Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/22/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Qafqaz Albaniyasının ədalətli hökmdarı – Məhinbanu

IMG-20250822-WA0002

Nizami Gəncəvinin məhəbbətlə tərənnüm etdiyi sərkərdə-xatun

Əbulqasım Firdovsinin və Şeyx Nizami Gəngəvinin əsərlərində sarayların dürüstlük, doğruluq mücəssiməsi kimi təqdim olunan, adı tarixə ləyaqət, mənəvi təmizlik və paklıq nümunəsi kimi yazılan, bəzi tarixi mənbələrdə Məhim Banu və ya Şəmiran kimi göstərilən, Qafqaz Albaniyasının ədalətli hökmdarı Məhinbanu miladdan öncə VII əsrdə yaşamış İran-Turan müharibələrində fütühatlar edən türkün qüdrətli sərkərdə-xaqanlarından biri olan məşhur Turan hökmdarı Alp Ər Tonqanın nəslindən idi. Şərqin ulu hökmdarı Əfrasiyabın, Alp Ər Tonqanın soyundan olması ilə fəxr edən Məhinbanu dövlət idarəçilik sistemində də bu qüdrətli hökmdarın ənənələrini yaşadır, əhalini və rəiyyəti onun yazılmamış qanunları ilə idarə edirdi.

Bu səbəbdən də Abxaziyadan Bərdəyə, Arrandan Ər-mən dağlarına qədər böyük bir ərazini əhatə edən dövlətin sorağına dünyanın məşhur xaqanları və sərkərdələri gəlirdi.

Əksəriyyəti türksoylu xalqlardan-hunlardan, xəzərlərdən, bulqarlardan ibarət olan əhalisini Məhinbanu ədalətlə idarə edirdi. Məhinbanu o dövrdə bir çox dövlətlərdə olmayan qüdrətli orduya, döyüş qabiliyyətli qoşuna, zəngin xəzinəyə və geniş ərazilərə sahib idi.

Əyyanlar və rəiyyət arasında xüsusi nüfuzu və hörməti olan Məhinbanu ədalətli şah, tədbirli sərkərdə kimi, həm də qonşu şahların, padşahların nümunəsinə çevrilmişdi.

O. İran şahı IV Hörmüzün, II Xosrov Pərvizin ehtiramını qazanmış, qonşu dövlətin qüdrətli padşahı və ləyaqətli qadını kimi etiraf olunmuşdur. Məhinbanu daim onların süfrəsinin başında əyləşmiş, çox zaman da sayı bilinməyən möhtəşəm ordusu ilə onları düşmən təcavüzündən xilas etmişdir. Fars kökənli, fars hökmdarı IV Hörmüzün Məhinbanuya olan ehtiramının başqa bir cəhəti də onun türksoylu-azərbaycanlı xatunu olması ilə bağlı idi. Bir sıra müharibələrdə Məhinbanunun ordusunun IV Hörmüzün qoşunu ilə birgə döyüşməsi Arran, Bərdə torpaqlarını düşmən təcavüzündən xilas etmək və yadelli işğalçıların qarşısına sədd çəkmək məqsədinə xidmət edirdi.

“Xosrov və Şirin” poemasının unudulmaz obrazı

Tarixdə daha çox müdrikliyi və mərdliyi ilə yadda qalan Məhinbanu insani və əxlaqi keyfiyyətləri ilə dünyanın ən qüdrətli fatehlərini belə heyrətləndirmişdir. Onun ədəbi obraza və qəhrəmana çevrilməsi isə insanlığa örnək olan mənəvi saflığından, nəcibliyindən, xeyirxalığından və ədalət hissindən boy alırdı.

O, ədəbiyyata İnsan və Allah sevgisi, ilahi eşq, humanizm, eşqin zəfər bayrağını yüksəldən ədalətli şah obrazı kimi daxil olmuşdur. Bütün əsərlərində dünyanı sosial bərabərliyə səsləyən Məhinbanu Şeyx Nizami Gəncəvinin məhəbbətlə tərənnüm etdiyi, əslində cəmiyyətin idealı, ədalətin carçısı, həqiqətin aynası idi:

“Məhinbanu gəldi məclisə birdən. Şah ona xüsusi hörmət göstərdi. Hər zamandan artıq İzzət göstərdi.”

Şeyx Nizami Gəncəvinin “Xosrov və Şirin poemasında səslənən bu fikirlər bir daha sübut edir ki, müdrik və məğrur Məhinbanuya sözün gerçək mənasında qonşu dövlətlərin hökmdarlarının hörmət və izzəti olmuşdur. Bu ehtiram təkcə onun geniş ərazisi, qüdrətli ordusu və zəngin xəzinəsi ilə deyil, bir hökmdar kimi mənəvi zənginliyi və müdrikliyi ilə bağlı idi.

Məhinbanunun vəliəhdi, II Xosrov Pərvizin xatunu Şirinə olan nəsihətləri də bu qeydləri təsdiq edir: “Cütcü saf tum səpsə torpağa əyər, Şübhəsiz torpaqdan saf tum göyərər. Pak adam gövhəri saxlasa təmiz, Gövhər də bulaşmaz torpağa hərgiz. Banu həm ismətli, həm də kübardı, Xosrovdan, Şirindən xəbəri vardı. …Şirinə söylədi: “Qızım, bilginən, Bütün gözəllərin sultanısan sən. Arxanca kölgətək gəzir səadət Sənin bəzəyindir ismət, nəzakət. Qapısı möhürlü xəzinəsən sən Xəbərdar deyilsən yaxşıdan, pisdən. Dünyanın cürbəcür hiylələri var, Gah yaqutu əzər, gah dürr oğurlar. Ürəyimə damıb, gələn cahangir Səninlə qovuşmaq niyyətindədir. …Görsə ki, vəfalı, İsmətli qızsan, Olarsan cahanda böyük hökmdar. Əgər o aydırsa, biz afitabıq, O, Keyxosrov, bizsə Əfrasiyabıq…”

Qardaşı qızı Şirinə təkcə əzizi, doğması kimi deyil, həm də vəliəhdi, Alp Ər Tonqa soyunun davamçısı kimi nəsihət edən Məhinbanu qadın ləyaqətini, qadın ülviyyətini onun baş tacı bilir.

Təkcə Şərqdə deyil, Avropada da məşhur idi

Ömrünü hökmdarlıqda, rəiyyətin və geniş ərazilərin idarəsində, qüdrətli ordunun mükəmməl təlimlərində keçirən, ox atması, ov ovlaması, cahangirlərlə döyüşlərdə sücaət göstərməsi ilə ad çıxaran Məhinbanu özünün ədalətli hökmdar obrazı ilə Şərqdə deyil, Avropada da məşhur idi. Bu məşhurluğu ona dünyaşöhrəti ilə yanaşı, millət-məmləkət sevgisi, məhəbbəti də gətirmişdi. Öz ağlı, ləyaqəti, məğrurluğu və müdrikliyi ilə əsl azərbaycanlı, türk xatunu obrazını yaratmışdır. Ədaləti amalına çevirən Məhinbanu adını Tanrı sevgisinə, istəyinə, dünyanın əvvəlini və sonunu anlamaq duyğusuna görə müdriklər və müqəddəslər cərgəsinə yazmışdır.

Məhinbanunun İlahi eşqi və iki dünya ilə bağlı düşüncələrini Şeyx Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında onun Şirinə vəsiyyət səhnəsində fəlsəfi düşüncə ilə təsvir etmişdir:

Dünyada əbədi şey yoxdur, inan, dəyməz bir arpaya bu böyük cahan. Adəm töhfəsidir torpaqda hər iz, pak gövhərin olar mayəsi təmiz. Bu sözü yaxşı deyib ərənlər: Yaxşı-pis ölümdən sonra bilinər.”

Tarix yalanı sevmədi, əksinə, hər zaman gerçəklərə arxalandı

Ağlı, müdrikliyi, idarəçilik üsulu, döyüş taktikası, əxlaqı, mənəvi dəyərləri ilə milli dövlətçilik tariximizin əski çağlarını şərəfləndirən Məhinbanunun çox zaman tarixi şəxsiyyət və hökmdar xatun olması ilə bağlı mübahisələr də olmuşdur.

Dövlətçilik tariximizi özgə millətlərin və dövlətlərin adı ilə bağlamağa cəhd edənlər, bəzi “salnaməçilər və tarixçilər ədalət hissini unutduqlarından Qafqaz Albaniyasını etiraf etdikləri halda bu qüdrətli dövlətin hökmdarlarından biri Məhinbanunun üstünə kölgə salmaq istəmişlər. Lakin Alp Ər Tonqa, Arran, Bərdə adını yaddaşında yaşadan tarix yalanı sevməmiş, əksinə, hər zaman gerçəklərə arxalanmışdır. Bu gün də xalqımız ləyaqət və ədalət rəmzi kimi qəbul etdiyi, ənənələrindən bəhrələndiyi hökmdar qızı Məhinbanu-Şəmiran şəxsiyyətinə böyük hörmət göstərir.

Tarixi həqiqətlər, elmi-ədəbi mənbələr sübut edir ki, Şeyx Nizami Gəncəvi “Xəmsə” çələnginə aid olan poemalarının əksəriyyətini qüdrətli şahların və padşahların sifarişi ilə qələmə almışdır. Bu mənada o, sarayın başbilənlərinə də toxunmuş və bu əsərlər mirzələr tərəfindən üzü köçürüldükdən sonra yayılmışdır.

Bu gün Nizaminin əsərlərində obraz kimi işlənən simaların tarixi şəxsiyyət olmasını, qılıncları, qələmləri, dövlət idarəçilik sistemində mövqeləri və savaş meydanlarındakı fütühatları hər kəs etiraf edir.

Daha çox Şeyx Nizami Gəncəvinin əsərlərindən tanıdığımız Arran hökmdarı, Şirinin bibisi, Əfrasiyabın soyundan olan Məhinbanunun Atabəy Məhəmməd, Qızıl Arslan, Şirvan şah Axistan, Şirvan şah İbrahim, Şah İsmayıl Səfəvi, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi milli dövlətçilik tariximizdə yeri danılmazdır. Min illər boyu başqa millətlər, eləcə də Azərbaycan xalqı tərəfindən yaradılmış tarixə, mədəniyyətə, incəsənətə, musiqiyə və digər milli-mənəvi dəyərlərə saxtakarlıqla sahib çıxan bədnam erməni daşnakları təkcə torpaqlarımıza təcavüz etməmişdir. Onlar vicdanı sızlamadan türkün məşhur sərkərdəsi Alp Ər Tonqanın nəslindən olan və tarixi mənbələrdə Məhinbanu, Məhim Banu və Şəmiran kimi tanınan bu qüdrətli Xatunun erməni qadını oluğunu da iddia etdilər.

30 illik işğaldan, intizardan sonra özgürlüyə qovuşan Şərqi Zəngəzurda, Qarabağda, Murovun zirvəsində, Qafqaz Albaniyasının rəmzlərindən olan Kəlbəcər və Laçında yerləşən Alban məbədlərində dalğalanan Azərbaycan bayrağı bu torpaqların tarixi sakinlərinin və sahiblərinin ünvanı dünyaya göstərdi. Məhinbanunun soyunun əzəmətini sübuta yetirdi.

Bu gün VI – VII əsrlərdə Qafqaz Albaniyasında, Şərqdə ədalətli hökmdar kimi tanınan Məhinbanu cismani yoxluğundan sonra belə diri görünür, bəşəri görünür!

Bu bizim min illərin o başından boy alıb gələn ən böyük sərvətimiz, hökmdar əzəmətimiz, ədalət rəmzimiz, bitib-tükənməyən məhəbbətimizdir! Bunun üçün qürurlanmağa, daha böyük qələbələrə imza atmağa dəyər!

Şərəf Cəlilli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sabah göy üzündə nadir astronomik hadisə – "Qara Ay" müşahidə olunacaq.