Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/20/2026

Paylaşın

GÜNDƏM

Musiqinin milli yaddaşı: Cahangir Cahangirovun ölməz irsi

20260620_162141

Azərbaycan professional musiqi sənətinin inkişafında silinməz iz qoymuş sənətkarlardan biri də görkəmli bəstəkar, dirijor, pedaqoq, Xalq artisti Cahangir Cahangirovdur. Onun adı çəkiləndə Azərbaycan musiqisinin ən parlaq səhifələri, dillər əzbərinə çevrilmiş mahnılar, möhtəşəm xor əsərləri və milli ruhla yoğrulmuş operalar yada düşür. Bu gün unudulmaz bəstəkarın doğum günüdür.

Cahangir Cahangirov 1921-ci il iyunun 20-də Bakının Balaxanı kəndində anadan olub. Uşaqlıq illərindən musiqiyə böyük maraq göstərən gələcəyin bəstəkarı əvvəlcə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Onun yaradıcılıq yolu milli musiqi ənənələri ilə peşəkar bəstəkarlıq məktəbinin vəhdətinin ən uğurlu nümunələrindən biri hesab edilir.

Azərbaycan musiqi tarixində Cahangir Cahangirovun xüsusi xidmətlərindən biri xor sənətinin inkişafına verdiyi töhfələrdir. O, 1949-cu ildən Azərbaycan Radiosunun nəzdində yaradılmış xora rəhbərlik edib və 15 ildən artıq bu kollektivlə çalışıb. Bəstəkarın bir çox məşhur əsərləri ilk dəfə məhz həmin xorun ifasında səslənərək dinləyicilərin rəğbətini qazanıb.

Cahangirov təkcə bəstəkar kimi deyil, həm də musiqi təşkilatçısı kimi böyük fəaliyyət göstərib. O, Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına rəhbərlik edib, milli musiqi mədəniyyətinin təbliği istiqamətində mühüm işlər görüb.

Bəstəkarın yaradıcılığı janr zənginliyi ilə seçilir. Onun musiqi irsində xor əsərləri, kantatalar, oratoriyalar, operalar, romanslar və mahnılar xüsusi yer tutur. Cahangir Cahangirova böyük şöhrət gətirən əsərlərdən biri 1949-cu ildə yazdığı “Arazın o tayında” vokal-simfonik poemasıdır. Bu əsər müəllifə SSRİ Dövlət mükafatı qazandırıb.

Poema qısa müddətdə böyük uğur əldə edib, Moskvanın məşhur Sütunlu Salonunda və Leninqradda səsləndirilib, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl Fonduna daxil edilib.

Onun monumental əsərləri sırasında “Füzuli” kantatası xüsusi yer tutur. Azərbaycan klassik poeziyasının dahi nümayəndəsinin yaradıcılığına həsr olunmuş bu əsər musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və bəstəkarın ən uğurlu yaradıcılıq nailiyyətlərindən biri sayılıb. Eyni zamanda “Nəsimi”, “Aşıq Alı” kantataları, “Sabir” oratoriyası, “Dostluq mahnısı” kompozisiyası və çoxsaylı xor əsərləri Azərbaycan musiqisinin qızıl fonduna daxil olub.

Cahangir Cahangirov opera janrında da uğurlu əsərlər yaradıb. Mirzə İbrahimovun əsəri əsasında yazdığı “Azad” operasında azadlıq uğrunda mübarizə aparan bir xalqın taleyi təsvir olunur.

Bəstəkarın digər möhtəşəm əsəri olan “Xanəndənin taleyi” operası isə milli musiqi ənənələrinin peşəkar opera sənəti ilə uğurlu sintezinin parlaq nümunəsidir. Bu operada muğamın ruhu, nəfəsi və estetikası müəllif tərəfindən böyük ustalıqla musiqi dramaturgiyasına daxil edilib.

Lakin Cahangir Cahangirovu milyonların qəlbinə yaxınlaşdıran təkcə irihəcmli əsərləri olmayıb.

Onun mahnıları Azərbaycan musiqisinin ən sevilən nümunələri sırasında yer alır. “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Alagöz” kimi mahnılar artıq neçə nəsildir ki, öz təravətini itirmədən səslənməkdədir.

Bəstəkarın kino üçün yazdığı musiqilər də xüsusi maraq doğurur. “Dəli Kür” filmindəki “Ana Kür” və “Bayatılar”, “Koroğlu” filmindəki “Xanəndə qızın mahnısı”, eləcə də “Yenilməz batalyon” filmindəki “Teymurun mahnısı” Azərbaycan musiqisinin ən yaddaqalan ekran nəğmələri sırasında yer alır.

Cahangir Cahangirov klassik Azərbaycan poeziyasına xüsusi həssaslıqla yanaşan sənətkarlardan idi. Nizami, Nəsimi və Füzuli yaradıcılığı onun ilham mənbələrindən olub.

Füzulinin qəzəllərinə yazdığı romanslar, xüsusilə “Eşitməzdim” əsəri bəstəkarın sözlə musiqinin harmoniyasını necə ustalıqla qurduğunu göstərir.

1992-ci ilin mart ayında dünyasını dəyişən Cahangir Cahangirov Fəxri xiyabanda dəfn olunub. Lakin onun sənəti zamanın sərhədlərini çoxdan aşıb. Bu gün də Azərbaycan musiqisinin inkişafından danışarkən Cahangir Cahangirovun adı ehtiramla çəkilir. Onun əsərləri səsləndikcə, mahnıları oxunduqca, yaratdığı musiqi irsi yeni nəsillərə ötürüldükcə bəstəkarın ruhu yaşamaqda davam edir.

Çünki Cahangir Cahangirov təkcə notlar yazmırdı. O, xalqın yaddaşını, duyğularını və milli ruhunu musiqiyə çevirən sənətkarlardan idi.

Xanım Aydın

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20–21 iyun tarixlərində ölkəmizin paytaxtında Azərbaycanda ilk beynəlxalq saat formatlı ultramarafon olan Baku Ultra Endurance 2026 keçiriləcək.

Ən son

GÜNDƏM

Cahangir Cahangirov 1921-ci il iyunun 20-də Bakının Balaxanı kəndində anadan olub.

GÜNDƏM

Cahangir Cahangirov 1921-ci il iyunun 20-də Bakının Balaxanı kəndində anadan olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin