Milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizdə Kəlbəcərin öz yeri, öz məqamı var. Sivilizasiyaların, dinlərin və mədəniyyətlərin dialoq məskəni olan Kəlbəcər sərt-sıldırım qayaların üstündə binə tutan, çay üstündə qala kimi tarixin yaddaşına yazılan diyarımız, yaddaş yerimizdir.
Qədim insan məskənlərindən, yaşayış yerlərindən sayılan Kəlbəcərdə 30 min ildən çox tarixi olan yaşayış məskənlərinin, 6 min il yaşı olan qayaüstü abidələrin, təsvirlərin, çöp şəkilli əski türk əlifbası nümunələrinin olması dediklərimizə əyani sübutdur. Qəbirüstü abidələri, sənduqələri, at və qoç heykəlləri, məbəd, məscid kimi Tanrı evlərini ziyarətdə bulunduqca tarixlər müasirlik arasında körpü olan bu diyarın müqəddəsliyini etirafda bulunursan.
Sərt, sıldırım qayalar üzərində, Tərtər çayın sahilində sıralanan mağaralar, kahalar, əski türklərdə “Kefliçər – Çay üstündə qala” kimi təqdim olunan Kəlbəcərin qədim yaşayış məskənləri, oronim, oykonim və toponimləri də, əski türk inanclarına, dünyagörüşünə bağlıdır. “Türk qəbiristanlığı” Heredoddan, Mixtar Qoşdan üzü bu yana dünya tarixçilərinin əsərlərinə daxil edilən Kəlbəcər abidələri heç bir yörədə analoqu olmayan Alıbəyli və Zar qəbiristanlıqları dediklərimizə əyani sübutdur.
Burada mövcud olan daş kitabələr, əski mixi yazılarla zəngin olan sənduqələr, Tanrıçılığı, atəşpətəstliyi, xristianlığı və islam dəyərlərini özündə ehtiva edən abidələr, məbədlər, məscidlər onu yaradan, ona ruhundan qida verən insanların təkcə inancı deyil, qurub yaratmaq, inanıb etiqad etmək kimi müqəddəs hisslərinin, duyğularının, daşa, yaddaşa köçən dünyasının aynasıdır.
Dinlərin, mədəniyyətlərin, tolerantlığın ünvanı
Qobustanın qayaüstü abidələri, Gəlinqaya təsvirləri ilə yanaşı Kəlbəcərin “Sultan Heydər”, “Qurbanalı çay”, “Turşsu”, Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” qayaüstü abidələri, təsvirləri də qədim yaşayış məskənləri əski çağ mədəniyyəti ilə dünyaya meydan oxuyan Odlar Yurdu Azərbaycanın milli kimliyinə, etnodil proseslərinə şahidlik edən daş salnamələrdir. Bazalt daşlara, sərt, sıldırım qayalara həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan ibarət daş kitabələr bu torpağın əski çağ mədəniyyəti, dəyərləri ilə bağlı ən ciddi informasiyaların daşıyıcılarıdır. Kəlbəcər insanının, daha doğrusu bu qədim yaşayış məskəninin tarixi sakinlərinin yaşantısını, həyat tərzini, məişətini, kosmoqonik görüşlərini, dini inanclarını özündə ehtiva edən təsvirlər göylə yerin arasından ilahi eşqinin, Tanrı sevgisinin ünvanıdır. Bu təsvirlər ruhunu daşa, yaddaşa köçürən insanların, yoxdan var edənə ülvi duyğularının ifadəsi olmaqla yanaşı, Kəlbəcərin sərt, sıldırım qayalarını ilk tədris mərkəzlərinə, sənət, mədəniyyət, incəsənət ocaqlarına çevirən insanların analitik təfəkkürünün, intellektual potensialının aynasıdır.
Vəngli kəndində mövcud olan Kəlbəcər və Xoxanberd monastrının, Xaçın knyaz sarayının, Havartuğ monastrının, Bazarkənd kəndində mövcud olan Vaçar yaşayış yeri, Mamakan xatun kilsəsi, Müqəddəs Stepanos kilsəsi, Kolatan kəndində olan Böyük Aran və Kolatan monastrları, Dovşanlı kəndindəki Harva kilsəsi, Bağlıpəyə kəndindəki Xudavəng monastrı, Zar kəndindəki Müqəddər Tanrı anası monastrları Qozlu kəndindəki Qırmızı, Vaqaus və Xatirəvəng monastrları, Çapar kəndindəki Qırımızı daş, Çərəkdar kəndindəki Çərəkdar monastrları, Yayçı kəndindəki Xilaskar kilsəsi Qafqaz Albaniyasının abidələr panteonu olan Kəlbəcərin sivilizasiyaların, dinlərin, mədəniyyətlərin dialoq ünvanı olduğunu sübut etməklə yanaşı, Odlar Yurdu Azərbaycanın mənəvi əzəmətini, qüdrətini, zənginliyini dünyaya nümayiş etdirir.
Qala kimi qala, məbəd kimi məbəd
Min illər boyu qılıncla qələmin vəhdətində dövlətlər quran, vardığı məmləkətlərdə altundan saraylar yapan türklər Şaman duaları ilə Tanrıya əl açdılar. Əslində əllərini deyil, könüllərini, qəlblərini açdılar. Uca dağlar başında tonqal çatdılar.
Davuldan qavala yol gəldilər, baş köşələrində şamanlara – qamlara yer verdilər. Müqəddəs ruhları çağırdılar, ilahilər bəstələdilər. Ruhun nəğməsinə dönən saz havaları, muğamlar yaratdılar. Ruhların nəğməsini yer üzündə çağıranlar yerdən göyə körpü saldılar. Sonra müqəddəs ruhun – Uca Yaradanın eşqinə tonqalı məbədə gətirdilər. Oda, atəşə aşiq oldular. Odlar Yurdu Azərbaycan atəşpərəstlərin diyarı kimi tanındı. Bozqurdun nuruna, oda, atəşə sitayiş edənlər, tək Tanrıya inandıqlarından idi ki, İsa Məsihi, İncili haqqa yol hesab etdilər. Xristianlığı həyat tərzinə çevirdilər. Məbədlər, monastrlar, kilsələr yapdılar. Sonra islama, mələklərin qanadında yer üzünə endirilən, Məhəmməd Peyğəmbər əleyhissəlamın ruhundan cücərən Qurani-Kərimə, Adəmdən – Xatəmə yol gələn 124 min peyğəmbərin sonuncusuna, “Beşikdən qəbir evinəcən oxuyun” kəlamı ilə düşüncənin düzənini dəyişən Peyğəmbərə tapındılar. Adına türbələr, məscidlər, yapdılar. Sütunu ilahi eşqdən, tavanı Tanrı sevgisindən qurulan məscidlərdə hüzur buldular. İrfan bulağından içdilər. “Ey Ulu Tanrı əgər mən sənə cənnət eşqindən xidmət edirəmsə məni ondan məhrum eylə, cəhənnəm qorxusundan xidmət edirəməs məni onun girdabına at, yox əgər mən sənə təkcə sənə görə xidmət edirəmsə onda mənim taleyim sənə necə sərf edir, o cür də həll et!” – dedilər. Taşı, tuncu yondular, sərt qayaları çapdılar, Alpan-işıq, işraq, nur məbədlərini qurdular. Çərkədar kəndinin Həsən Camal kilsəsi, Qanlı kəndin Lök qalası, Qalaboyunlu qalası, Comərd qalası, Keşikçi qalası, Kəlbəcər məscidi, Başlıbel məscidi, Otaqlı məscidi, Tərtərçayın zümrüd qaşı – Tağlıdaş körpüsü, bu torpaqların tarixi sakinləri və sahibləri, alpanların – albanların, Ağvan, Ağuan müqəddəsliyinə bağlı Ağdaban yaşayış məskəni və məbədi, Laçında, Lev, Uluxan, Qalaboyun, Comərd məbədləri Haqdan qopub haqqa varan yolda dili dualı, Tanrı sevdalı Kəlbəcərin, daha doğrusu sazlı-sözlü, “Şüara” və “Qələm” müjdəli Kəlbəcərin tək Tanrıya, ulu yaradana, Qurani-Kərimə bağlı müqəddəsliyinə işarədir.
Qafqaz Albaniyasının möhürbəndinə, imzasına dönən Alpan-Alban məbədləri Kəlbəcərlə yanaşı, əski türklərin məskən saldığı əksər yörələrimizdə də mövcuddur. Borçalıda, Şəkidə, Qəbələdə, Laçında, Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikasının ərazisində erməni katolikoslarının əl qoyub, kilsə kimi təqdim etdikləri) mövcud olan məbədlər Ərəb istilasından sonra erməni katolikoslarına, ərəb xəlifələri tərəfindən əta edilsə də, əski oğuz-türk tayfalarının oda, atəşə, tək Tanrıya inamının ifadəsinə dönən abidələr barədə Vatikanda, İngiltərə, Fransa, Almaniya, Rusiya kafedral kilsələrində, Osmanlı tarixini mühafizə edən Nur Osmaniyə, Şərqin dəyərlər xəzinəsi sayılan Misir kitabxanalarında qorunan sənədlər də dediklərimizi təsdiq edir.
Xudanın bulunduğu yer – Xudavəng
30 illik işğal, erməni təcavüzü nəticəsində Qarabağda, Şərqi Zəngəzurda daş-daş üstündə qalmadı. Bu torpaqların tarixi sakinlərinin yaddaşı, dini etiqadı, inancı ilə bağlı bütün abidələr yerlə-yeksan edildi. XVIII yüz ildən sonra Qafqaza, Qarabağa köçürülən gəlmələrin – ermənilərin şərəfinə çar cəlladlarının təməlini qoyduğu kilsələr, Ağoğlan qəsri və Xudavəng məbədi məhv edilmədi. Üzərindəki albanlara məxsus tamğalar, mixi yazılar, təsvirlər pozuldu. İrəvandan gələn katolikosların iradəsi ilə tarixi həqiqətin üzərinə kölgə salınmağa cəhd edilsə də, 44 günlük Vətən müharibəsindən, haqq davasından sonra Xudavəng monastrının və Ağoğlan qəsrinin məbədə, alpanların ziyarətgahına çevrilməsinə nail olundu.
Kəlbəcərin şərqində, işğaldan azad olunan qədim yaşayış məskənlərimizin mərkəzinin 29 kilometrliyində, Murovdan və Qarabağ silsilələrinin qovuşduğu dağlıq vadidə, yüksək təpəlik, daha doğrusu sərt, sıldırım qayalar üzərində mövcud olan Xudavəng məbəd kompleksi Qarabağın mədəniyyət mərkəzlərindən biri kimi onun orta əsrlərdə mənəvi tərəqqisinə töhfələr vermişdir. Dini-mədəni mərkəz rolunu oynayan, adı tarixi mənbələrdə Dadivəng kimi də qeyd olunan Xudavəng Məbəd Kompleksinin Dadi sözünün mahiyyəti – etimologiyası Qafqaz Albaniyasının tarixi ilə bilavasitə bağlıdır. “Dadi və ya Dada Həvvari Faddey tərəfindən “xristianlığın təbliğ edilməsi üçün şimal və şərq ölkələrinə göndərilmiş 70 həvaridən biri olmuşdur”.
“Xudavəng monastrına dini və dünyəvi xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifariş və himayəsi ilə inşa edilmişdir. Kompleksin təməli VI-VII əsrlərdə qoyulmuşdur. Həmin tikili müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və yerli Abqar adlı hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kompleksə daxil olan kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanın həyat yoldaşı tərəfindən inşa olunmuşdur. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilən XV əsrdən isə knyazlığın dini məbədinə çevrilən Xudavəng monastrı Alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilmişdir. Hökmdarın xatunu Arzu xatunun bu qalada dəfn olunması ilə Həsən Cəlal ona diqqətini bir qədər də artırmışdır. Həsən Cəlalın anası Arzu xatunun və görkəmli tarixçi Muxtar qoşun da divarına daş qoyub hördüyü məbədin tikintisində şərq memarlığını da nəzərə alınması abidənin tarixi sahiblərinin ünvanını göstərən amillərdəndir. “Üstü gümbəz kimi tikilən bu kompleksin tikilməsindən ağac materiallarından da istifadə olunmaqla yanaşı, Tərtər çayının sahilində – bir dərədə yığılaraq süxurlanmış və kristallaşmış gildən əmələ gələn daşlardan istifadə olunmuşdur. Vəng kəndində yerləşən bu məbəd kompleksin divarlarında boya ilə çəkilmiş çoxsaylı şəkillər və mixi yazılar mövcuddur”.
30 illik işğal dövründə erməni katalikoslarının ibadətgah yerinə çevrilən Xudavəng Məbəd Kompleksi 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş, məbədin tarixi sahibləri, Qəbələdə yerləşən Alban-Udi Ocağının nümayəndələri onu ziyarətə getmiş, ayinlər gerçəkləşdirmişdilər. 2020-ci il dekabrın 5-də isə Alban-Udi kilsəsinin rəhbəri Rafik Dadakari məbədə vaiz təyin olunması ilə Xudavəngdə yeni mərhələnin əsası qoyulmuşdur. 2020-ci il noyabrın 28-dən sonra hüzura qovuşan Kəlbəcər bu gün tikilir, qurulur, sərt, sıldırım qayaların qoynuna yeni nəfəs gəlir. Qafqaz Albaniyasının abidələr panteonun gözünün nuru Xudavəng tarixi sakinlərinin, sahiblərin duaları moizələri ilə nura qərq olur.
İsa Məsihin əmanətləri satışa çıxarıldı
2020-ci il dekabrın 16-da baş verən bir hadisə ilə Tanrı evinə belə əl uzadanların haqqdan, ədalətdən uzaq simasını dünyaya nümayiş etdirdi. Həmin gün tarixi Azərbaycan şəhərində – Ermənistanın paytaxtı İrəvan şəhərindəki Xalq Sənətləri Muzeyində “Dadivəngdən İrəvana” adlı satış-sərgi keçirildi. Sərgidə Xudavəng Monastr Kompleksindən gətirilən Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olundu”.
Tanrının bir adı Allah, bir adı da Xudadı. Xudavəng sözü Xuda ilə başlayır. 1992-ci ildə Kəlbəcər didərgin düşəndə kəlbəcərli qız gəlinlər erməni daşnaklarının əlinə keçib rəzil olmamaq üçün özlərini Murovun zirvəsindən dərəyə atdılar.
Kəlbəcrin iki qüdrətli şairi Bəhmən Vətənoğlu və Sücaət onun iyini, ətrini tutiya bilib, ruhunda yaşatmaq üçün Murovun ətəyində binə qurdular, ondan qopub ayrılmadılar.
“Ağlaya-ağlaya köçən Kəlbəcər, bir gün gülə-gülə qayıdacaqdır”, deyən Sücaət də, Bəhmən də Kəlbəcərsiz köçdü dünyadan. Aşıq Şəmşirin Ağdabandakı yurdunu oda qalayan, 12 ailə üzvünü soyqırımı qurbanına çevirən, Xudavəngdən apardığı Tanrı, din, iman nümunələrini, İsa Məsihin əmanətlərini bazara çıxaran erməni daşnakları “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə, Beynəlxalq əməkdaşlıq naminə “Tramp marşrutu”na qol qoyan, Zəngəzur dəhlizinin qapısını Turanın, türk dünyasının, Böyük İpək Yolunun üzünə açan Liderin – Prezident cənab İlham Əliyevin simasında tarixə həm də, Qafqaz Albaniyası kimi qüdrətli bir dövlət bəxş edən millətin, məmləkətin, Odlar yurdu Azərbaycanın əzəməti ilə üz-üzə gəldi. Bu, Xudanın bulunduğu yerdə – Xudavəngdə özünə yuva qurmaq istəyənlərə 44 günlük Vətən Müharibəsindən sonra verilən ən böyük dərslərdən biri idi.
Şərəf Cəlilli