sultanı Əhmədin ordusunu darmadağın edərək Təbrizi tutub Qaraqoyunlu dövlətinin əsasını qoydu
Sədrud döyüşündəki qələbədən sonra Qaraqoyunlular Azərbaycan torpaqlarının böyük bir hissəsini ələ keçirmişdilər. Təbriz şəhəri və digər ərazilər isə hələ də Cəlayiri sultanı Əhmədin əlində idi. Amma Cəlayirilər dövləti əvvəlki əzəmətini itirmişdi. 1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi Cəlayiri sultanı Əhmədin ordusunu darmadağın edərək Təbrizi tutdu, bununla da Qaraqoyunlu dövlətinin əsasını qoydu. Vaxtilə kiçik bir tayfa ittifaqı olan bəylik artıq böyüyərək qüdrətli bir dövlətə çevrilmişdi. Cəlayiri sultanı Əhmədi məğlub edən Qara Yusif ona hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləşdirən sənədlərə imza atdırdı.

Süvarilərinin üstünlüyündən istifadə edən Qaraqoyunlular Şirvanşahları və onların müttəfiqlərini məğlub etdi
Qara Yusif 1411-ci ildə Təbrizdə Qaraqoyunlu əmirlərinin məclisində Pirbudağı sultan elan etdi, lakin dövlət işlərini bütövlükdə öz əlində saxladı. İlk vaxtlarda yeni yaranmış Qaraqoyunlu dövlətinin tərkibinə Cənubi Azərbaycan, Qarabağ, Şərqi Anadolunun bir hissəsi və Əcəm İraqı daxil idi.
1412-ci ildə şimala doğru yönələn Qara Yusifin növbəti hədəfi Şirvan torpaqları idi. O, Yarəhməd bəyin başçılıq etdiyi ordu ilə Kür sahilini keçib şimala doğru hərəkət etdi. Vəziyyətin ciddiliyini anlayan Şirvanşah I İbrahim Dərbəndi dərhal Şəki hakimi Əhməddən və Gürcü knyazı Konstantindən hərbi yardım istədi. 1412-ci ilin dekabrında müttəfiqlərin birləşmiş qoşunu ilə Qaraqoyunlu ordusu Kür çayının sahilində üz-üzə gəldi. Süvarilərinin üstünlüyündən istifadə edən Qaraqoyunlular Şirvanşahları və onların müttəfiqlərini məğlub etdi. Lakin bu qələbədən sonra Qara Yusif Şirvanın müstəqilliyinə toxunmadı. O, Şirvanşahlardan vergi alaraq onları özündən asılı vəziyyətə saldı.

Sultan Şahrux qüdrətli sərkərdə kimi böyük şöhrət qazanmış Qara Yusifdən ehtiyat edirdi
1419-cu ildə Qara Yusif strateji əhəmiyyətə malik Qəzvin və Sultaniyyə şəhərlərini fəth etdi. Qaraqoyunluların şərqə doğru irəliləməsi Teymurlu sultanı Şahruxu narahat edirdi. Qısa zaman ərzində Qaraqoyunlulara qarşı 200 minlik ordu toplayan Sultan Şahrux 1419-cu ildə Azərbaycana doğru hərəkətə keçdi. Sultan Şahruxun Təbrizə göndərdiyi elçisinin Qara Yusif tərəfindən həbs edilməsi, Qara Yusifin döyüş məqsədilə paytaxtdan çıxması xəbəri onun ordusunda böyük təlaş yaratmışdı. Çünki Sultan Şahrux qüdrətli sərkərdə kimi böyük şöhrət qazanmış Qara Yusifdən ehtiyat edirdi.
Qara Yusif Sultan Şahruxla müharibə aparmaq üçün güclü bir ordu yaratmışdı. Teymurlular dövlətinin tarixini araşdıran tədqiqatçılar bu ordunun günəşin zərrələri və buludun damlaları qədər saysız-hesabsız olduğunu göstərirdilər, əslində Qara Yusifin qoşununun sayı 50 mindən çox deyildi. Öz qoşunu ilə Təbrizdən ayrılaraq döyüş meydanında Teymurlu sultanı Şahruxu qarşılamağa gedən Qara Yusif yolda xəstələnərək qəflətən vəfat etdi.

Qara Yuluq Osman bəy Teymurlu sultanını inandırdı ki, Qara Yusifin oğullarını aradan götürməsə, tutduğu torpaqlarda əmin-amanlıq olmayacaq
Qara Yusifin qəfil ölümündən sonra Qaraqoyunlu ordusu pərən-pərən düşdü. Bundan istifadə edən Teymurlu sultanı Şahrux 1421-ci ilin əvvəlində müqavimətə rast gəlmədən Təbrizə daxil oldu. Qaraqoyunlu bəylərinin ittifaqı ilə Qara Yusifin yerinə hakimiyyətə gətirilən Qara İskəndər bir tərəfdən Sultan Şahruxa itaətini bildirmiş, digər tərəfdən isə Mardin şəhərinə hücum edən Qara Yuluq Osman bəyin üzərinə yerimək üçün hazırlıqlara başlamışdı. 1421-ci ilin martında Qara İskəndər Ağqoyunlu Tayfa İttifaqının başçısı Qara Yuluq Osman bəyin qüvvələrini məğlub etdi. Məğlubiyyətdən sonra birbaşa Sultan Şahruxun yanına yollanan Qara Yuluq Osman bəy Teymurlu sultanını inandırdı ki, Qara Yusifin oğullarını aradan götürməsə, tutduğu torpaqlarda əmin-amanlıq olmayacaq.
1421-ci ilin iyulunda Qara İskəndərin başçılığı altındakı Qaraqoyunlu ordusu ilə Teymurlu və Ağqoyunluların birləşmiş qüvvələri üz-üzə gəldi. Teymurluların ordusundakı döyüş filləri bu savaşın taleyini həll etdi. Üç gün davam edən döyüşdə Qaraqoyunlular məğlub oldular. Sultan Şahrux isə bu qələbədən sonra Qaraqoyunlu dövlətinin varlığına son qoymadı. Yerli bəylər tərəfindən öz üstünlüyünün etiraf olunmasından razı qalan Sultan Şahrux 1421-ci ilin payızında ordusu ilə birlikdə Azərbaycanı tərk edib Xorasana yola düşdü.
Yenidən Təbrizə qayıdan Qara İskəndər özünü Qaraqoyunlu sultanı elan etdi. Qara İskəndər hakimiyyətə gələn kimi qardaşı Şah Məhəmməd bəy sayəsində böyük bir ordu yığdı. Qara İskəndər 1425-ci ildə bu ordu ilə Şirvan ərazisinə hücum etdi. Bunu görən Şirvanşah I Xəlilullah keçmiş müttəfiqi Sultan Şahruxdan hərbi yardım istədi. Bu da növbəti Qaraqoyunlu–Teymurlu müharibəsinin başlamasına səbəb oldu.
Şərəf Cəlilli