Nəşr edilmişdir 05/19/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Nəriman Nərimanov: “Naxçıvan şərqin qapısı, türkün alınmaz qalasıdır!”

Naxçıvan şərqin qapısı, Naxçıvan, Nəriman Nərimanov

Beşinci yazı

Çar Rusiyasında dalbadal inqilabların baş tutması, “Avropa kreyserindən” açılan atəşlə kapitalizmin yerini sosializmə verməsi ilə “ucqarlarda” inqilab ab-havası hiss olunmaqla yanaşı, milli müqavimət hərəkatı başlayır, milli mənlik, milli kimlik uğrunda mücadilə Əbədi İstiqlal savaşı, milli dövlətçilik prinsipləri ilə müşayiət olunur. Belə bir ərəfədə Azərbaycanın və Gürcüstanın liderləri öz tarixi torpaqlarında yeni tipli dövlətlər qurmaq üçün İstiqlal Bəyannaməsini təqdim edir. Qafqaz Seymində üçüncü bir dövlətin qurulması məsələsi gündəmə gəlsə də, ərazi problemi çıxılmaz vəziyyət yaradır.
“1918-ci il may ayının 29-da Azərbaycan Milli Şurası qədim Azərbaycan vilayəti və şəhəri olan İrəvanı çoxsaylı etirazlara baxmayaraq, əlacsız qalaraq ermənilərə güzəştə gedir, əvəzində isə erməni millətçiləri Azərbaycana qarşı bütün ərazi iddialarından əl çəkəcəyinə dair sənədə imza atır. Bununla da, Azərbaycan rahat nəfəs almağa başlayır ki, ermənilər tarixi Azərbaycan torpaqları: Zəngəzur, Göyçə, Naxçıvan və Qarabağa dair ərazi iddialarına son qoyacaqlar. Lakin erməni millətçiləri daha da şirnikləşərək Azərbaycanın bu ərazilərinə qarşı da ərazi iddialarına davam edirlər”.
Üstündən 117 il ötəndən sonra belə, hələ də Azərbaycana qarşı ərazi iddiaları bitib-tükənməyən ermənilər 1905-1906-cı, 1918-ci illərdə törətdikləri soyqırımı və deportasiyalardan sonra, 1948-1956-cı, 1988-ci illərdə tarixi torpaqlarında yaşayan Qərbi azərbaycanlıların kütləvi və son deportasiyasına nail olur. 1992-ci ildə Xocalı faciəsi, 1993-cü ildə isə Şərqi Zəngəzurun və Qarabağın bütünlükdə işğalı ilə üz-üzə qalan Azərbaycan 2020-ci il noyabrın 8-də 30 illik intizara son qoyur. 44 günlük Vətən müharibəsi ilə Ağa Məhəmməd şah Qacarın, Nadir şah Əfşarın yarımçıq arzularından birini gerçəyə çevirir. Azərbaycan xanlıqlara parçalandıqdan, “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” dəhşətləri ilə imperiyalar arasında bölündükdən 192 il sonra ilk dəfə tarixi zəfərə imza atır. Əlindən alınmış Vətən torpaqlarını tarixi sakinlərinə, sahiblərinə qaytarır.
Şura hökumətinin qurulduğu illərdə daşnakların təsir dairəsində olan “Zəngəzuru Azərbaycandan ayırmaq aparıcı dövlətlərin geosiyasi maraqları ilə üst-üstə düşürdü. Zəngəzur Azərbaycanı Naxçıvanla birləşdirən, həm də Türkiyəni Azərbaycanla qovuşduran və türk dünyasına açılan bir pəncərə və yeganə quru ərazi idi. Elə bu səbəbdən də tarixən Avrasiyada mövcud olan “Vahid tarixi xətti” dünya xəritəsində parçalamaq aparıcı dövlətlərin əsas məqsədlərindən biri idi. Gündəlikdə Zəngəzurun hesabına Azərbaycanla Türkiyə sırasında birbaşa əlaqənin pozulması dururdu. Zəngəzur Azərbaycan torpağı olsa da, 1918-1919-cu illərdə silahlı erməni dəstələri azərbaycanlılar yaşayan bir çox kəndləri dağıdaraq ərazinin böyük bir hissəsinə nəzarət edirdilər. 1920-ci ilin noyabrında, hətta 1921-ci ilin yayına qədər Zəngəzur bolşeviklərin deyil, daşnakların idarəçiliyində idi”.
Naxçıvana birləşdirilən Zəngəzurun bu keşməkeşli taleyi hələ 1921-ci ildə Nəriman Nərimanovu lider, eyni zamanda bir türk, azərbaycanlı olaraq nigaran etmiş, “Vladimir İliç Leninə tarixi məktubunda ərazi problemləri barədə Mərkəzin siyasəti ilə barışmaz mövqeyini sərt və açıq-aydın qoyaraq, onları Azərbaycanın Rusiya ilə İttifaqını pozacağı ilə hədələmişdi”.

Mirzə Nəsrulla bəy Əmirovdan sonra Naxçıvanın tarixi taleyi ilə bağlı ikinci tarixi qərar

1918-ci ildə Milli Şura yaradıldıqdan, Xalq Cümhuriyyəti qurulduqdan sonra Naxçıvanın müqəddaratı ilə bağlı qərarı dəyişdirmək üçün Bakıdan hökumətin adından Naxçıvana xüsusi nümayəndə heyəti göndərilir. Tarixə “Mirbabayev missiyası” kimi daxil olan Mirabbas Mirbabayevin rəhbərlik etdiyi qrup Azərbaycan hökuməti adından Naxçıvan Milli Şurasının üzvləri ilə görüşür. Tarixi görüşdə çıxış edən Naxçıvan Milli Şurasının sədri, Naxçıvan Müdafiə Komitəsinin sədri kimi 1918-ci il soyqırımı zamanı Naxçıvanın, Zəngəzurun, Dərələyəzin taleyinin həll olunmasında müstəsna xidmətləri olan, Rusiya-Türkiyə müharibəsində Osmanlıya yardımda bulunan, Atatürkə müraciət edərək Kazım Qarabəkir Paşanın komandanlığı ilə IX İslam Ordusunun Naxçıvana gəlişinə nail olan, İstanbul Rüşdiyyəsində təhsil alan iki oğlu Cəlil və Cabbarla birlikdə 8 nəfər Naxçıvan igidi ilə (o sırada Nağdəliyevlərin, Nağıyevlərin, Bəktaşilərin babaları da var idi…) Andranikin və Ozanyanın üzərinə yeriyən, vətən torpaqlarını daşnaklardan təmizləyən, tarixə həm də, Naxçıvan Qızlar Seminariyasının qurucusu, Araz-Türk Cümhuriyyətinin təsisçilərindən biri kimi daxil olan Mirzə Nəsrulla bəy Əmirov Naxçıvan xanlarının da daxil olduğu heyətin adından tarixi bir cümlə işlədir: “Qafqaziyədə Azərbaycan hökumətindən məadə ikinci bir hökumətin bulunması və olması mümkün deyildir. Yaşasın Azərbaycan hökuməti!” Bu müasir Naxçıvanın Azərbaycanın tərkibində qalması üçün alınan tarixi qərar, eyni zamanda taleyüklü qərar idi. Xalq Cümhuriyyəti onun hər üç hüququnu tanıyacaqdı: Osmanlıya birləşməsini də, müstəqil şəkildə fəaliyyətini də, Xalq Cümhuriyyətinin tərkibindəki mövcudluğunu da. Milli Şuranın sədri Mirzə Nəsrulla bəy Əmirovun diqtəsi, iradəsi ilə Naxçıvan birlik, bütövlük rəmzinə döndü.

Naxçıvan savaşaraq şəhid düşər, erməni boyunduruğuna girməz

General qubernator Uilyam Tomsonun, Rasselin gəlişinə, Antanta dövlətlərinin tələblərinə baxmayaraq, Avropa Mirzə Nəsrulla bəy Əmirovun, Naxçıvan Milli Şurasının sədrinin sərt şilləsi, “Osmanlı tokatı” ilə üz-üzə qaldı. Naxçıvanın erməni idarəçiliyinə, Ermənistanın tabeliyinə verilməsini tələb edən general qubernator Uilyam Tomsonun eşitdiyi kəskin ifadələr Naxçıvandan ayrılarkən, “Mənim tanıdığım Naxçıvan fədakardır, mərddir!” nidası ilə dəyərlərin əyarına dönən Kazım Qarabəkir Paşanın hansı həqiqətə söykəndiyini sübut etdi. Mirzə Nəsrulla bəy Əmirov Naxçıvanı erməni boyunduruğuna salmağa cəsarət edən Antanta dövlətlərinə də, onların Qafqazdakı əlaltılarına da yerini göstərərək deyirdi: “Naxçıvan savaşaraq şəhid düşər, erməni boyunduruğuna girməz. Bunu bilmərrə ingilislər, amerikalılar, hər gün şəhid düşən binəva müsəlmanların harayına gecikənlər də anlasınlar!”
Şərqin ilk Demokratik Cümhuriyyəti Qızıl Ordunun qırmızı terroruna qurban getdikdən sonra qeyd etdiyimiz kimi Zəngəzur, Naxçıvan məsələsi yenidən gündəmə gəlir. Ermənistan İnqilab Komitəsi məkrli siyasətini davam etdirir. Nərimanovun Vladimir İliç Leninə Zəngəzur və Dağlıq Qarabağla bağlı ünvanladığı məktubların sırasında Naxçıvan, onun müqəddaratı da prioritet məsələ olur. Nərimanovun 1920-ci il 1 dekabr tarixli Naxçıvan haqqında bəyanatından 27 gün sonra Ermənistan İnqilab Komitəsi cavab bəyanatı verir. Naxçıvanın taleyi əhalinin öhdəsinə buraxılır. 1921-ci il martın 16-da Moskvada, həmin il oktyabrın 13-də isə Qarsda imzalanan müqavilələrdə Naxçıvanın Azərbaycan ərazisi olduğu beynəlxalq sazişlə təsdiqlənir”. Tarixi mənbələr, aparılan araşdırmalar, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində qorunan rəsmi sənədlər də sübut edir ki, “Naxçıvanın taleyinin həllində Nəriman Nərimanovun həyata keçirdiyi milli maraqlara söykənən, düşünülmüş dövlət siyasəti, ardıcıl, strateji və taktiki addımlar silsiləsi, Azərbaycanın Türkiyə ilə gizli danışıqlarda razılaşdırılmış addımları, Mustafa Kamal Paşanın və Nəriman Nərimanovun qiyabi və həmrəy danışıqları, Naxçıvan əhalisinin qətiyyəti belə uğurlu nəticə ilə başa çatır. Nəriman Nərimanov ümum-Azərbaycan Sovetlər Qurultayında Naxçıvanla bağlı məsələni xüsusi olar vurğulayır. Sovet Rusiyası ilə Türkiyə arasındakı müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektorluğu altında bir respublika kimi tanınır.

Nərimanov Naxçıvanın Azərbaycandan qoparılmaması üçün Meğridən yol verilməsi uğrunda mübarizə edirdi

Aparılan tədqiqatlar da sübut edir ki, 1920-ci il dekabrın 2-də Rusiya ilə artıq sovetləşmiş Ermənistan arasında imzalanan sazişdə Zəngəzur Ermənistan ərazisi kimi göstərilmişdisə də, Naxçıvan və Qarabağ haqqında heç bir qeyd olmamışdır. 1917-ci ilin fevralından 1918-ci ilin mayına qədər Milli Şuranın, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzləşdiyi ərazi mübahisələri 1920-ci ilin aprelindən sonra da Azərbaycanda sovet hakimiyyəti qarşısında bütün ağırlığı ilə durmuşdu. Azərbaycanda Sovet hakimiyyəti qurularkən Azərbaycan tərəfindən artıq İrəvan xanlığının əraziləri rəsmi olaraq ermənilərə verilmiş, Borçalı və Dərbənd problemi gündəlikdən çıxmış, Qarabağda separatçı silahlı dəstələri üsyana qalxmış, Naxçıvanda vəziyyət çox ağır olaraq qalmışdı. Zəngəzurun böyük hissəsinə erməni silahlı dəstələri tərəfindən nəzarət olunurdu. Qarabağ, Naxçıvan və Zəngəzur ermənilər tərəfindən iddialı ərazi olaraq qalırdı”.
Məhz Nəriman Nərimanovun yürütdüyü mükəmməl, düşünülmüş siyasət nəticəsində Naxçıvan Azərbaycanın ərazi statusunda ilk dəfə olaraq beynəlxalq hüquq normaları ilə qəbul olundu. Nəriman Nərimanov Naxçıvanın Azərbaycandan qoparılmaması üçün Meğridən yol verilməsi uğrunda ardıcıl mübarizəsini davam etdirdi: “Belə bir ərəfədə baş verən ərazi bölgüsünü erməni dövlət xadimləri, siyasətçi və diplomatları məğlubiyyət, eyni zamanda milli faciə kimi qəbul etsələr də, Birinci Qarabağ savaşından ta bu günəcən Naxçıvana yollar bağlıdır. Yeganə gediş-gəliş yolu hava məkanı olan Naxçıvan 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurla eyni ağrı-acını yaşasa da, “Qars Bəyannaməsi”ndən sonra qurulan “Ümid” körpüsünü, 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatması ilə imzalanan “Şuşa Bəyannaməsi”ni siyasi və mənəvi mübarizəsinin təntənəsi hesab edir.

Türkiyə-Azərbaycan münasibətlərində “Qars müqaviləsi”nin şərtləri mühüm amilə çevrildi

Nəriman Nərimanovun imzalanması üçün çox böyük çətinliklərə qatlaşdığı, sarsıntılar yaşadığı “Qars müqaviləsi” 1990-cı ilin 20 yanvar dəhşətlərindən sonra da, Naxçıvanın müqəddəratında mühüm rol oynadı. Hadisədən sonra Azərbaycanın Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev partiya biletindən imtina etdiyi, mənsub olduğu millətin haqq və hüquqlarına sahib çıxdığı kimi, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Səkinə xanım Əliyeva da “Qars müqaviləsi”nə əsaslanaraq, Naxçıvanın Türkiyə Cümhuriyyətinə birləşməsi barədə qərarın çıxarılması üçün xüsusi iclasın çağırılmasına nail oldu. Bunun ardıyca Ulu Öndər Heydər Əliyevin Moskvadan üzünə qapısı bağlanan Bakıya, sonra isə Naxçıvana dönüşü oldu. Naxçıvanın, Naxçıvan qarışıq Azərbaycanın xilasına körpü olan bu tarixi dönüşdən sonra Türkiyə-Naxçıvan, Türkiyə-Azərbaycan münasibətlərində “Qars müqaviləsi”nin şərtləri mühüm amilə çevrildi. “Ümid” körpüsü “Şuşa Bəyannaməsi”nin imzalanmasını şərtləndirdi. Naxçıvanın xilaskarı, müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin diqtəsi, iradəsi ilə “Atəşkəs” sazişi, “Əsrin müqaviləsi” imzalandı. Ölkənin kompleks şəkildə inkişafına nail olundu.

Atatürk: “Naxçıvan Türkün qapısıdır. Bu məqamı nəzərə alaraq əlinizdən gələni edin!”

Naxçıvanın siyasi taleyinin həll olunduğu ərəfədə Mirzə Nəsrulla bəy Əmirovun Milli Şuranın sədri olaraq aldığı qərar, Tomsonun, Rasselin təhdidləri, “Mudros sülh müqaviləsi”nin basqıları ilə üzləşən naxçıvanlıların ölüm-qalım savaşına çıxması, Naxçıvanın müqəddəratı naminə İğdırda elan olunub Naxçıvanda qurulan Araz-Türk Cümhuriyyətinin Güney Azərbaycan, Qars, Zəngəzur və Naxçıvan uğrunda apardığı savaşlar bu torpaqların xilası üçün mühüm amillərdən idi. 1918-ci ildə qurulan Araz-Türk Cümhuriyyəti anayasasının əsas qanunu da Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində qalması məsələsini özündə ehtiva edirdi.
1921-ci ildə Türkiyə-Rusiya sərhədlərinin delimitasiya və demorkasiya məsələləri ilə bağlı “Moskva müqaviləsi” imzalandı. Müqaviləyə əsasən Qars və Ərdəhan Türkiyəyə verildi. Batum isə ərazi vahidi olaraq Gürcüstanın tərkibində qaldı. Bu gün artıq aforizmə çevrilən: “Naxçıvan Türkün qapısıdır. Bu məqamı nəzərə alaraq əlinizdən gələni edin!” kəlamı da o günlərdən mirasdır. Qazi Mustafa Kamal Paşa Atatürk Moskvaya müqavilənin imzalanması üçün gedən heyətə məhz belə göstəriş verib tövsiyə etmişdi.
Komissar Nərimanovun dəstəyi, xüsusi səyləri ilə baş tutan bu müqavilə ilə Türkiyə Rusiyadan maddi yardım, eyni zamanda siyasi dəstək aldı ki, bu da Qurtuluş Savaşının uğurla başa çatması üçün mühüm şərtlərdən oldu.
Qurtuluş Savaşının davam etdiyi ərəfədə Qazi Mustafa Kama Paşa Atatürk 1918-ci il soyqırımları zamanı olduğu kimi Naxçıvanın Azərbaycanın tərkib hissəsində qalması üçün dəstək verdi. Leninlə danışıqlarda, yazışmalarda da məsələ məhz bu şəkildə qoyuldu. Üç liderin – Nərimanovun, Leninin, Atatürkün əsas yazışmaları bu faktları özündə ehtiva edir ki, istər-istəməz o gərgin illərə dönür, Naxçıvanın müqəddəratı ilə bağlı bu qərarları alan liderləri sayğı ilə anır, onun aparıcı qüvvəsinin də məhz komissar Nəriman Nərimanov olduğunu etiraf edirsən.
Məhz bu tarixi şəxsiyyətlərin iradəsi Nəriman Nərimanovun diqtəsi ilə “Qars və Moskva” müqaviləsinin şərtlərinə əsasən, Qafqaz respublikaları Naxçıvanı Azərbaycanın tərkib hissəsi olaraq qəbul etmək məcburiyyətində qaldı.
44 günlük Vətən müharibəsindən, tarixi Zəfərdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın məşhur “Kokeyşin Büro”su (Qafqaz bürosu), Qarabağın Ermənistana birgünlük verilməsi faktını dilə gətirməsi bu tarixi hadisədən öncə baş vermişdi. Qərar məhz Nərimanovun sərt etirazı nəticəsində dəyişdirilmişdi. Bu ərəfədə “Ermənilərin Naxçıvan, Qarabağ iddiaları baş tutmasa da, Zəngəzur iddiası gerçəkləşmiş, Zəngəzurun Ermənistana verilməsi ilə bağlı Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi kəsilmişdi.

Nərimanovun xüsusi xahişi ilə Türkiyədən Naxçıvan üçün növbəti bir tarixi qərar

Belə bir dövrdə Naxçıvanın digər bir problemi də var idi: Naxçıvanın Türkiyə ilə də sərhədi yox idi. İndiki sərhəd bölgəsi, bizim üçün Güney Azərbaycan olsa da, “Türkmənçay” ilhaq müqaviləsindən sonra İran ərazisi hesab olunan Azərbaycanın o tayı idi. Naxçıvanı Türkün qapısı kimi əvəzsiz bilən Qazi Mustafa Kamal Paşa Atatürk komissar Nərimanovun xüsusi xahişi, istəyi ilə Naxçıvan üçün növbəti tarixi bir qərar alır. “1932-ci ildə Ankarada imzalanan müqavilə ilə İran və Türkiyənin sərhədləri müəyyən olunur. Atatürkün qətiyyəti ilə İran Naxçıvanla sərhəd olan ərazini Türkiyəyə verir. Həmin ərazinin əvəzində Türkiyə Vanın bir hissəsini İrana güzəştə gedir…” Bununla da Türkiyə ilə Naxçıvan sərhədi yaranır. Bu tarixi sənədin ratifikası üçün illər gərək olsa da, üstündən 60 il ötəndən sonra Türkiyə Cümhuriyyətinin IX prezidenti Süleyman Dəmirəlin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin iştirakı ilə “Ümid körpüsü” qurulur. Qəribəsi, maraqlısı, daha kədərlisi isə odur ki, bu körpünün qurulduğu ərazinin o üzündə “Çaldıran döyüşü” zamanı iki qardaş – sərkərdə-xaqan, sultan Səlim və Şah İsmayıl Xətai bir-birinə qılınc sıyırmışdı. I Qarabağ Savaşında Naxçıvanın iqtisadi blokadadan çıxması üçün mühüm rol oynayan “Ümid körpüsü” “Qars Bəyannaməsi” ilə “Şuşa Bəyannaməsi” arasında körpü oldu. Komissar Nərimanovla Qazi Mustafa Kamal Paşanın atdığı təməllər üzərində Ulu Öndər Heydər Əliyevlə unudulmaz Süleyman Dəmirəl dostluq, qardaşlıq sarayını ucaltdı. Mirzə Nəsrulla bəy Əmirovun və Kazım Qarabəkir Paşanın fütuhatlarından sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qurtuluş Dastanı yarandı!
Üstündən illər, əsrlər ötəcək bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi ilə qurulan Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə, Türküstanla Avropa, Doğu ilə Batı arasında körpüyə dönəcək.
44 günlük Vətən Müharibəsi, “Bizim işimiz haqq işidir! Biz Zəfər Çalacağıq! Qarabağ Azərbaycandır!” nidası ilə Güney Qafqazın siyasi mənzərəsini, daha doğrusu, dünyanın mizanını, düzənini dəyişən Liderin diqtəsi ilə Zəngəzur dəhlizindən Azərbaycan Bayrağı boy verəcək. Ağa Məhəmməd şah Qacarın, Nadir şah Əfşarın, Nəriman Nərimanovun yarımçıq arzuları gerçəyə çevriləcək.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Azərbaycan Ordusunun iradəsi ilə 44 günlük tarixi Vətən müharibəsində Dəmir Yumruğa dönən millət “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə hilallı-ulduzlu, üçrəngli Bayrağı haqq etdiyi, zorla endirildiyi, zirvələrdən, qalalardan asdı.
1920-ci ildən üzü bəri alınmaz qala olan Naxçıvan ağır günlərdə, dar zamanlarda sübut etdi ki, Mirzə Nəsrulla bəy Əmirovun təbirincə desək, “Qafqaziyyədə Azərbaycan hökumətindən maədə, ikinci bir hökumət qurula bilməz!” Nəriman Nərimanovun dili ilə söyləsək, “Naxçıvan Şərqin qapısı, türkün alınmaz qalasıdır!” Qazi Mustafa Kamal paşa Atatürkün millət, məmləkət sevgisinə söykənsək, “Naxçıvan türkün qapısıdır!” Ulu Öndər Heydər Əliyevin birlik, bütövlük nidasına tapınsaq, “Naxçıvan Azərbaycanın ayırlmaz tərkib hissəsidir!”
Onu qanı bahasına qoruyanların, sonrakı nəsillərə miras qoyanların məqamları uca, məkanları cənnət olsun!

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi

Ən son

MEMARLIQ

Bu kafe bir dövrün romantik simvollarından, bakılıların yaddaşında silinməz iz qoyan yerlərindən biri idi.

MEMARLIQ

Bu kafe bir dövrün romantik simvollarından, bakılıların yaddaşında silinməz iz qoyan yerlərindən biri idi.