Azərbaycanın mühacir şairi Almas İldırım 24 mart 1907-ci ildə Bakının Qala kəndində doğulub. 1914–1915-ci illərdə “İttihad” məktəbində təhsil aldığı dövrdə farsca öyrənib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir.
1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə “Dün bu gün” adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə “Dağlardan xatirələr”, “Ləzgi elləri”, “Krımda axşamlar”, “Səlimxan” və “Günah kimdədir?” adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb “Dağlara səslənərkən” şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Burada da onu təqiblər rahat buraxmır. Və o, 1933-cü ilin iyun ayında yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.


Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İrana çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün həbsxanada qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verirlər, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür. Özünü çox yalnız və qərib hiss etdiyi yerdə qala bilməzdi. Onun bütün arzusu Türk dünyasının yeganə müstəqil və hürr bir qalası olan Türkiyəyə qovuşmaqdı. Qısa müddət ərzində şair buna müvəffəq olur. 1934-cü ildə Türkiyə vətəndaşlığına qəbul edilir. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı, müxtəlif bölgələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışır.
Görkəmli şairimiz 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edib.
Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə vardır.
1991-ci ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.
Uşaqlıqdan onu babasının adı ilə — Almas çağırırdılar. Şeirlərini Almas imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır.

