1991-ci ildə SSRİ-nin dağılması ilə beynəlxalq münasibətlər sistemində yeni müstəqil dövlətlər formalaşdı. Təxminən 70 il sovet hakimiyyəti altında yaşamış xalqların azadlıq əldə etməsi milli mübarizənin mühüm tarixi nailiyyəti hesab olunsa da, bundan sonra həmin dövlətlərin qarşısında olduqca mürəkkəb və strateji əhəmiyyət daşıyan vəzifələr dayanırdı. Keçid dövrü adlandırılan bu mərhələdə yeni ictimai münasibətlər sisteminin qurulması, milli dövlətçilik modelinin formalaşdırılması və bunun dövrün reallıqlarına uyğun şəkildə həyata keçirilməsi üçün uzunmüddətli və praqmatik siyasi xətt müəyyən edilməli, bu strategiya mərhələli şəkildə icra olunmalı idi. Lakin postsovet məkanında formal müstəqillik qazanan bir çox ölkələr kimi Azərbaycan da müstəqilliyinin ilk illərində bu ağır vəzifələrin öhdəsindən gəlməkdə ciddi çətinliklərlə üzləşdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə hüquqi baxımdan müstəqillik əldə edilsə də, ölkə dərin siyasi, sosial və iqtisadi böhran şəraitində fəaliyyət göstərməyə məcbur oldu.
Baki-baku.az Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi çətinliklərə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçdiyi şərəfli yola və bu yolun nəticəsi kimi əldə olunan Zəfərə nəzər salır.

Həmin dövrdə baş verən hadisələr göstərirdi ki, Azərbaycan digər keçmiş sovet respublikaları ilə müqayisədə müstəqilliyini daha gec elan etmişdi. Belə ki, Latviya 11 mart 1990-cı ildə, Rusiya 12 iyul 1990-cı ildə, Gürcüstan 9 aprel 1991-ci ildə, Estoniya 20 avqust 1991-ci ildə, Qırğızıstan 31 avqust 1991-ci ildə, Özbəkistan 1 sentyabr 1991-ci ildə, Tacikistan isə 9 sentyabr 1991-ci ildə müstəqilliklərini bəyan etdikləri halda, Azərbaycan bu addımı yalnız 18 oktyabr 1991-ci ildə ata bildi. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri mövcud idi. Əsas amillərdən biri həmin dövrdə respublikaya rəhbərlik edən şəxslərin qətiyyətsiz mövqeyi və xalqın milli maraqlarını mərkəzin imperial siyasətinə tabe etmələri idi. Digər sovet respublikalarında rəhbərlik müəyyən səviyyədə milli azadlıq hərəkatlarını dəstəklədiyi halda, Azərbaycandakı rəhbərlik artıq zəifləyən mərkəzdən gələn göstərişləri gözləyir və fəaliyyətini həmin tapşırıqlara uyğun qururdu.
Ümumilikdə, 1991–1993-cü illər Azərbaycan üçün son dərəcə ağır və gərgin mərhələ oldu. Xarici xüsusi xidmət orqanlarının təsir dairəsinə çevrilən ölkədə siyasi qarşıdurmalar, idarəetmə böhranı və anarxiya hökm sürürdü. Hakimiyyətdə olan qüvvələrin dövlət idarəçiliyini həyata keçirməkdə aciz qalması ölkədə xaosun daha da dərinləşməsinə səbəb olmuşdu. Həmin illərdə Azərbaycanın tam müstəqil dövlət kimi fəaliyyət göstərdiyini söyləmək belə çətin idi.

Belə mürəkkəb şəraitdə Ümummilli Lider Heydər Əliyev xalqın tələbi və siyasi zərurət nəticəsində yenidən hakimiyyətə qayıtdı və bu hadisə milli dövlətçilik tariximizin taleyüklü dönüş nöqtəsinə çevrildi. Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, dərin böhran və xaosun qarşısı alındı. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasət Azərbaycanın ikinci dəfə qazandığı müstəqilliyini qoruyub saxlamasına imkan yaratdı. Sabitliyin təmin olunması, sistemli islahatların həyata keçirilməsi və dövlət idarəçiliyinin möhkəmləndirilməsi yeni cəmiyyət modelinin və müasir milli dövlət quruculuğunun əsasını formalaşdırdı. Qısa zaman ərzində milli dövlətçiliyin möhkəm təməli yaradıldı, Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı. Eyni zamanda, ölkənin beynəlxalq münasibətlər sisteminə inteqrasiyası sürətləndi, Azərbaycan dünya dövlətləri tərəfindən tanınaraq beynəlxalq arenada öz layiqli yerini tutdu. 1993-cü ildən etibarən həyata keçirilən siyasi kurs çərçivəsində hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, demokratik prinsiplərin, insan hüquq və azadlıqlarının inkişafı üçün zəmin formalaşdırıldı.
Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti yalnız siyasi sabitliyin təmin olunması ilə məhdudlaşmadı, o, eyni zamanda dövlətin hüquqi əsaslarının gücləndirilməsi istiqamətində də mühüm addımlar atdı. Onun rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkədə müasir dövlətçilik sisteminin formalaşması üçün möhkəm hüquqi baza yaratdı. Ardınca həyata keçirilən məhkəmə-hüquq islahatları, Konstitusiya Məhkəməsinin və digər mühüm dövlət institutlarının yaradılması demokratikləşmə prosesinin inkişafında əhəmiyyətli rol oynadı. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması istiqamətində ciddi addımlar atıldı. Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi siyasi kurs Azərbaycanın real və davamlı müstəqilliyini təmin etmiş oldu.

1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi ən mühüm problemlərdən biri də köhnə sovet sisteminin dağılması nəticəsində yaranmış ideoloji və mənəvi boşluq idi. Əvvəlki siyasi quruluş sıradan çıxdıqdan sonra onun ideoloji dayaqları da öz qüvvəsini itirmişdi. Uzun illər ərzində formalaşdırılmış ictimai şüur yeni ideoloji istiqamət axtarışına çıxmışdı. Həmin dövr həm yeni ictimai modelin müəyyənləşdirilməsi, həm də milli ideologiyanın formalaşdırılması baxımından mürəkkəb proseslərlə yadda qaldı. Belə bir şəraitdə siyasi qüvvələr öz qrup maraqları naminə müxtəlif ideoloji cərəyanlara söykənməyə çalışırdılar. Bunun nəticəsində cəmiyyətdə milli birlik əvəzinə qarşıdurma meyilləri güclənir, bir-birini inkar edən yanaşmalar üstünlük təşkil edirdi.
Milli həmrəyliyi təmin edə biləcək ideoloji xətt isə yalnız 1993-cü ildən sonra formalaşmağa başladı. Bu ideyanın müəllifi Ümummilli Lider Heydər Əliyev idi. Onun irəli sürdüyü azərbaycançılıq ideologiyası həm ümumbəşəri dəyərləri, həm də milli-mənəvi prinsipləri özündə birləşdirərək cəmiyyətin birliyini təmin edən əsas strateji amilə çevrildi. Azərbaycançılıq eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli mənsubiyyət və birlik platforması oldu. Bu ideologiya siyasi baxışından və dini etiqadından asılı olmayaraq, ölkədə yaşayan bütün xalqların və etnik qrupların hüquqlarını bərabər əsasda qəbul etdi və milli həmrəyliyin əsas mənbəyi kimi çıxış etdi.

Bu gün tolerantlıq və multikulturalizm modeli ilə seçilən Azərbaycan dini və etnik müxtəlifliyin harmonik birgəyaşayış nümunəsi kimi tanınır. Bunun əsasını isə məhz Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası təşkil edir. Hazırda Heydər Əliyev siyasi kursunun davam etdirilməsi nəticəsində Azərbaycanın qazandığı tarixi Zəfər, ərazi bütövlüyünün bərpası və xalqımızın qalib xalq kimi tarixə düşməsi də həmin ideyaların təntənəsi kimi qiymətləndirilir.
Bu gün Azərbaycan xalqı dövlətçilik tarixinin ən mühüm və şərəfli mərhələlərindən birini yaşayır. İşğal altında olan torpaqların azad edilməsi, ümummilli arzuların reallığa çevrilməsi ölkənin inkişaf, yüksəliş və dirçəliş dövrünə qədəm qoyduğunu göstərir. Bununla yanaşı, müstəqillik tariximizin ən mürəkkəb məqamlarında Heydər Əliyevin qəbul etdiyi strateji qərarlar olmasaydı, Azərbaycanın böhrandan çıxaraq bugünkü inkişaf mərhələsinə çatması mümkün olmazdı.

Hazırda Prezident İlham Əliyev rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı milli dövlətçilik ənənələri uğurla davam etdirilir və Azərbaycan müstəqillik tarixinin ən güclü dövrünü yaşayır. Bu gün əldə olunan tarixi Qələbəyə aparan yolun təhlili göstərir ki, bu yol məhz Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xəttidir. Xalqımız artıq aydın şəkildə görür ki, qazandığımız uğurların, ərazi bütövlüyümüzün bərpasının və qalib dövlətə çevrilməyimizin təməlində vaxtilə qəbul olunmuş uzaqgörən qərarlar dayanır. İllər keçdikcə də bu həqiqət dəyişməyəcək. Gələcək nəsillər Azərbaycan dövlətçiliyinin ən həssas mərhələlərini araşdırarkən eyni nəticəyə gələcək və Ümummilli Lider Heydər Əliyevin siyasi irsi zaman keçdikcə daha aydın və daha möhtəşəm görünəcək.
Elvin Camalov