Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/18/2026

Paylaşın

Mədəniyyət

Üzeyir bəyin doğulduğu gün: Azərbaycan musiqisinin bayramı

18 sentyabr… Təqvimdə adi bir gün kimi görünür. Amma bu tarix Azərbaycan üçün musiqinin, sənətin, milli ruhun bayramıdır. Çünki 140 il əvvəl, 1885-ci ilin 18 sentyabrında Qarabağın Ağcabədi torpağında dünyaya bir uşaq gəldi. Sonralar onun adı Azərbaycan musiqisinin özü ilə qoşa çəkiləcəkdi. Bu uşaq Üzeyir Hacıbəyov idi.

Bu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Elə bil 18 sentyabr gələndə Bakının küçələrində görünməyən bir musiqi başlayır. Bir yerdə tarın səsi eşidilir, başqa yerdə pianonun dilləri danışır, metro stansiyalarında canlı ifalar səslənir. Konsert salonlarının qapıları açılır. Musiqi məktəblərində uşaqlar Üzeyir bəyin əsərlərini ifa etməyə hazırlaşırlar. Və bütün bu səslərin içində bir adın nəfəsi duyulur – Üzeyir Hacıbəyov.

Bir millətin musiqi dilini yaradan adam

Üzeyir bəy Azərbaycan musiqisinə sadəcə əsərlər bəxş etmədi. O, bir xalqın duyğularını peşəkar musiqinin dili ilə ifadə etməyin yolunu açdı.

1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” Şərq və müsəlman dünyasında ilk opera kimi tarixə düşdü. Üzeyir bəy Füzulinin sözlərini musiqiyə çevirərək iki böyük dühanın – Füzuli ilə Üzeyirin – arasında əsrləri aşan bir körpü qurdu.

Məcnunun səhrada axtardığı Leyla artıq təkcə bir məhəbbət obrazı deyildi. O, insanın əlçatmaz arzusuna, ilahi eşqinə, ayrılığın ağrısına çevrildi.

Sonra “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Arşın mal alan”, “O olmasın, bu olsun” gəldi.

Və nəhayət, “Koroğlu”.

Əgər “Leyli və Məcnun”da Üzeyir bəy Füzulinin eşq dünyasına baş əyirdisə, “Koroğlu”da əlində Misri qılıncla xalqın qarşısına çıxırdı.

“Koroğlu”nun musiqisi sadəcə opera musiqisi deyildi. O, igidliyin, azadlıq istəyinin, xalqın daxili gücünün səsi idi.

“Sevgili-canan”, “Sənsiz”…

Üzeyir bəyin musiqisi yalnız böyük səhnələr üçün yazılmadı. Onun romanslarında insanın ən səssiz, ən gizli duyğuları yaşayır.

“Sevgili-canan”, “Sənsiz”… Bu əsərləri dinləyəndə sanki musiqi sözün yerinə danışır. Bəzən bir insanın deyə bilmədiyi sözü deyir, bəzən bir ömrün içində gizlənən sevgini üzə çıxarır. Üzeyir bəyin böyüklüyü də bir az buradadır: o, həm minlərlə insanın qarşısında səslənən böyük musiqinin, həm də bir insanın ürəyində yalnız özü ilə apardığı pıçıltının bəstəkarı ola bildi.

Özü məktəb olmağı bacaran insan…

Üzeyir Hacıbəyov Qori Müəllimlər Seminariyasında təhsil aldı. O dövrün Qarabağ mühitindən çıxaraq Avropa musiqi mədəniyyətini öyrəndi və sonradan əldə etdiyi bilikləri Azərbaycan xalq musiqisinin zənginliyi ilə birləşdirdi. O, bəstəkar olmaqla kifayətlənmədi, dirijor oldu, musiqişünas oldu, publisist, dramaturq, pedaqoq, ictimai xadim kimi çalışdı. Azərbaycan professional musiqi sənətinin formalaşmasında müstəsna rol oynadı. Konservatoriyanın, Bəstəkarlar İttifaqının, musiqi təhsilinin və elmi istiqamətlərin inkişafında böyük xidmətlər göstərdi.

Amma bəlkə də onun ən böyük əsərlərindən biri özündən sonra qoyduğu məktəb idi.

Üzeyir bəyin sənət ocağından Azərbaycan musiqisinin sonrakı nəsilləri boy atdı.

Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Niyazi, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Tofiq Quliyev…

Sonralar onların əsərlərində də Üzeyir bəyin açdığı yolun izləri görünəcəkdi.

Qara Qarayevin simfonik əsərlərində, Fikrət Əmirovun muğam simfonizmlərində, Tofiq Quliyevin Bakının küçələrinə, dənizinə, sevgilərinə çevirdiyi mahnılarda həmin böyük məktəbin nəfəsi duyulacaqdı.

Bir ad günü necə milli bayrama çevrildi?

Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də dünyasını dəyişdi. Amma onun ad günü ölümündən sonra da musiqi ilə qeyd olunmağa davam etdi. Bu ənənənin əsasını maestro Niyazi qoydu. Hər il sentyabrın 18-də Azərbaycan Dövlət Konservatoriyasının – indiki Bakı Musiqi Akademiyasının qarşısında insanlar toplaşar, Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyi ilə bəstəkarın əsərlərini səsləndirərdi. Bu konsert ustada ehtiram idi. Bir sənətkarın özündən sonra yaratdığı məktəbə, özündən sonra qoyduğu musiqi dünyasına minnətdarlıq idi.

1990-cı illərin əvvəllərində ölkədə yaşanan ağır siyasi və ictimai proseslər səbəbindən ənənə bir müddət davam etmədi.

Sonra bu ənənə yenidən həyata qayıtdı.

Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanla Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyi ərəfəsində 18 sentyabr Milli Musiqi Günü elan edildi. Beləcə, bir bəstəkarın doğum günü bütün Azərbaycanın musiqi bayramına çevrildi.

18 sentyabr – Qarabağdan başlayan və Bakıya yayılan musiqi

Üzeyir bəyin taleyində Qarabağın ayrıca yeri vardı. O, Ağcabədidə dünyaya gəlmişdi. Şuşanın, Qarabağın musiqi mühitində yetişmişdi. Sonralar bütün Azərbaycan onun yaradıcılığında bu torpağın nəfəsini duydu. İllər keçdi. Qarabağ işğal olundu. Şuşanın küçələri səssiz qaldı. Üzeyir bəyin doğulduğu, yetişdiyi torpaqların bir hissəsi uzun illər həsrətə çevrildi. İndi isə Şuşa yenidən musiqinin şəhəridir. Üzeyir bəyin doğulduğu gün – 18 sentyabrda qeyd olunan Milli Musiqi Gününün Qarabağın azadlığından sonrakı illərdə tamam başqa bir mənası da var. Sanki illərlə ayrılıqda qalan bir musiqi öz vətəninə qayıdıb. Şuşada yenidən tar səslənir.  Muğam yenidən dağlara qalxır. Üzeyir bəyin ruhunun dolaşdığı Qarabağ yenidən musiqi ilə yaşayır, musiqi ilə dirçəlir və yeni nəsillərə həyat verir… 

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu işlər Nizami Rayon İcra Hakimiyyətinin qarşısında, Musa Əliyev küçəsində qeydə alınıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin