ABŞ-nin kosmik agentliyi NASA 2035-ci ilə qədər Ay səthində insanların yaşaması üçün tam funksional bir kənd inşa etməyi planlaşdırır.
Baki-baku.az xəbər verir ki, bu barədə agentliyin rəhbəri vəzifəsini icra edən Şon Daffi Avstraliyanın Sidney şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, NASA-nın məqsədi təkcə elmi tədqiqat stansiyası deyil, eyni zamanda daimi yaşayış üçün şərait yaradılmış tam bir kənd qurmaqdır.
Layihənin ilkin mərhələsi 2026-cı ilin fevralında həyata keçiriləcək “Artemida-II” missiyası ilə başlayacaq. Bu missiya çərçivəsində NASA 50 ildən sonra ilk dəfə olaraq dörd astronavtı Aya göndərəcək. Həmin missiyada Ay səthinə eniş nəzərdə tutulmasa da, bu addım gələcək tikinti və məskunlaşma işləri üçün mühüm mərhələ hesab olunur.
Yeni Ay kəndinin nüvə enerjisi ilə işləyəcəyi, orada astronavtların uzun müddətli qalmasına imkan yaradılacağı və tikinti üçün Ayın öz səthində tapılan materiallardan istifadə ediləcəyi gözlənilir. NASA həmçinin bu layihəni uğurla başa çatdırdıqdan sonra Marsa insan göndərmək istiqamətində daha sürətli addımlar atmağı planlaşdırır.