Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/20/2025

Paylaşın

GÜNDƏM

“Musiqi ilə nəfəs alan ömür” – Asəf Zeynallı ilə xəyali müsahibə

Xatirələrdə yaşayan dahi bəstəkarla zamanlararası söhbət

– Asəf bəy, sizi təkcə musiqi çevrələri deyil, Azərbaycan xalqı da sevgi və ehtiramla xatırlayır. Cəmi 23 il yaşamağınıza baxmayaraq, bu qədər iz qoymağı necə bacardınız?

– Bəlkə də cavabı musiqidə axtarmaq lazımdır. Musiqi mənim nəfəsim idi. Atamı erkən itirdim, həyatın yükü anamın çiyinlərinə düşdü. Amma o, nə yorğunluğunu göstərərdi, nə də şikayət edərdi. Axşamlar qarmon çalardı, biz uşaqları başına yığardı. Mənim ilk musiqi müəllimim anam idi – səsi ilə, sevgisi ilə, sabaha inamı ilə.

– İlk musiqi təhsilinizi Dərbənddə almısınız. O günlər yaddaşınızda necə qalıb?

– Dərbənd realnı məktəbinin uşaq xorunda oxuyurdum. Klarnet çalmağı orada öyrəndim. Yay axşamlarında nəfəsli orkestr parklarda konsert verirdi. Məni də tez-tez dəvət edirdilər. Musiqi mənə artıq o yaşda bu dünyanın içində olan başqa bir dünya kimi gəlirdi. 11 yaşımda Bakıya köçəndə artıq əlimdə bir alət, qəlbimdə isə böyük arzular vardı.

– Bakı Musiqi Texnikumundakı dövr, konservatoriyada Üzeyir bəyin sinfində oxumaq… Siz o mühitdə ilk nəyi anladınız?

– Anladım ki, xalq musiqisi bu torpağın səsidir, nəfəsidir. Avropa musiqisinin nəzəriyyəsini dərindən öyrənsəm də, əsərlərimin ruhunu xalq mahnılarından alırdım. Üzeyir bəyin dərsləri mənim üçün məktəb yox, məktəbə çevriləcək həyat idi. Onun bir kəlməsi illərlə içimdə musiqiyə çevrilirdi.

– Sizi ən çox tanıdan və bu gün də sevilən əsər “Ölkəm” romansıdır. Bu əsər necə yarandı?

– “Ölkəm” – mən onu adi bir romans kimi görmüürəm. O, mənim içimdəki Vətəndir. Cəfər Cabbarlının sözləri ruhuma toxundu, sanki bir melodiyanı içimdə oyatdı. Bu əsəri bəstələyəndə Azərbaycanın çaylarını, dağlarını, günəşini duyurdum. Görünür,  bu səbəbdən romansa biganə qalmaq olmur. Düşünürəm ki, o, bir xalqın səsi oldu – təkcə mənim yox.

– “Ölkəm” əsəri indi də konsert salonlarında səslənir və eyni təsiri göstərir. Sizcə, bunun sirri nədir?

– Dürüst və dərin hisslər. Musiqi səmimi olmalıdır. Mən “Ölkəm”i yazanda nə şöhrət, nə də alqış üçün yazmırdım. Sadəcə sevgimi notlara köçürürdüm. Düşünürəm ki, insanlar içdən gələn səsi hiss edir.

– Siz həm də ilk milli romansların müəllifisiniz. “Sual”, “Sərhədçi”, “Çadra” kimi əsərlər musiqi tariximizin inciləridir. Bu janra xüsusi bağlılığınız hardan idi?

– Romans – söz və musiqinin sevgisidir. Mən musiqi ilə danışmağı sevirdim. Hər romansda bir həyat hekayəsi gizlidir. Azərbaycanın qadınları, onun sərhədləri, xalqın duyğuları – mənim romanslarımda bunlar yaşayır.

Bəstələrinizlə yanaşı, pedaqoji fəaliyyətiniz də olub. Qara Qarayev, Tofiq Quliyev kimi sənətkarlar sizin yetirmələrinizdir. Necə müəllim idiniz?

– Gəncləri sevir, onlara inana bilirdim. Hər tələbə bir toxum idi, onun torpağını, işığını tapmaq lazım idi. Onlarla nota yox, düşünməyə öyrədirdim. Mənə görə musiqi yalnız texnika deyil, duyğudur.

– Azərbaycan musiqi folklorunun toplanmasında da iştirak etmisiniz. Qarabağa səfəriniz necə yadınızda qalıb?

– Qarabağ musiqinin beşiyidir. Şuşada Xan Şuşinski ilə tanış oldum. Onun ifa etdiyi “Alma almaya bənzər” mahnısı məni valeh etdi. Bu səfər mənim üçün sadəcə folklor işi deyildi – bu, sanki musiqi ilə vətənin görüşü idi. Təəssüf ki, həmin səfərdən qayıdarkən xəstələndim…

Xəstəlik sizi ən məhsuldar çağınızda yarımçıq qoydu. Son simfoniyanız xəstəxana divarında yazılı qaldı…

– Hə, sonuncu əsərim xəstəxana otağının divarındaydı. Qardaşımdan onu kağıza köçürməsini istədim… Amma olmadı. Yəqin, bəzi musiqilərin taleyində səsə çevrilməmək var. O simfoniyanı da eşidən olmadı. Xəstəxananın həmin divarı ondan sonra dəfələrlə təmir olunub, üstünə başqa-başqa rənglər çəkilib. Amma bəlkə bir gün kimsə o divarların arxasında səssiz qalan həmin melodiyanı duyar…

– Bəs Kövkəb Səfərəliyeva?..

– Qəmli notlara toxundunuz… Onunla nişanlı idik. Təəssüf ki, taleyimiz biz istəyən kimi yazılmadı. Pianoçu Kövkəb pedaqoq oldu, professor oldu, publisist oldu, maarifçi oldu, hətta Azərbaycan SSR xalq artisti adını da aldı. Amma biz qovuşmadıq. Hərəmiz öz dünyamızda sevgimizə sadiq qaldıq…

– Son olaraq, sizi sevənlərə nə demək istərdiniz?

– Musiqini yaşadın. Qəlbinizlə dinləyin. Unutmayın – bəstəkar ölə bilər, amma musiqi yox. Mən 23 yaşımda getdim, amma hər səslənən “Ölkəm”də yaşayıram.

Asəf Zeynallının həyatı və yaradıcılığı göstərir ki, böyük olmaq üçün uzun ömür deyil, dərin iz buraxmaq lazımdır. O, 23 illik ömrünə bir xalqın musiqi xəzinəsini sığışdırdı. “Ölkəm” kimi ölməz romansla, simfonik süitalarla, uşaq musiqisi ilə və nota köçürülmüş xalq mahnıları ilə… O, nəinki bir bəstəkar, həm də musiqi ilə milləti danışdıran bir ruh idi.

“Söhbətləşdi”: Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev həmin gün xalqımıza bu müjdəni rəsmi olaraq çatdıraraq, belə demişdi:
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin