Paris Sazişi çərçivəsində milli hədəflərimiz “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədində əks olunub. Ölkəmiz 2035-ci ilədək istilik effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılması öhdəliyini götürüb.
Baki-baku.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı deyib.
Nazir bildirib ki, Strateji Ekoloji Qiymətləndirmə planlaşdırmada mövcud strateji sənədlərlə uzlaşmanı tələb edir: “Bu yanaşma ilə biz gələcək fəaliyyətlərimizin karbon izini və potensial ekoloji risklərini əvvəlcədən müəyyən edə, alternativ inkişaf variantlarını düzgün, elmi əsaslı məlumatlar əsasında qiymətləndirə, resurslardan səmərəli istifadə edə bilirik”.