Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/20/2026

Paylaşın

TARİX

Novruz – Türk Dünyasının ortaq mirası

WhatsApp Image 2026-03-20 at 08.26.23 (1)

Milli-mənəvi dəyərlər tariximizdə mühüm yer tutan Novruz türk xalqlarının qədim və tarixi bayramdır. Qədim dövrlərdə bu bayramın adı Novruz deyil, Tura adlanardı. Tura – Törə sözündən yaranıb ki, bu gün dilimizdə işlətdiyimiz Turan sözü də bu addan götürülüb.

Əcdadlarımız qədəm qoyduqları bütün bölgələrdə Tura bayramını böyük ruh yüksəkliyi ilə qeyd ediblər. Tura yeni günün başlanğıcı kimi qeyd edildiyindən, farslar bu sözü Nov-yeni, ruz-gün ilə əvəzləyiblər. Sonralar elə bayramın adı Novruz kimi yaddaşlarda daha çox yaşayıb. 21 Mart tarixində günəş Şimal yarımkürəsinə keçir və o yarımkürəni isitməyə başlayır. Beləliklə də bu gün baharın başlanğıcı olaraq qəbul edilir. Novruz bayramının nə İslamiyyət, nə Ələvilik, nə də Sünnilik ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Çünki Novruz ənənəsi İslamdan çox-çox əvvəllər ortaya çıxıb. Novruz nə bir məzhəb, nə də bir dinin bayramı deyil. Mahmud Kaşğarlının “Divan-i-Lüğəti-türk”ü əsərində, Səlcuqlu Vəzir Nizamülmülkün “Siyasətnamə”sində, Məlikşahın təqvimində, Ağqoyunlu hökmüdarı Uzun Həsənin qanunlarında, Qazi Bürhanəddinin, Səfəvi şahı Şah İsmayılın divanında türklərin yaşam tərzini, adət-ənənəsini əks etdirən Novruz bayramının ortaq türk bayramı olduğu qeyd edilir. Novruz bayramı ilə bağlı Türk topluluqlarında müxtəlif adətlər meydana gəlib. Türküstandan Balkan türklərinə, hətta Amerikadakı Qızıldərililərin yaşatdığı adətlərdə bu mərasimin ənənlərinə rast gəlmək mümkündür. 

Suya üzük atan, bayramın adına süfrənin ən gözəlini açan Azərbaycan

Azərbaycanda hər il Novruz bayramı martın 21-dən 23-dək təntənəli mərasimlərlə qeyd olunur. Yaxınların doğmaların məzarları ziyarət edilir. Bu ziyarətlərdə hazırlanan halva, plov və ərzaqlar kasıblara paylanılır. Digər türk xalqlarından fərqli olaraq Azərbaycanda Novruz üçün Səməni göyərdirlər ki, bu da ruzi-bərəkət simvoludur. Adətən İlaxır çərşənbə olan Torpaq çərşənbəsini böyük coşqu ilə keçirən xalqımız bu gün bütün xalq inanclarını həyata keçirirlər. İlaxır çərşənbədə “Qapı pusma”, “Suya üzük atma”, “Su başı”, “Baca-baca” adətləri, uzun illərin ənənələrinə çevirilən müxtəlif motivli oyunlar xalqın yaşam tərzinə rəng qatır. Əvvəllər Səməni halvası bişirilib nəzir kimi 7 qapya paylansa da günümüzdə bu adətə az hallarda rast gəlirik. Amma Türküstanda, Qarapapaqların daha sıx şəkildə yaşadığı Qazax-Borçalı mahalında, Anadoluda və Sulduzda Novruz süfrəsi onsuz olmur, adına sümələk deyirlər. Şəkərbura, badambura, qoğal, kətə, külçə, qatlama kimi, sümələk də süfrənin əsas nemətlərindən biri kimi xüsusi diqqətlə hazırlanır. 



Qırğızların “Nouruz Köcö”sü

Qırğız türklərinin özəl və gözəl bayramı Novruz digər türksoylu xalqlarda olduğu kimi təntənə ilə qeyd edilir. Tanınmış tarixçi türkoloq K.Yudahinin əsərinə istinad edərək deyə bilərik ki, Novruz qırğızlarda da yeni ilin ilk günü anlamını ifadə edir. Həmin gün “Nouruz Köcö” deyilən xüsusi yemək hazırlanır. “Köcö”, darı yarması və ya bulqur əlavəsi ilə hazırlanan bir yemək növüdür. Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Bu, quzu ətindən və qırğızların makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir – çünki əllə yeyilir – yəni beş barmaqla. Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var – Azərbaycanda üzərlik yandıran kimi. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir.

 “Alas-alas, hər bəladan xilas” 

Qazaxlar “Alas-alas, hər bəladan xilas” – deməklə öz həyətlərin atəşlə bəd ruhlardan təmizləyirlər. Qazax türkləri də Qırğız türklərinin hazırladığı Novruz Köcö aşı bişirirlər. Bundan başqa Novruz mərasimlərində ənənəvi olaraq mövlud oxudurlar. Həmin gün evlərdə təmizlik işləri aparılır, yeni paltarlar geyinilir. Novruz mərasimləri sırasında evlərin divarlarına və əşyaların üstünə gildən hazırlanmış qablar çırpılaraq parçalanır və ocağın üstündən atlanılır. Böyük çadırlar qurulub, süfrələr açılır.



Cığatayların nişala gözəlliyi


Dəyələrin əyarına çevrilən, memarı inciləri, qüdrətli sərkərdə-xaqanları, elm və din biliciləri ilə dünyaya səs salan, Xarəzmşahların, Teymurlu xaqanlarının diyarı kimi ruhumuzu qida yeri olan Türküstanın incisi, Cığatayların qədim yaşayış məskəni Özbəkistanda da Novruz xüsusi təntənə ilə qeyd edilir.  Səmərqənd, Buxara, Xivə, Əndican şəhərlərində Novruz günü başlayan mərasimlər adətən bir həftə davam edir. Xalq bu mərasimlərdə çadır-çadır gəzərək bir-birilərinin bayramlarını təbrik edirlər. Bu ziyafətlərdə qonaqlara plov təqdim edilir. Köpkarı, güləş, at yarışları, xoruz döyüşləri kimi nümayişlər hazırlanır. Cığataylar Novruz süfrəsi üçün şəkərdən hazırlanmış nişala bişirirlər.

Özbəkistan böyük bir məmləkət olduğu üçün ölkənin hər yerində dəyişik adətlər var. Məsələn, Surxəndəryada adamlar asimandan yağmur gözləyir. Üzlərini böyük bir qocaman qadının – Sus xatının şəklinə tutub yağış istəyirlər. “Sus xatın, susma xatın, yağmır yağdır” deyə şərqi söyləyirlər. Novruzda Özbəkistanda məmləkətin yaşlı adamı əlini yağa batırar və öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli olsun.


Dini dəyərlərdən milli dəyərlərə


Türküstanın incilərindən biri, Məhdumqulu Fəraqinin diyarı Türkmənistanda Novruz bayramı – yeni gün dini bayramlara bənzər şəkildə keçirilir. Qarşılıqlı ev ziyarətləri edilir, təbrik məktubları göndərilir. Əski türkmənlərdə “Sultan Novruz” adlandırılan Novruz bayramı türkmənlərin yaylağa çıxması ilə müşayiət olunmaqla, 22-23 mart tarixlərində qeyd olunur. Bu ənənə bu gün davam edir. Novruz türkmənlər üçün həm də ölülərin yedirilib içirildiyi gün olaraq qəbul edilir. 

Türkmənistanda bir müddət, Safarmurad Niyazovun hakimiyyəti illərində mart ayının rəsmi adı Novruz idi. Prezident Berdıməhəmmədov keçmiş dövlət başçısı Niyazovun qoyduğu bütün ay adlarını ləğv edərək, Novruzun dini mərasim səviyyəsindən çıxarılıb, milli mənsubiyyət atributuna çevrilməsi üçün fərman imzaladı. 


Nevruzdan Sultan Navruza


Minillər boyu türksoylu xalqların milli-mənəvi dəyərlərinin aynasından biri kimi qəbul edilən Novruz Qaraqalpaqlarda Nevruz, Kırım türklərində Navrez, Qərbi Trakya türklərində Mevris, Makedoniya və Kosova türklərində Sultanı Navrız, Qaqauzlarda İlkyaz adları ilə yuxarıda bəhs etdiyimiz coşqu və ənənlərlərlə qeyd olunur. Çox geniş coğrafiyada yayılan Novruz mərasimlərində adətən bu oyunlar dəyişmədən keçirilməkdə davam edir.


“Gökbörü oyunu”


Novruz zəngin süfrə mədəniyyəti, el şənlikləri, milli oyunları ilə onun yaradıcısı və daşıyıcısı olan türksoylu xalqların düşüncəsinin tərcümanıdır. Milli rəqslər, oyunlar onun mahiyyətinin göstərici olduğu kimi,  “Gökböri oyunu” Türküstanda oynanılan oyunların şahı hesab olunur. Bu oyuna “gökböri, köpkarı, oğlaq, buzkaşi, kökpar, kükbar” kimi adlar da verilir. At yarışları, cirit oyunu, qılınc sallama, yamba qapma, güləş, at üzərində güc göstərmə, sinsin oyunu, huntu oyunu. Bu oyunların əksəriyyəti xüsusilə idman növü hesab olunur. Oyunların bir qismi isə tamaşa motivlidir.


Məsir Məcunu şənlikləri


“Kosa-Kosa oyunu, “dəvə oyunu”, “əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş oyunu”, “qış bovay”, “yolbar”, “arğımaq” kimi oyunlar da türk xalqlarının novruz ənənələrinə daxildir. Novruz bayramında məhəlli əyləncələrə də xüsusi yer verilir. Belə ki gənclər öz aralarında türkü və şeir söyləyərək yarışırlar. Bunlardan bəziləri, Halay yunu, Yaşıl yarpaq, Qızılgül, Haqışta, Bənövşə, Bəxtiyar və  digər deyişmələrdir. Anadolu ətrafında bu oyunlar adətən 21 martda böyük bir coşqu ilə keçirilir. Keçmişdə həmin günə xas olaraq məcunlar, şərbətlər, hədiyyələr hazırlanaraq dövlət adından böyükdən kiçiyə hər kəsə paylanılardı. Günümüzdə bu adət Anadoluda “Məsir Məcunu Şənlikləri” adı altında hələ də davam etməkdədir. Anadoluda “Sultan Novruz”, “Novruz Sultan”, “Mart doqquzu” və “Mart Bozumu” kimi adlarla tanınan novruz adətləri bütün türk toplumu içərisində yaşadılır.


Süfrəsinə yeddi nemət düzən, süd təmizliyi ilə Novruzu qeyd edən Türklər

Türksoylu xalqların daha az məskunlaşıb yaşadığı Tacikistanda da Novruz şənlikləri təntənə ilə qeyd olunur. Həmin gün onlar süfrəyə 7 nemət düzürlər. Bunlardan, süd – təmizliyi, şirniyyat – yaşama sevincini, şəkər – sərinlik və rahatlığı, şam – oda sitayişi, daraq – qadının gözəlliyini təmsil edirdi. İslamın gəlişindən sonra isə İslam adətlərinə uyğun olaraq, “S” hərfi ilə başlayan 7 nemət onları əvəz edib, yerini alıb.

Nadir şahın törəmələri, Novruzun inciləri


Əfqanıstan və Pakistanda yaşayan Otuz ikilər və Kəbirlilər tayfasının nümayəndəsi olan türklər Nadir şah  Əfşarın Əfqanıstanı və Pakistanı fəth etdikdən sora bu torpaqlarda məskunlamış olsalar da, üç yüz ildir milli-mənəvi dəyərlərini qoruyub, yaşatmaqadırlar. Burada yaşayan türklər arasında Novruz adətən doğum günü olaraq qeyd olunur. Bu gün hər kəs təzə libaslarını geyinir. Yaxınların məzarları və qohum-əqrəba ziyarətləri edilir. Güləş tutulur və oğlaq oyunu oynayırlar. İnsanlar arasındakı inciklik, küsülülük ardan qaldırılır. Xalq yeni ilə necə başlanarsa ilin elə keçəcəyinə inanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-şərif şəhəridir – əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Həzrəti Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Həzrəti Əlinin ziyarətgahında xüsusi sərgilər, mərasimlər təşkil olunur. Novruzda – Məzari-şərifdə müxtəlif oyunlar, yarışmalar da olur – xoruz döyüşdürürlər, it boğuşdururlar. Bu yarışmaların mövsümü Novruzda başlayır, sonra 3-4 ay da davam edir. Çərpələng uçurma kimi başqa oyunlar da olur.

Çılğayaq – Altayların Novruz sevgisi

Altaylardan Anadoluya səs salan, qəlbi dağları özünə məskən edənAltay türkləri  martın 21-ni Novruz bayramı ilə yanaşı,ə “Cılğayaq” deyilən bir bayram da qeyd edirlər. Bu bayramda da Novruz kimi baharın gəlişi qeyd olunur. Bayramın hazırlıqları yaz mövsümündə başlanılır. Əvvəlki ildən qalan, toplanaraq saxlanılan bitgilərin sarğay adı verilən kökləri çıxarılaraq onlardan yeməklər hazırlanır. Bundan baqşa bu bayramda bal qatılmış qatıq, dondurulmuş və qurudulmuş ət, qoyun, mal dırnaqlarında yeməklər hazırlanılır.

Ağ ağaclara çalma bağlayan, İsiaha bağlanan saxalar

Sibirin bumbuz təbiəti, Tayqa, Tundra meşələrinin qar içindəki hərarəti saxalardır desək, yanılmarıq. Şaman inancını, oda-atəşə sevgisini bu gün də qoruyub yaşadan saxalar milli-mənəvi dəyərlərin daşıyıcısı, eyni zamanda tərcümanı kimi var olduqları torpaqlarda yurt sevgisi ilə ömür sürməkdədirlər. Saxa türklərinin yaşadığı Sibirdə də bahar bayramı böyük coşqu ilə qeyd olunur. İsiah adı ilə tanınan bayramda dua və qımızla mərasimlər keçirilir, yurtlar, aullar təmizlənir, mərasim meydanlarına yarım ay əvvəldən yeni ağ ağaclar əkilir, meydanda böyük tonqal qalanır və bu tonqal mərasimlər bitənə qədər söndürülmür.

Ağ ağaclara əvvəl gənc qızlar və oğlanlar olmaqla bütün xalq təzə ildə həyata keçməsini istədikləri dilək tutub çalmalar bağlayırlar. Bu inanc və adət dünyanın demək olar ki, bütün türk xalqları tərəfindən hələ də yaşadılır.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.

GÜNDƏM

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin