Bakı elə bir şəhərdir ki, onun ruhunu hiss etmək üçün xəritəyə baxmağa ehtiyac yoxdur. Bir dəfə Xəzərin sahili boyunca addımlamaq kifayətdir. O yol səni Badi-Kubənin yaddaşına – dənizin ətri ilə yoğrulmuş küçələrə, küləyin pıçıldadığı tarixə aparacaq. Həmin yolun adı isə Neftçilər prospektidir.
Bəlkə də təsadüfi deyil ki, hər bir bakılı üçün şəhər məhz buradan başlayır. Bir tərəfdə minilliklərin sirrini qoruyan Qız qalası, digər tərəfdə sonsuzluğa açılan Xəzər… Bu prospekt təkcə avtomobillərin hərəkət etdiyi yol olmaqla kifayətlənmir. O, Bakının keçmişi ilə bu gününü birləşdirən canlı tarix kitabıdır.

Neftçilər prospekti uzun ömrü boyunca müxtəlif adlar daşıyıb. Vaxtilə Aleksandrovski sahili, sonra Qubanov sahili, Stalin prospekti adlandırılan bu küçə 1961-ci ildən etibarən bugünkü – Neftçilər prospekti adını alıb. Ancaq adlar dəyişsə də, onun şəhərin həyatındakı yeri heç vaxt dəyişməyib.
Prospektin yaranması XIX əsrin ikinci yarısında Bakıda baş verən böyük neft bumu ilə sıx bağlıdır. 1860-cı illərdə “Qafqaz və Merkuri” paroxod şirkəti burada körpülər, estakadalar və müxtəlif sahil qurğuları inşa etməyə başladı. Həmin tikililər sahil zolağını iki hissəyə ayırdı və şəhərin gələcək inkişaf istiqamətini müəyyənləşdirdi.

Neft sənayesinin sürətlə inkişaf etdiyi illərdə minlərlə insan Bakıya üz tuturdu. Şəhər böyüyür, liman genişlənir, yeni binalar ucalırdı. Aleksandrovski sahili isə həmin dövrdə həm dövlət idarələrinin, həm də şəhər həyatının ən mühüm mərkəzlərindən birinə çevrilmişdi. Qubernatorun iqamətgahının burada yerləşməsi də bunun göstəricisi idi.
1909-cu ildə Dənizkənarı bulvarın salınması isə Neftçilər prospektinin taleyində yeni mərhələ açdı. Xəzərin sahili artıq gəmiləri qarşılayıb, yola salan liman olmaqla yanaşı, həm də şəhərin nəfəs aldığı, insanların gəzdiyi, istirahət etdiyi məkana çevrildi. Bu dəyişiklik Bakının memarlıq simasını da kökündən dəyişdi.

Prospekt boyunca addımlayarkən hər bina sanki öz dövrünü danışır.
Ən qədim şahid, əlbəttə ki, Qız qalasıdır. Əsrlərdir şəhərin keşiyində dayanan bu möhtəşəm abidənin sirri bu gün də tam açılmayıb. Onun yaşı, tikilmə məqsədi barədə müxtəlif fikirlər səslənsə də, bir həqiqət dəyişmir: Qız qalası Neftçilər prospektinin ürəyidir.
Yaxınlıqda yerləşən İsa bəy Hacınskinin evi, vaxtilə şəhərin tanınmış sakinlərinin yaşadığı “Kaspar” binası, musiqili böyük fəvvarə, möhtəşəm Hökumət evi, Alimlər evi, Dövlət Musiqili Teatrı, Muzey Mərkəzi, Bəhram Gur abidəsi və Bakı funikulyoru bu prospekti yol, küçə, prospekt olmaqdan daha böyük mənaya mindirir – açıq səma altında memarlıq muzeyinə çevirir.

Bu binaların hər biri müxtəlif dövrlərin zövqünü, memarlıq məktəblərini və Bakının inkişaf mərhələlərini özündə yaşadır.
Ancaq Neftçilər prospektinin cazibəsi yalnız tarixində deyil.
Bu gün prospekt tamam başqa ritmlə yaşayır. Geniş yolları, müasir işıqlandırma sistemi, bərpa olunmuş fasadları, yaşıllıqları, rahat piyada zolaqları, yeraltı keçidləri və Xəzərlə vəhdət təşkil edən mənzərəsi ilə şəhərin ən baxımlı ünvanlarından biridir. Yeri gəlmişkən şəhərə gələn turistlər Azneft meydanında olan yeraltı keçidi xüsusi bəyənir, oranı muzeyə bərabər tuturlar.
Axşam düşəndə bulvar boyunca yanan işıqlar dənizin səthində əks olunur, prospekt isə sanki başqa bir simaya bürünür. Burada qədim daş divarlarla müasir şüşə binalar bir-birini tamamlayır, keçmiş və bu gün eyni küçədə yanaşı addımlayır.

Neftçilər prospekti artıq təkcə bakılıların deyil, dünyanın da tanıdığı bir məkandır. Hər il keçirilən Formula 1 Azərbaycan Qran-prisi zamanı bu prospekt dünyanın ən məşhur şəhər traslarından birinə çevrilir. Adətən sakit görünən küçələr həmin günlərdə mühərriklərin gurultusu, tribunaların coşqusu və minlərlə azarkeşin səsi ilə dolur. Tarixi binaların fonunda dünyanın ən sürətli bolidləri yarışır və Bakı milyonlarla tamaşaçının diqqət mərkəzinə gəlir. Tarixlə müasirliyin bu cür qovuşduğu şəhər trasına dünyada çox az rast gəlinir.

Prospekt boyunca fəaliyyət göstərən müasir restoranlar, kafelər, hotellər, dəbli mağazalar və mədəniyyət ocaqları isə onun gündəlik həyatını daha da rəngarəng edir. Günün istənilən saatında burada həm turistlərə, həm də şəhər sakinlərinə rast gəlmək mümkündür. Kimi Xəzərə baxaraq çay içir, kimi bulvar boyunca velosiped sürür, kimi isə sadəcə Bakının küləyini dinləyir.
Neftçilər prospekti Bakı tarixinin bir hissəsidir. Burada qədim qala divarlarının kölgəsi ilə müasir göydələnlərin işığı eyni mənzərədə birləşir. Keçmiş və bu gün bir-birinə sünbül kimi hörülür.

Bəlkə də elə buna görə Bakını sevən hər kəsin yolu gec-tez Neftçilər prospektindən keçir. Çünki bu prospekt həm şəhərin mərkəzi, həm də onun döyünən ürəyi, Xəzərlə birlikdə yaşayan ruhudur. Sanki bütün yollar elə neftçilər prospektindən keçir. Burada Bakı həm dünənini qoruyur, həm də sabaha doğru inamla addımlayır.
Xanım Aydın