İkinci yazı
Ata mülkündən miras qalan malikanəni, torpaq sahələrini, zəncirli qızıl qol saatını satıb Milli Ordunun Fonduna köçürən Hərbi nazir
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan edir. “İstiqlal Bəyannaməsi”nə 44 tarixi şəxsiyyət imza atır. Onlardan biri də Xosrov bəy Sultanov idi. Fətəli xan Xoyskinin formalaşdırdığı ilk kabinetdə Hərbi Nazir statusunu qazanan Xosrov bəy Sultanov Cümhuriyyət qurulmamışdan öncə Əliağa Şıxlınskinin təməlini qoyduğu Əlahiddə Azərbaycan Korpusunun bazasında heç bir maddi-texniki təchizatı olmayan Milli Ordunun təməlini qoyur. Qısa zaman kəsiyində general Səməd bəy Mehmandarovun tərtib etdiyi plan əsasında ölkədə nizamlı hərbi hissələrin yaranmasına nail olur. Qafqaz İslam Ordusu ilə birlikdə Bakının və digər bölgələrin erməni-daşnak və Sentrokaspi qüvvələrinin işğaldan azad edilməsində mühüm rol oynayır.

Xosrov bəy Sultanov: “Ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram”
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci ilin yayında Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının Gəncə Quberniyasının tərkibindən çıxarıb Qarabağ General-qubernatorluğu yaradır. Xosrov bəy Sultanov 1918-ci il yanvarın 5-də Qarabağın General-qubernatoru təyin olunur. Azərbaycanın ən ağır yörəsinin məsuliyyətini üzərinə alan Xosrov bəy Sultanovun “Azərbaycan qəzeti”nin 1919-cu il 11 Fevral tarixli sayında Qarabağ əhalisinə müraciəti dərc olunur. Müraciətdə deyilirdi: “Öz həyatını Xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərirəm. Ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı Hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı diyarın həyatı qanuni əsaslar üzərində qurulacaqdır!”

General-qubernatorun iradəsi, qarşısında tab gətirməyən Qarabağın azsaylı erməni əhalisi daşnaklardan imtina edərək Azərbaycan Hökumətinə tabe olurlar
Həmin il Martın 21-də erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini və qalasını zəbt edirlər. Xosrov bəy Sultanovun rəhbərlik etdiyi hərbi qüvvənin sayəsində general Dronun hərbi dəstələri zərərsizləşdirilir. Mayın 30-da isə bütünlüklə darmadağın edilir. Əsgəran qalası, Xankəndi və Şuşa daşnaklardan tamamilə təmizlənir. General-qubernatorun iradəsi, hərbi-siyasi səriştəsi qarşısında tab gətirməyən Qarabağın azsaylı erməni əhalisi daşnaklardan imtina edərək rəsmi müraciətlə könüllü şəkildə Azərbaycan Hökumətinə tabe olurlar.

Erməni daşnakları onların dizini yerə gətirən General-qubernatordan nə yolla olur olsun qisas almaq istəyirlər
Xosrov bəyin həyatında ən ağır illər Cümhuriyyətin Qızıl ordunun Qırmızı terroruna məruz qaldığı vaxtlar olur. Ermənilər onların dizini yerə gətirən General-qubernatordan nə yolla olur olsun qisas almaq istəyirlər. Sonradan aparılan araşdırmalar nəticəsində bəlli olur ki, bu mənfur siyasətin arxasında həyat yoldaşı erməni olan Orconikidze, gələcəkdə Azərbaycan xalqının başına çox bəlalar gətirən Kirov, Mikoyan və Beriya dayanırmış. Bu fitnəkarlıqlar nəticəsiz qalmır. Xosrov bəy Sultanov həbs edilir. O hadisələri yaşayan insanların xatirələrinə istinad edərək deyə bilərik ki, “həmin gün ermənilər toy-bayram ediblər”. Bununla ürəyi soyumayan, kini, nifrəti bitib – tükənməyən erməni daşnakları Xosrov bəyi həbsxanada öldürmək istəyirlər. Zəngəzuru, Naxçıvanı, Qarabağı daşnakların qanlı terrorundan xilas edən, general Andraniki tayqulaq qoyaraq ona əbədi dərs verən, türkün qüdrətini, əzəmətini, dünyaya nümayiş etdirən Laçınlı Sultan bəy qardaşının nicatına yetişir. Onu Şuşa qalasından xilas edərək ermənilərin də, havadarlarının da arzusunu gözündə qoyur.
Berlin və Münhen universitetlərinin professoru kimi fəaliyyət göstərirən Laçınlı
Öncə Təbrizə, Təbriz üzərindən isə Ankaraya gedən Xosrov bəy Sultanov 1924-cü ildə İstanbulda Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə qurulan Qafqaz Konfederasiya Komitəsinin üç Azərbaycanlı təsisçisindən biri kimi tarix yaradır. Azərbaycanın İstiqlalı ilə bağlı Məhəmməd Əmin Rəsulzadənin qurduğu “Varlıq” dərgisinə məqalələr yazır. Uzun müddət Türkiyədə, Güney Azərbaycanda, sonra isə Fransa və Almaniyada yaşayır. Tibb elmləri doktoru, elmi dərəcəsi alan Xosrov bəy Sultanov Berlin və Münhen universitetlərinin professoru kimi fəaliyyət göstərir. Nüfuzlu alim, terapevt-cərrah kimi on minlərlə insanın xilaskarına çevrilir.

Nisgili, həsrəti ilə bir dünya-Azərbaycan olan Xosrov bəy Sultanov
Xosrov bəy Sultanov iki dəfə nikaha getsə də, ilk evliliyindən doğulan Murad adlı övladı hələ kiçik yaşlarında dünyasını dəyişir. Sonsuz, hüdudları məlum olmayan Vətən sevgisi, qüruru, cəsarəti, ləyaqəti, nisgili, həsrəti ilə bir dünya-Azərbaycan olan Xosrov bəy Sultanov II Dünya Müharibəsinin tüğyan etdiyi 1943-cü il yanvarın 7-də İstanbulda dünyaya vida nəğməsi oxuyur. Uzun müddət məzarının Trabzonda olduğu düşünülsə də, aparılan araşdırmalar nəticəsində, 2016-cı ildə bəlli olur ki, “İstiqlal Bəyannaməsi”nə imza atan, Cümhuriyyətin ilk Hərbi naziri, Qarabağın ilk General-qubernatoru, Qafqaz Konfederasiya Komitəsinin qurucularından biri kimi tarix yaradan Xosrov bəy Sultanovun məzarı İstanbulun Feriköy qəbristanlığındadır. Məzar daşına isə belə yazılıb: “Doktor Xosrov bəy Sultanzadə 07.1-1943. Sabiq Azərbaycan Hökumətinin naziri. Unutmayacağım, çox sevgili Qocama. Allah rəhmət eyləsin”

Feriköydə bir məzar var: sahibi Xosrov bəy Sultanov nidası “Ay Laçın, can Laçın, mən sənə qurban Laçın”dır
Bütün ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan olan, qürurun, qeyrətin imtahanından bir rus qızını gözü dönmüş rus zabitin əlindən alan zaman çıxan, Dueldəki sərrast atəşi ilə zabiti yerə sərən, sol gözünü itirsə belə bir Qafqazlı, Azərbaycanlı, türk, müsəlman, ən əsası Laçınlı kimi qeyrətini, əzəmətini sübuta yetirən, Andranikin, Dronun, Hamazaspın qorxulu röyasına çevrilən, Vətəndən qıraqda Vətən – Azərbaycan olan, Əbədi İstiqlal naminə son anadək qələm çalan Xosrov bəy Sultanovun cismani ayrılığından 48 il sonra Azərbaycanda yenidən Müstəqillik Aktına imza atıldı. Bakı, Qarabağ, Şərqi Zəngəzur yenidən qan gölünə döndü. 20 Yanvar dəhşətləri, Xocalı faciəsi, erməni daşnaklarının, onların havadarlarının iç üzünü dünyaya nümayiş etdirdi.

30 illik işğaldan, intizardan sonra, 44 günlük Vətən Müharibəsində “İstiqlal Bəyannaməsi” nə imza atan Xosrov bəy Sultanov kimi qüdrətli dövlət xadimlərinin varisləri Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycan bayrağını Xüdafərin körpüsündən, Murovun zirvəsindən, Şuşa qalasından, Ağ oğlan qəsrindən, Laçınlı Sultan bəyin, Sarı aşığın diyarından asdı. “Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar” deyən millət “Ay Laçın, can Laçın, can sənə qurban Laçın!” nidası, “Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdı” sevdası ilə Güləbörd kurqanlarının yaxasına vardılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iradəsi ilə yenidən qurulan Laçında “Hoçazfilm” Mərkəzinin təməli qoyuldu. Mərkəzdə çəkilən ilk əsər – “Qarabağın qubernatoru” adlı bədii-sənədli film Cümhuriyyətin ilk Hərbi naziri, Qarabağın ilk General-qubernatoru general Xosrov bəy Sultanovun irsinə, şəxsiyyətinə həsr olundu. “Həyatda hər kəsin yerini və rolunu tarix müəyyən edir”…
Əsrin qəbiristanlığında bir məzar var: Sahibinin adı Məhəmməd Əmin Rəsulzadə, nidası “Bir kərə yüksələn Bayraq, bir daha enməz!”dir. Feriköydə bir məzar var: Sahibinin adı Xosrov bəy Sultanov, nidası “Ay Laçın, can Laçın, can sənə qurban Laçın!”, bir də “Mənim millətim xəyanətkar doğulmayıb! Onu kimsə bu adla yarğılaya bilməz!”dir. Məkanı cənnət, Məqamı uca olsun!
Şərəf Cəlilli