Azərbaycanın WUF13 tədbirinə ev sahibliyi etməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı inkişafın, iqlim fəaliyyəti və çoxtərəfli əməkdaşlığın təşviqində Azərbaycanın oynadığı aktiv rol ölkənin beynəlxalq səviyyədə nüfuzunu əks etdirir.
Baki-Baku.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda keçirilən tədbirə videomesajla müraciətində deyib.
O bildirib ki, Bakıda keçirilən COP29 Azərbaycanın qlobal iqlim əməkdaşlığına və praktik iqlim tədbirlərinə sadiqliyini nümayiş etdirdi. Həmin tədbirin əsas nəticəsi olaraq iqlim maliyyəsi, iqlim dəyişmələrinə uyğunlaşma kimi sahələrdə mühüm nəticələr əldə etməklə yanaşı, artan iqlim böhranları ilə üzləşən şəhərlərdə və icmalarda dayanıqlığın gücləndirilməsinin zəruriliyi də vurğulandı.
“İqlim dəyişmələri dünyada şəhər reallıqlarını yenidən formalaşdırır. Ekstremal hava hadisələri getdikcə daha tez-tez baş verir, intensivləşir və az proqnozlaşdırılan olur. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, son onillik qeydə alınmış ən isti, son üç il isə dünyada indiyə qədər müşahidə edilən ən isti illər olub. Şəhərlər getdikcə bu hadisələrin mərkəzində dayanır. İstilik dalğaları, fırtınalar, quraqlıqlar və torpaq sürüşmələri həm infrastruktura zərər vurur, həm də əsas xidmətlərin fəaliyyətinə mənfi təsir edir. Bununla da dünyada milyonlarla insana təsir göstərir. Heç bir ölkə bu çağırışlara qarşı təkbaşına mübarizə apara bilməz. Heç bir şəhər təkbaşına uyğunlaşa bilməz. Tərəfdaşlıq, elm, texnologiya və beynəlxalq əməkdaşlıq iqlimə davamlı şəhər gələcəyinin formalaşmasında vacib rol oynayacaq. Azərbaycan qlobal səylərə töhfə verməyə, eləcə də dialoq və əməkdaşlığı gücləndirməyə sadiqdir. Ümid edirik ki, bu sessiya daha güclü dialoqa və praktik əməkdaşlığa töhfə verəcək”, – deyə Muxtar Babayev qeyd edib.