Zərif diademlər, bəzəkli tüfənglər və gümüş tapançalar — XX əsrin əvvəlində Bakı zərgərlik sənəti dünya səhnəsinə çıxdı. Hər şey isə… Zərgərlər küçəsindən başlandı.
Bir zamanlar Bakının qədim mərkəzində bir küçə vardı — modasevərlərin və kolleksiyaçıların nəfəsini kəsən Spasskaya küçəsi. Sonradan bu küçə Qasım İsmayılovun adını daşısa da, xalq arasında daim Zərgərlər küçəsi kimi tanınıb.
Baki-baku.az xəbər verir ki, məhz bu küçədəki vitrinlər qızıl və gümüşlə parıldayır, ustalar yorulmadan elə zinət əşyaları yaradırdılar ki, onların şöhrəti okeanın o tayına qədər yayılırdı.
Bakı qədim zamanlardan Şuşa, Gəncə, Şamaxı və Nuxa (Şəki) ilə yanaşı Azərbaycanın zərgərlik paytaxtlarından biri sayılırdı. Burada elə zinət əşyaları hazırlanırdı ki, qiymətli metallarla daşlar qədim texnikaların — zərnişan, səbətkarlıq, çəkic işi, minaaşinaslıq — incəlikləri ilə birləşirdi. Hər bir kəmər, bilərzik özündə bir hekayə daşıyırdı — sahibinin yaşı, statusu, mənşəyi və hətta ailə vəziyyəti haqqında danışırdı.
Zaman keçdikcə bu bəzəklər də dəyişirdi. Onlara baxmaqla təkcə sosial statusu deyil, qarşıdakı qadının kim olduğunu da anlamaq olurdu: məsələn, gəlin idi, yoxsa evli bir xanım. Tarixən hər bir geyim dəstinə uyğun xüsusi zinət dəstləri hazırlanırdı. Paltardakı kiçik dəyişiklik belə, zinət dəstinin də dəyişməsinə səbəb olurdu. Daha varlı, gözoxşayan geyimlər üçün daha bahalı və zəngin bəzəklər seçilirdi. Qeyd edilməlidir ki, Bakı qadınları bu bəzəklərdən çox ustalıqla istifadə edir, geyim ansamblındakı və hətta onun rəng çalarlarındakı dəyişiklikləri də incəliklə hiss edirdilər.
XIX əsrin ikinci yarısında neft bumu ilə Bakıda həyat tamamilə dəyişdi. Bu dəyişikliklər zinət əşyası dəbinə də təsirsiz ötüşmədi. Avropadan zərgərlik məmulatları gətirilməyə başlandı — təkcə bəzəklər yox, həm də qab-qacaq, siqaret qutuları, foto çərçivələri və s. Zərgərlik əşyalarına tələbat kəskin artdı, zərgərlərin sayı da çoxaldı.
1898-ci il üzrə Bakı Prob Palatasının məlumatına görə, şəhərdə 1036 nəfər qızıl və gümüş ustası fəaliyyət göstərirdi. Onların arasında yerli ustalarla yanaşı, başqa şəhərlərdən gəlmiş sənətkarlar da var idi.
Həqiqi dönüş nöqtəsi 1900-cü ildə Parisdə keçiriləcək Ümumdünya Sərgisinə hazırlıq oldu. Məhz o zaman probirer Vitold Zqlenitski Bakı ustalarına və imkanlı şəhərlilərə cəsarətli bir ideya ilə müraciət etdi: ən yaxşı əsərləri toplayaraq Azərbaycanı imperiyanın zərgərlik Mekkası kimi təqdim etmək.
İlk dəfə olaraq indiki Muxtarov küçəsindəki (o vaxtkı Fars küçəsi) emalatxanalarda hazırlanan zinət əşyaları Avropa və Şərq sənətkarlığı ilə bir sırada parıldamalı idi.
Sərgilənən eksponatlar çox müxtəlif idi — həm müasir dövrün gətirdikləri, həm də ənənəvi əl işləri. Onlar Rusiya imperiyasına daxil olan bütün əyalətlərdən Maliyyə Nazirliyinin Ticarət və Manufaktura Departamentinin dəvəti əsasında toplanırdı — məqsəd 1900-cü ildə Parisdə keçiriləcək sərgi üçün yerli zərgərlik məmulatları kolleksiyası hazırlamaq idi.
1900-cü ilin yanvarında Bakıda həmin sərgiyə həsr olunmuş yerli sərgi keçirildi — bu, əsl zəfərin müjdəçisi idi. Elə möhtəşəm tədbir idi ki, şəhər elitası ilə yanaşı, Zeynalabdin Tağıyev, general-qubernator Odintsov və hətta fotoqraflar da iştirak etmişdi. Onlar sərgidə nümayiş olunan zinət əşyalarının rus və fransız dillərində təsviri ilə kataloqu da hazırlamışdılar. Aşurbəyovlar isə II Nikolaya hədiyyə edilən 3 kq 200 qram çəkili (8 funt) gümüş boşqabın — qızıl, fil sümüyü və rəngli minaaşinaslıqla bəzədilmiş — surətini sifariş etdilər. Bakı ustaları bu işi mükəmməl şəkildə yerinə yetirdilər. Parisdə sərgilənən bu boşqab əsl sensasiyaya çevrildi və sərginin diqqət mərkəzi oldu.
Nəticədə Bakı və digər Qafqaz şəhərlərinin zərgərləri yüksək mükafatlara — o cümlədən gümüş işlərindəki ustalığa görə qızıl medala layiq görüldülər. Bəzilərinin adları Rusiya imperiyasının rəsmi sərgi kataloquna salındı və tarixdə əbədi olaraq yaşadı.
Elə həmin dövrlərdən etibarən Bakı zərgərlik sənəti təkcə sənətkarlıq yox, mədəniyyətin bir simvoluna çevrildi. Yenidən təkrar-təkrar izah olunmağa ehtiyac duymayan bir sənətə… Bu gün də o, tıpkı yüz il əvvəl Parisdəki kimi parıldayır. Bəlkə də indi kiminsə sinəsində — sırğa, broş və ya bir vaxtlar Parisdə heyranlıq doğuran diadem formasında… Və hər dəfə Bakı qızılı günəş şüasını tutanda — bu hekayə yenidən başlayır.

Hacı Cavadov