Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/10/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Naxçıvanın daşa-yaddaşa dönən dünyası – Möminə xatun

Dünyanın qədim yaşayış məskənlərindən sayılan, tarixi mənbələrdə Nuh peyğəmbərin çıxdığı torpaq kimi təsvir olunan Naxçıvan həm də Asəbü-Kəhf müqəddəsliyi, Gəmiqaya kimi tarixin ilk yazı mədəniyyətinin daşıyıcısıdır. Qəhrəmanlıq tariximizin bir parçası olan Oğlan qala, Qız qala, Əlincə qalası, intibah memarlığının ən zərif nümunələri sayılan Gülüstan və Möminə xatun türbələri, İnandağ (İlandağ), Haçadağ zirvələri də bu qədim diyarın dünyanın maddi-mədəni irsi siyahısına bəxş etdiyi töhfələrdəndir. Dulusçuluq, misgərlik nümunələri, inanc, iman yerləri olan ziyarətgahları, tarixi tikililəri, qüdrətli şəxsiyyətləri ilə öyünməyə haqqı çatan Naxçıvanda gözəlliyə, qadın müqəddəsliyinə ucaldılan, təməlinə sevgi şərbəti qatılan, bir türbə var: Kitabəsinə “İslamın və müsəlmanların paklığı Möminə xatunun xatirəsinə! Hər şeydən yüksək Allah ona rəhmət eləsin” kəlamları həkk olunan bu türbə səkkiz yüz illik bir zaman kəsiyini arxada qoymuşdur. O, Naxçıvanda bir çox tarixi tikililərin və abidələrin müəllifi olan memar Əcəmi Əbubəkir oğlu Naxçıvanlının Möminə xatun türbəsidir. Üstündən çox boranlar, qara yellər ötsə də, Möminə xatun türbəsi milli ornamentlərdə yaşayan cazibə qüvvəsini, qadına və canından can verən anaya olan ülvi məhəbbəti qoruyub saxlamaqdadır.

Qızıl Arslanın anası, Şəmsəddin Eldəgizin butası

Möminə xatun öncə İraq Səlcuq sultanlığının tərkibinə daxil olan Atabəy dövlətinin baş xatunu kimi çox məşhur idi. O, II Sultan Toğrulun, sonralarsa Şəmsəddin Eldəgizin sarayını öz gözəlliyi, müdrikliyi, ləyaqəti, döyüş meydanlarındakı cəsarəti və saraydaxili məsləhətləşmələrdəki mövqeyi ilə şərəfləndirirdi. Üç övlad böyüdüb tərbiyə edən Möminə xatun nəsil nəcabəti, şəcərə dəftəri, kübarlığı ilə Azərbaycan, şərq və türk ucalığına, qadın müqəddəsliyinə və müdrikliyinə nümunə idi. Dövlətin gələcəyinin qüdrətli varislərin yetişməsində, onların kamil tərbiyəsində görən Möminə xatun Sultan II Toğruldan dünyaya gələn oğlu Arslanın tərbiyəsinə xüsusi diqqət ayırmışdı. Onun Qızıl Arslan ləqəbi ilə şöhrətlənən bu qəhrəman oğlu sonralar türk saray mədəniyyətinin, Azərbaycan ədəbiyyatının ən zərif nümunələrini sifarişlə yazdırar, Şeyx Nizami Gəncəviyə xüsusi diqqət və hörmət bəsləyərdi. Görünür bu səbəbdən də Şeyx Nizami öz “Xəmsə”sində onu çox ustalıqla tərənnüm etmişdir. Möminə xatun oğlunun ustad dərslərini sarayın kübar bəylərinə, döyüşlərdə ad çıxaran sərkərdələrə deyil, 40 qulun içərisindən seçdiyi, mənəvi zənginliyi, nəzakəti, təmkini, ağlı, iradəsi, fərqli düşüncə tərzi və hadisələrdən baş çıxarmaq məharəti ilə çox-çox yuxarıda dayanan Şəmsəddin Eldəgizə həvalə etmişdi.

Bu səbəbdən də Sultan II Toğrul Möminə xatunun müdrikliyinə ehtiram bəslədiyi Şəmsəddin Eldəgizi oğlunun vəliəhdinin Atabəyi kimi qəbul etməkdən çəkinməmişdi. Özünün yüksək məntiqi, dünyagörüşü, fitri istedadı, insani və əxlaqi keyfiyyətləri ilə vəliəhdin, Möminə xatunun, Sultanın və saray əyanlarının könlünə yol tapan Şəmsəddin Eldəgiz sonralar dövlətin aparıcı simalarından birinə çevrilmişdi. Şəmsəddin Eldəgiz saraydaxili münaqişələrdə, döyüş meydanlarında Sultana sədaqət və ona etdiyi yaxşılığa görə Möminə xatuna xüsusi hörmət bəsləyirdi. O, öz xidmətləri ilə sarayda yüksək mövqe qazana bilmişdi. II Sultan Toğrulun vəfatından sonra (1132-1135-ci illər) Atabəylər dövlətinin taxtına Sultan Məsud çıxmışdı (1135-1152-ci illər). Şəmsəddin Eldəgizin dövlətçiliyin inkişafındakı xidmətlərini, dərin zəkasını, sultanlığa olan rəğbətini, daxili və xarici siyasətdəki mövqeyini nəzərə alan Sultan Məsud sultanlığın ən sadiq Atabəyi kimi onu iki böyük şərəfə çatdırmışdı. Atabəy Şəmsəddin Eldəgizə 1136-cı ildə əmir rütbəsi verən Sultan onu Möminə xatunla evləndirərək Arran torpaqlarının idarəsini də ona tapşırmışdı.Möminə xatunun uzaqgörən siyasəti, dəyərli məsləhətləri ilə Əmir Atabəy Şəmsəddin Eldəgiz tezliklə sultanlığa böyük nüfuz qazandıraraq dövrünün ictimai-siyasi xadiminə çevrilmişdir.

Qulu əmirə çevirən xatun

Möminə xatunun xeyirxah, humanist, el qədri bilən, xalq məhəbbəti qazanan Əmir Atabəy Şəmsəddin Eldəgizlə nikahı müdrikliyə və saf sevgiyə söykəndiyindən dünyaya gələn övladları da Atabəylərin, Eldəgizlər sülaləsinin aparıcı simalarına çevrildilər. İnsan haqqlarından, sivilizasiyalı cəmiyyətdən, demokratik dəyərlərdən söhbət getmədiyi bir zamanda Möminə xatunun xalq içərisindən seçdiyi bu qüdrətli hökmdar və sərkərdə xaqan məqamında çıxış edirdi.

Şəmsəddin Eldəgiz milli dövlətçilik tariximizə adları qızıl hərflərlə yazılan Məhəmməd Cahan Pəhləvana, Osman Qızıl Arslana və yeganə qızlarına da xüsusi diqqət və qayğı göstərərdi. O, Möminə xatunun onu qulların içindən seçib, əyanlar cərgəsinə qəbul edəndə yanılmadığını öz əməli və sədaqət hissi ilə ona sübut edərdi.

Möminə xatunun müdrik qərarları və işıqlı ideyaları ilə Səlcuqlar sarayında nüfuz qazanan və Şəmsəddin Eldəgizin tərbiyəsi ilə kamala çatan Sultan Qızıl Arslanın zamanında da çox möhtəşəm işlər görülmüşdü. Odur ki, Sultan Qızıl Arslan dövlətin idarə olunmasında, onun daxili və xarici siyasətində, iqtisadi, sosial və mədəni islahatların həyata keçirilməsində xüsusi mövqe qazanmışdı.

İqamətgahı qədim Bərdə olan Sultan Qızıl Arslanın məharətlə idarə etdiyi Atabəylər dövlətinin Qafqazlardan İran körfəzinə qədər böyük bir ərazisi var idi. Sultan Qızıl Arslanı Azərbaycan, Arran, Şirvan, Çibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey kimi qüdrətli torpaqlara yiyələndirən Şəmsəddin Eldəgiz torpaqların əhaliyə paylanmasına, dövlət xəzinəsinin qorunmasına, Sultanın xüsusi fərmanlarının imzalanmasına da nəzarət edirdi. Bütün bu məsələlərin, uğurlu addımların sülhlə bitməsində, əhalinin və ərazinin qandan xilas edilməsində məhz Möminə xatun diplomatiyası köməyə gələrdi. Sultan Qızıl Arslanın, saray ǝyanlarının Şəmsəddin Eldəgizin nüfuzundan keçdiyi bəzi narahatlıqları da Atabəylərin bu müdrik xatunu ustalıqla nizamlayardı. Çox zaman da üzünü Sultana tutub söyləyirdi: “Özünü o yerə qoyma! Bu adam (Şəmsəddin Eldəgiz) öz həyatını təhlükə altına qoymuş və dönə-dönə ağır döyüşlərə atılmışdı… O, öz xeyirxahlığını əsirgəməmiş, səni taxta çıxaranadək özünün çoxlu qulam və silahdaşlarını ölümə göndərmişdi. Səlcuqların içərisində səndən böyükləri nə qədər var, ancaq onlar həbslərdə yatırlar. Həyatları sıxıntılı keçir… sən isə Sultan taxtındasan, o da, onun iki oğlu da sənə qulluq edir, sənin qabağında durur, sənin düşmənlərinlə vuruşur, rəqiblərinə üstün gəlirlər. Atabəy hər nə edirsə bağışlayır və geri alır bunların hamısı sənin qüdrətli dövlətinin möhkəmləndirilməsi, sənin hakimiyyətinin daha da bərkiməsi üçün edilir. Qoy onun hərəkətləri səni kədərləndirməsin, onun cəhdləri səni qayğılandırmasın…”

İki sarayın tək sultanı

Adı milli dövlətçilik tariximizə həkk olunan Möminə xatun ağlının, idrakının, vətən, torpaq sevgisinin, sənət, mədəniyyət istəyinin, ilahilərlə dolu qəlbinin aynası olan bu abidələrin şah əsəri isə Atabəylər dövləti və bu dövlətin üç varisi idi!

Məhəbbətin və gözəlliyin aynası olan, tarixdə həm də Möminə xatun türbəsi adı ilə qalan, kiminin məhəbbət, kiminin gözəllik, bir başqasının da ləyaqət nümunəsi kimi yad etdiyi Möminə xatun əslində Şərqin, türk dünyasının, Azərbaycanın Tomris, Nüşabə, Burla Xatun, Türkan xatun kimi qüdrətli xatunlarından, müdrik, məğrur, diplomat qadınlarından, ictimai-siyasi xadimlərindən biridir. Görünür bu səbəbdən də о, sonralar cəsarəti, ləyaqəti, məhəbbəti və lətafəti ilə Atabəylər sarayını nura qərq edən sevimli gəlinləri Qətibə xatunun, Mehrican xatunun, Zahidə xatunun, nəvələri Cəlaliyyə xatunun, Sülafə xatunun Tanrıdan tale payı, naxışı oldu!

Möminə xatun 1175-ci ildə – Şəmsəddin Eldəgizdən bir il öncə dünyasını dəyişdi. Onun eşqinə Eldəgizlər sülaləsinin başçısının ucaldılan məqbərə Əcəmi Əbubəkr oğlu Naxçıvanlının könlünün nuru və Atabəy Məhəmməd Cahan Pəhləvanın iradəsi ilə 1186-cı ildə gerçəkləşdi…

Əmir Teymurun Səmərqənddə sevimli xatunu Bibixanımın, Babur şahın könlünün sultanı Mümtaz mahalın şərəfinə Hindistanda, Şəmsəddin Eldəgizin və Məhəmmədcahan Pəhləvanın Naxçıvanda Mömünə xatunun şərəfinə ucaltdıqları məqbərələr ruhumuzun qida yeri ilə olmaqla yanaşı, həm də türk-müsəlmanın cənnəti ayaqlarının altında, ürəyinin başında saxlayan qadına olan sevgisinin əlamətidir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Что такое школьная тревога?

Ən son

Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin