Nəşr edilmişdir 01/22/2025

Paylaşın

ETNOQRAFIYA, ƏSAS XƏBƏRLƏR

Qaraçılar, yoxsa əcəmi kürdləri – multikultural Azərbaycan

B548BCC2-3485-4246-A11F-59EDA90B1246

Dünyada müxtəlif xalqlar yaşayır və onların hər birinin vətəni var. Amma qaraçılar adlanan bir xalq var ki, onlar köçəri həyat sürür və buna görə də vətən anlayışları yoxdur. Əsrlər boyu onlar dünyanın dörd bir yanına köç salıb, artıb, yaşayıb, ömür sürüblər. Özlərinə görə adət-ənənələri, yaşayış tərzləri və məişətləri olan bu xalqın mənşəyinin haradan gəldiyi daim maraq dairəsindədir. Buna görə də onların tarixi, geni alimlərin diqqət mərkəzində olub.

1783-cü ildə alman tarixçisi və coğrafiyaşünası Henrix Qrellmann  bu köçəri xalqın vətəninin Hindistan ola biləcəyi barədə fərziyyə irəli sürüb. 21-ci əsrin əvvəllərində Rotterdam Universitetinin tədqiqatçıları qaraçıların genomunu tədqiq edərək alimin fərziyyəsini təsdiqləyiblər. Bu gün qaraçıların vətəni Hindistanın şimal-qərbi güman edilir.  Şərqi Avropa və Rusiya qaraçıları özlərini “Roma” adlandırırlar ki, bu da “kişi” və ya “ər” mənasındadır. Bu özünü təyinetmənin indiki Hindistanda “vom” adlanan kastaya gedib çıxdığına dair bir fikir var. Başqa bir versiyaya görə isə, qaraçılar Avropaya “Romalıların” yaşadığı Bizans ərazisindən gəliblər. Amma bu da son versiya deyil. Başqa bir mənbənin məlumatına görə, qaraçılar Misir kökənlidirlər. Bununla  bağlı bir vaxtlar geniş yayılmış nəzəriyyə bəzi avropalıların onları necə adlandırmasına təsir edib. Məsələn, ingilis dilində olan “gypsies” – qaraçılar sözü elə “egyptians” – misirlilər sözündən yaranıb. İspan dilində olan “gitanos” – qaraçılar sözü də “egiptanos” – misirlilər ifadəsindən yaranıb. Bu cür bir çox faktlar var.

Qaraçıların maraqlı dilləri var. Yazı üçün əlifbaları olmasa da onu nəsildən-nəslə, dildən-dilə yaşadırlar. Bu dil hind dil qrupuna aiddir. Lakin xalqın planetin müxtəlif bölgələrinə daimi miqrasiyasına görə dilin 80-ə yaxın dialekti mövcuddur. Azərbaycanda yaşayan qaraçılar Avropaya köç edən romanların böyük əksəriyyəti kimi Hind-Avropa dil qrupuna aid olan romani dilindən istifadə edirlər. Aparılan araşdırmalarda onların bu dili unutduqları və fars dilində danışdıqları məlum olub.

Hər bir xalqın öz mədəniyyəti olduğu kimi, qaraçıların da özünəməxsus bir mədəniyyəti var. Onların musiqisi və xüsusilə də rəqsləri dünyaca məşhurdur. Qeyd etmək lazımdır ki, onların musiqisi Avropa musiqisinin – klassik və müasir musiqinin inkişafına təsir göstərib. Flamenko bir vaxtlar Əndəlüsdə dinamik qaraçı folklorunun köməyi ilə meydana çıxdı. Bu gün İspaniyanın cənub sakinlərinin bu ehtiraslı mahnı və rəqs ənənəsi UNESCO-nun Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah əsərləri siyahısına daxil edilib.

Azərbaycan da dünyada multikultural bir ölkə kimi tanınıb. Avropa və Asiya qitələrinin kəsişməsində yerləşən, coğrafi mövqeyi və tolerantlığı ilə seçilən bu ərazidə bir çox millətlər, etnik azlıqlar birlikdə dost və qardaşlıq şəraitində yaşayırlar. Yəni ölkəmiz etnoqrafik cəhətdən çox rəngarəngdir. Bu rəngarəngliyin palitrasını Azərbaycan türkləri ilə yanaşı, dağ yəhudiləri, talışlar, ləzgilər, tatlar, avarlar, udinlər, saxurlar, molokanlar, kürdlər və həmçinin qaraçılar təşkil edir.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda on min civarında qaraçı yaşayır. Bu etnik qrupun böyük bir hissəsi, 1967-ci ildə Qazaxıstandan Azərbaycanın Yevlax şəhərinə köç edib, buradan ölkəmizin bir çox bölgəsinə yayılıblar. Bu gün qaraçılar Azərbaycanda ən çox Yevlax, Ağdaş, Ağdam və Balakən rayonlarında yaşayırlar, həmçinin Bakıda və Sumqayıtda da qaraçı icmaları mövcuddur. Onların həyat tərzi, məişəti və mədəniyyətlərini öyrənmək üçün üz tutduq Yevlax rayonuna. Yaşadıqları yer ilk baxışdan adi qəsəbə təəssüratı yaratsa da, bizi qarşılayan insanların yerli camaatdan bir qədər fərqli olduğunu görmək mümkündür. Daş tikili, şifer damlı, şüşə pəncərəli  evlərin içində yaşayan, yerli sakinlərin qaraçı adlandırdığı bu insanlar əslində kimlərdir?

Küçədə qaz borularının üstündə havanın soyuqluğuna baxmayaraq, qucağında ayaqyalın, başıaçıq uşaqlar oturan analar bizi görən kimi qəribə, yad baxışlarla süzməyə başladılar. Təpədən-dırnağa “skan olunduqdan” sonra bizi məhəllələrinə buraxdılar. Bizə əslən Qazaxıstandan olduğunu və camaatın onlara qaraçı deməsinə baxmayaraq, əcəmi kürdü olduğunu bildirən Əyyub bəyin evində qonaq olduq. Əyyub bəyin 47 yaşı var, ömür-gün yoldaşı Səkinə ilə 31 il ailə həyatı sürüblər və bu izdivacdan 12 övladları dünyaya gəlib. Qeyd edək ki, onun, öz diliylə desək, sonbeşiyi nəvəsi ilə yaşıd idi. Elə hamısı bir yerdə – bir evin içində oynayırdılar – 12 uşaq və 14 nəvə. Kənardan çox mehriban ailə tablosu yaranırdı. Qızlardan biri evi süpürür, biri belinə körpə uşağını şalla bağlayıb ortalıqda gəzir, biri həyətdəki küçüklə oynayır, digərləri isə bizə maraqla baxır, sanki niyə gəldiyimizi başa düşməyə çalışırdı. Əyyub bəy deyir ki, onlar əcəmi kürdüdür: “1954-cü ildə atam Qazaxıstandan Yevlaxa köçüb və o zamandan burada yaşayıblar. Biz üç qardaş olmuşuq. Bu ailədə bircə mən təhsil almışam. Bakıda 1994-cü ildə hərbi kollec bitirəndən sonra yenidən Yevlaxa qayıtmışam. Xəstəliyimlə əlaqədar hərbi sahədə çalışa bilmədim”. “Uşaqlarınız məktəbə niyə getmir?” sualımıza Əyyub kişi bir qədər fikrə gedir, sanki nə cavab verəcəyini düşünür, sonradan başını yelləyərək konkret bir cavab vermir. Qeyd edək ki, uşaqların heç biri nə yazmaq, nə oxumaq bilir. Amma həm Azərbaycan dilində, həm də öz dillərində rahat danışırlar. Elə danışıqlarını eşidib bunun hansı dil olduğunu soruşduq. Əyyub bəy deyir ki, kürd dilidir. Bizə həmçinin onların dini etiqadları maraqlı idi.

“Biz İslam dininə etiqad edirik, özü də Əhli Şiəyik, əcəmi kürdüyük, amma yezidi kürd deyilik. Beş vaxt namazımızı qılırıq, bir tək Allaha inanırıq, ona etiqad edirik. Bizim də dini adətlərimiz buradakı yerli camaatın adət-ənənəsi kimidir. Xeyir işlərimiz də, yas mərasimlərimiz də eyni qaydada keçir”, – deyə o bildirdi.

Belə bir məlumat var ki, onlar erkən nikaha meyillidirlər. Ölkəmiz bu gün erkən nikahla mübarizə apardığı bir dövrdə onlar üçün bu, adi bir haldır. Bununla bağlı sullarımızdan Əyyub bəy bir qədər yayınmaq istəsə də, övladlarının erkən yaşda evləndirdiyini dedi. Çox qəribə olsa da, adətləri belə imiş. Əyyub bəy deyir ki, bizdə adət var, tez verirlər qızları – 14-15 yaşında. Olmaz amma. Yaxşı adət deyil. Qızımın 14 yaşı var, heç evdə  mənə bir stəkan su gətirə bilmir, gedib qayınana-qayınata, ərə necə qulluq edəcək?!”

Əyyub bəy öz evliliyindən də danışdı: “Bizim haqqımızda deyirlər ki, guya biz xanımlarımızı torbaya salırıq ki, ölənə qədər bizə sadiq qalsınlar. Bu, böyük yalandır. Bundan başqa, deyirlər ki, guya biz ancaq özümüzdən qız alıb, qız veririk. Elə şey yoxdur. Biz yerli camaatla da qaynayıb-qarışmışıq, qohum olmuşuq. Mən tələbə olanda bir ləzgi qızı sevirdim. Anam evlənməyimizə razı olmadı. Bir gün evə gəldim ki, Səkinə (həyat yoldaşı) evdədir. Soruşdum, anam dedi ki, sənin üçün qaçırmışıq. O vaxtdan Səkinə mənim həyat yoldaşımdır. O vaxt onu sevməsəm də, nə yaxşı ki, elə Səkinə ilə evlənmişəm. Bəlkə də, ondan yaxşı məni başa düşən olmazdı. 31 illik həyatımız xoşbəxt keçib. Xoşbəxtliyin sirri kişinin qadına münasibətindədir. Kişi gərək xanımı ilə mehriban olsun. Onunla mehriban olmasan, ona sevgi göstərməsən o da səni istəməz, evdə xoşbəxtlik olmaz. Hər şey evin kişisindən asılıdır”.

Deyirlər, onların işləməklə arası yoxdur. Nə işlə məşğul olduğunu soruşduq. Əyyub bəy deyir ki, əsas maşındır, maşın varsa, dolanışıq var: “Əsasən dəmir yığıb satmaqla məşğul olmuşuq. Mən özüm rayonun yaşıllaşdırma idarəsində işləmişəm. Belə də ki, Allah verəndən yeyirik, dolanırıq. Dövlət də bizə çoxuşaqlı ailə kimi müavinət verir. Birtəhər dolanırıq”.

Beləcə bu evdən, bu ocaqdan çıxırıq. Uşaqların üst-başı səliqəsiz, saçları daranmamış, geyimləri mövsümə uyğunsuz, soyuq torpağın, betonun üstündə ayaqyalın – corabsız, ayaqqabısız…

Burdan çıxıb başqa bir evin də qonağı olduq. Kübra xanım və Həmid dayı bizi xoş qarşıladı. Məlum oldu ki, Kübra xanım da əcəmi kürdü imiş. Amma onun yoldaşı azərbaycanlıdır. 12 övlad dünyaya gətirən Kübra xanım “Qəhrəman ana” adı da alıbmış. Yaşını unudan xanım öz nəslinin haradan, nə vaxt, necə gəldiyini bilmir. Amma o da bildirir ki, mənə qaraçı deyirlər, amma mən əcəmi kürdəm, qaraçı deyiləm.

Həmid dayı deyir ki, elə qadın var iki uşaq dünyaya gətirir, tamam korlanır, amma Kübra 12 uşaq dünyaya gətirib, heç təravətini itirməyib. Ona sevgi dolu baxışlarla baxan Həmid dayı hələ də onu ilk gündəki kimi sevdiyini deyir.  Kübra xanım da sevgi hekayələrini danışdı: “Gənc qız idim. Bazarın qabağında dayanmışdım. Həmid mənə baxdı, göz-qaş elədi, dedi, “sevirəm səni”. Mənim də xoşuma gəldi Həmid. Yaraşıqlı idi. O, əsgəri xidmətə gedəndə evlərində onu gözlədim. Qayıdanda məni evlərində gördü, elə də evləndik. Fərqli olsaq da, Allahımız birdir. əsas budur. Bizim toy adətlərimiz yerli camaatla eynidir. Qaraçılar isə qızıl yığmağı sevirlər. Toylarında çoxlu qızıl aparırlar, özləri də çoxlu qızıl taxırlar. Dərdləri elə qızıl yığmaqdır. Onların da pisi də var, yaxşısı da var”.

Bu ailədə də heç kimin təhsili yoxdur. Qadın deyir ki, ağlım olmayıb, olsaydı, bütün uşaqlarımı oxudardım: “Amma balalarımın hamısının evi-eşiyi ayrıdır. İşləyib, özlərinə ev-eşik qurublar”. “Övladlarınız nə işlə məşğuldur?” sualına Kübra xanım elə birbaşa dedi: “Eləsi var dilənir, eləsi var haradasa işləyir, heç işləməyəni də var. Xəstəliklə bağlı dövlətin verdiyi pensiya ilə dolanır”.

Bu ailədən çıxıb rayon mərkəzinə getdik. Qəsəbənin ətrafında uşaqların toz-torpaq içində eşələndiyinin, əyləndiyinin şahidi olduq. Şəhərdə isə yerli camaat onların qaraçı olduğunu, dilənçiliklə dolandıqlarını bildirdi.

Beləliklə çox qəribə və düşündürücü xatirələrlə yol aldıq üzü Bakıya…

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək.Baki-Baku.az xəbər verir ki, bununla bağlı məsələ “İqtisadi əməkdaşlıq Təşkilatının

Ən son

GÜNDƏM

1999-cu ilə Bakı yollarına aid fotolarda o dövrün nəqliyyat sektorundakı çətinlikləri aydın şəkildə görmək olar.

GÜNDƏM

Ulu varlığın ağlı ünsiyyət tələb edir. Buna görə də o, daha kamil olanlar üçün daha

ETNOQRAFIYA, ƏSAS XƏBƏRLƏR

Dünyada müxtəlif xalqlar yaşayır və onların hər birinin vətəni var. Amma qaraçılar adlanan bir xalq