Dünya Şəhər Forumu müxtəlif maraqlı tərəflərin bir araya gələrək dayanıqlı şəhərlərin inkişafı ilə bağlı real təcrübələri, ən yaxşı praktikanı və mövcud çətinlikləri müzakirə edə bildiyi nadir və unikal platforma hesab olunur.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Polşanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Krysztof Szezerski BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər səviyyəsində görüşdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bütün şəhərlər sosial həmrəyliyin gücləndiyi, iqtisadi imkanların genişləndiyi və fövqəladə vəziyyətlərə qarşı dayanıqlığın təmin olunduğu məkanlara çevrilməlidir.
Szezerski qeyd edib ki, Yeni Şəhər Gündəliyinin icrası yalnız beynəlxalq səviyyədə götürülən öhdəliklərdən deyil, eyni zamanda yerli səviyyədə görülən konkret tədbirlərdən də asılıdır. O vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumunun əsas mahiyyəti tərəfdaşlıq, birgə məsuliyyət, çoxtərəfli idarəetmə və vətəndaş cəmiyyətinin proseslərə cəlb olunmasıdır.
“Bu səbəbdən Bakıdakı müzakirələr son dərəcə mühüm rol oynayacaq”, – deyə Polşanın BMT-dəki daimi nümayəndəsi əlavə edib.