Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/03/2026

Paylaşın

HƏR ŞEYDƏN

Payız axşamlarında könlümüzü bir fincan çaydan da çox isidən köhnə filmlər

Köhnə filmlər, Film, Фильм

Payız axşamlarının özünəməxsus gözəlliyi var: pəncərəyə çırpılan yağış damcıları, bir fincan isti çay və televizorda illərdir sevə-sevə izlədiyimiz filmlər… Xüsusilə də ekranda uşaqlığımızın sevimli qəhrəmanları görünəndə sanki illər əvvələ qayıdırıq. Onların hər sözünü əzbər bilirik, hadisələrin necə davam edəcəyini, filmin necə bitəcəyini də yaxşı xatırlayırıq. Sadalananlar isə həmin filmlərə yenidən baxmaq həvəsimizi azaltmır. Əksinə, tanış səhnələri eyni maraqla izləyir, dəfələrlə eşitdiyimiz zarafatlara yenə gülür, ailəlikcə televizor qarşısına yığışdığımız günləri yada salırıq. Elə isə gəlin görək, bu payız hansı filmlərə yenidən baxaraq keçmişin xoş xatirələrini canlandıra bilərik?

İlk olaraq bir çoxumuzun yaddaşında xoş xatirələrlə yaşayan Azərbaycan filmlərinə nəzər salaq. Rəşid Behbudovun baş rolda oynadığı “Arşın mal alan” (1945) unudulmaz musiqiləri, maraqlı hadisələri və köhnə Bakının bənzərsiz ab-havası ilə bu gün də tamaşaçıların sevimlisidir. “Əhməd haradadır?” (1963) və “Qayınana” (1978) filmləri isə illər keçsə də, insanları güldürməkdən yorulmur. Bu ekran əsərlərinin, demək olar ki, hər səhnəsini əzbər bilirik, lakin tanış zarafatları eşidəndə yenə də özümüzü gülməkdən saxlaya bilmirik. Bir qədər kövrək və duyğulu hekayə izləmək istəyənlər üçün isə ailə münasibətlərindən, sevgidən və insan mehribanlığından bəhs edən “Ögey ana” (1958) gözəl seçimdir. “Şərikli çörək” (1969) filmi də bizi keçmişə, qonşuların bir ailə kimi yaşadığı, uşaqların səhərdən axşamadək həyətlərdə oynadığı köhnə Bakı günlərinə aparır. Uşaqlığımızın ən rəngarəng ekran əsərlərindən olan “Sehrli xalat” (1964) isə maraqlı sərgüzəştləri və nağıl dünyasını xatırladan hadisələri ilə bu siyahını tamamlayır.

Sovet kinosu da tamaşaçılara kifayət qədər xoş anlar yaşada bilər. “İvan Vasilyeviç peşəsini dəyişir” (1973), “Brilyant əl” (1969) və “Qafqaz əsiri” (1967) hər il yenidən baxıla biləcək filmlərdəndir. Demək olar ki, bütün zarafatlarını əzbər bilirik, amma yenə də gülməkdən özümüzü saxlaya bilmirik. Yağışlı bir axşam üçün “Şerlok Holms və doktor Vatsonun macəraları” (1979–1986) da gözəl seçimdir. Dumanlı London, Beyker-stritdəki məşhur mənzil, musiqi və müəmmalı cinayətlər özünəməxsus ab-hava yaradır. “I əməliyyatı və Şurikin başqa macəraları” (1965) və “Uğur centlmenləri” (1971) isə bu komediyalara bütün ailə ilə baxılan, sevimli ifadələrin uzun müddət dillərdən düşmədiyi illəri yada salır.

Xarici kino həvəskarlarının da xatırlayacağı çox şey var. Maykl Cey Foksun baş rolda oynadığı “Gələcəyə qayıdış” (1985) bizi yenidən zaman səyahətinə aparacaq, Robin Uilyamsın çəkildiyi “Cumanci” (1995) isə ilk baxışda keçirdiyimiz həyəcanı bir daha yaşadacaq. Cim Kerrinin “Maska” (1994) və Sami Naserinin “Taksi” (1998) filmləri videokasetləri, videomaqnitofonları və yeni bir filmə baxmağın əsl hadisəyə çevrildiyi dövrləri xatırladacaq. “Bethoven” (1992) və “Çətin uşaq” (1990) kimi mehriban ailə komediyaları isə uşaqlığı 1990-cı illərə təsadüf edənlərin üzündə, yəqin ki, təbəssüm yaradacaq. Bu siyahıya “Evdə tək” (1990) filmini də əlavə etmək olar. Çoxları bu gün də həmin filmə illər əvvəl olduğu kimi böyük zövqlə baxır.

Əgər payız axşamında daha sakit və bir qədər kədərli film izləmək istəyirsinizsə, Riçard Gir və Vaynona Rayderin rol aldığı “Nyu-Yorkda payız” (2000) filmini seçə bilərsiniz. Tom Henksin baş rolda çəkildiyi “Forrest Qamp” (1994) isə həyatın sadə sevinclərini qiymətləndirməyin nə qədər vacib olduğunu xatırladacaq.

Yəqin ki, hər birimizin yaddaşında xüsusi yeri olan bir film var. Bəlkə də onu ilk dəfə uşaqlıqda ailəmizlə birlikdə izləmiş, yaxud videokasetini qonşudan götürmüşük. İllər keçib, texnologiya dəyişib, minlərlə yeni film çəkilib. Biz yenə də bəzən köhnə filmlərə qayıdırıq, çünki ekranda təkcə sevimli qəhrəmanlarımızı deyil, həm də uşaqlığımızı, doğma insanları və unudulmaz günləri görürük. Köhnə filmlərin əsl sehri də elə bundadır.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Laosun yeni səfiri Siphandon Oybuabuddini qəbul edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Laosun yeni səfiri Siphandon Oybuabuddini qəbul edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin