Nəşr edilmişdir 11/05/2024

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Murtuza Muxtarov

Milyonçu mühəndis (Bioqrafik oçerk)

Qazmaçı

Onun haqqında deyirdilər ki, milyonlarla manat pul Muxtarov üçün milçək kimidir… Çünki bütün maliyyə sənədlərinə imza atarkən, rus hərfləriylə, qısa şəkildə “Mux” yazardı.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakının neft milyonçuları arasında Murtuza Muxtarovun xüsusi yeri var idi. Ən əvvəl ona görə ki, o biri milyonçulardan fərqli olaraq, Muxtarov neftli torpaq alıb, neft fontanı hesabına milyonçu olmamışdı. O, peşəkar neft mühəndisi idi. Buruqlarda fəhləlikdən işə başlayaraq pillə-pillə yüksəlib sahibkar olmuşdu.
1855-ci ildə Bakının Əmircan kəndində doğulan Murtuza Muxtarov 15 yaşından etibarən qardaşı Bala Əhmədlə birlikdə neft mədənlərində işləməyə başlamışdı.
Çox çalışqan, zəhmətkeş və ağıllı bir gənc idi. Onun bu keyfiyyətləri buruq sahibi Markovun diqqətini edir. Markov qazma işinin incəliklərini ona öyrətməyə başlayır. Muxtarov gənc yaşlarından buruq ustası olur, daha sonra Markov onu mədəndəki bütün mexanika emalatxanalarının rəhbəri təyin edir.
Muxtarov qazmaçılıq avadanlıqları emalatxanalarına rəhbərlik etdiyi müddətdə, işi daha dərindən öyrənmişdi. Xaricdən gələn bir çox avadanlıqları yerli şəraitə şəraitə uyğunlaşdırıb, xüsusi dövlət patentləri almışdı. Bütün bu işlərinə görə, ona “diplomsuz mühəndis” deyirdilər.
Yeniyetməliyindən ağır fiziki işlərdə çalışmışdı, çox güclü, boy-buxunlu bir adam idi. Hətta milyonçu olandan sonra da heç vaxt yanında qoçu gəzdirməzdi. Deyərdi ki, lazım olsa, mən özüm özümü müdafiə eləyərəm.

Sahibkar

Murtuza Muxtarovun neft mühəndisliyi işində böyük bacarığını və səylərini sahibkar Markov daim diqqətdə saxlayır. Qocalıb işdən kənara çəkilmək vaxtı çatanda özünün neft avadanlıqları emalatxanasını ucuz qiymətə Murtuza Muxtarova satır. O, isə qısa zamanda bu emalatxananı genişləndirir, özünün qazma kontorunu açır.
Həmin illərdə Muxtarov bütün Abşeronda qəzaya uğramış quyuların xilas edilməsi üzrə bir nömrəli mütəxəssis hesab olunurdu. Qazma vaxtı quyuda hansısa qəza və ya partlayış olardısa, ilk olaraq Muxtarova müraciət edərdilər. O, öz briqadasıyla birlikdə gəlib özünün ixtira etdiyi avadanlıqların köməyi ilə qazma avadanlıqlarını dağılmış quyulardan çıxarar, quyunu yuyub təmizləyər və onu yenidən qazmaya hazır vəziyyətə gətirərdi.
1895-ci ildə Muxtarov yeni texnologiya ilə ştanqla qazma qurğusunu ixtira etdiyinə görə, Dövlət patenti alır. Yeni qazma qurğusu «Bakı qazma sistemi» adını alır bir çox ölkələrdə istifadə olunmağa başlayır. Bu illərdə peşəkar mühəndisləri öz yanına dəvət edərək onlardan dərslər alır, öz mühəndislik bacarıqlarını daim artırırdı.
XIX əsrin sonlarında isə Murtuza Muxtarov Bibi-heybətdə qazma qurğuları zavodu açır. Bu, Rusiya imperiyasında qazma qurğuları istehsal edən ilk zavod olur.
Əvvəllər imperiyanın müxtəlif yerlərində qazma işləri yalnız Avropadan gələn avadanlıqlarla aparılırdı. XX əsrin ilk illərindən artıq bütün buruqlar məhz Muxtarovun zavodunun avadanlıqları ilə qazılırdı.
Muxtarov öz zavodu üçün texnika almaq üçün tez-tez Avropaya səfərlər edirdi. Avropanın ən tanınmış mexanika zavodlarında istehsalatla maraqlanır, lazımi yenilikləri öz zavodunda tədbiq edirdi.

Murtuza Muxtarov, neft buruğu

Şəxsi həyatı

Murtuza Muxtarov gənc yaşlarında öz kəndlərindən olan Qönçənaz adlı bir xanımla evlənibmiş. İki qızı olub. Lakin səfərlərindən birindən geri qayıdanda görür ki, hər iki azyaşlı qızı xəstəlikdən vəfat edib. Muxtarov arvadını ittiham edir ki, uşaqları vaxtında müalicə edə bilməyib.
Uşaqların ölümünü arvadına bağışlaya bilməyən Muxtarov onu evdən qovur. Bundan sonra on ildən çox müddət ərzində subay qalır.
Nəhayət, XX əsrin əvvəllərində Rusiyadan qayıdarkən Vladiqafqazda vağzalda maraqlı bir hadisə ilə rastlaşır. Görür ki, çərkəzi geyimdə iki leytenant perronda yerə canamaz açdılar. Çərkəzi geyimdə olan bir yaşlı nurani general isə elə perronda namaz qılmağa başlayır.
Onun bu hərəkəti Muxtarova maraqlı gəlir, kimliyi ilə maraqlanır. Məlum olur ki, bu nurani şəxs çar ordusunun generalı knyaz Tuqanovdur.
Murtuza Muxtarov general Tuqanovla dostlaşır. General onu evlərinə dəvət edir. Sonradan Murtuza Muxtarov general Tuqanovun ortancıl qızı Liza xanım ilə evlənir. Lakin əfsus olsun ki, ikinci nikahdan övladı olmur.
Lakin həyatı boyu çox uşaqlara qəyyumluq etmiş, oxutdurub savad vermişdi. Sonradan istedadlı məşhur aktrisa olan Fatma Muxtarovanı isə övladlığa götürüb böyütmüş, oxutmuş, öz familiyasını vermişdi.
Liza xanım da Bakıda çox aktiv ictimai fəaliyyətlə məşğul olan xeyriyyəçi xanımlardan biri idi. Sona xanım Tağıyeva ilə birlikdə çoxlu xeyriyyə tədbirləri keçirər, yığılan pulları yetimxanalara, məktəblərə köçürdərdilər.

Murtuza Muxtarov

Fəaliyyəti

Muxtarov müstəqil sahibkarlıq fəaliyyəti ilə bərabər, bir çox iqtisadi qurumların da idarə heyətinin sədri idi. Müsəlman xeyriyyə cəmiyyətinin fəaliyyətində aktiv iştirak edirdi. Azərbaycanlı gənclərin xaricdə ali təhsil alması üçün otuza qədər xüsusi təqaüd paketləri təsis etmişdi.
Bakıda Murtuza Muxtarovun tikdirdiyi xeyli sayda maraqlı binalar var. Bunların içində ən maraqlısı indi Səadət sarayı kimi fəaliyyəti göstərən “Muxtarovun mülkü”dür. Binanın qarşısından keçən küçə də hal hazırda Murtuza Muxtarov adını daşıyır.
Deyilənə görə, Muxtarov arvadı Liza xanımla Avropada səyahətdə olarkən, İtaliyada gözəl bir bina Liza xanımın çox ürəyinə yatır. Müxtarov bu binanın ünvanını götürür, Bakıya qayıdan kimi məşhur memar Ploşkonu yanına çağırır, ünvanı verib onu İtaliyaya göndərir ki, binanın şəkillərini çəksin və həmin binadan eynisini də onun üçün tiksin.
Ploşko öz vəzifəsinin öhdəsindən məharətlə gəlir və 1910-cu ildə Bakının mərkəzində İtalyan renessansı üslubunda tikilmiş möhtəşəm binanın açılışı olur.
Murtuza Muxtarov ailəsi ilə birlikdə bu evə köçür.
Onun tikdirdiyi daha bir möhtəşəm bina Mərdəkandakı bağı idi. Hal hazırda, bu məkan Mərdəkan Dendrarisi kimi fəaliyyət göstərir.
Bağ evində tikilən bina qotik üslubda gəmi formasında layihələndirilib. Muxtarov səkkiz hektarlıq bağın torpağını çıxararaq onu rayonlardan gətirdiyi təmiz, əkin üçün yararlı torpaqla əvəz edir. Daha sonra oranı münbit əraziyə çevirmiş, müxtəlif ağaclar əkdirmiş, həmin bağı Abşeron üçün unikal bir vəziyyətə gətirmişdi.
Bunlardan əlavə Murtuxa Muxtarov Vladiqafqazda və doğma Əmircan kəndində böyük məsçidlər tikdirmişdi.

Murtuza Muxtarov evi, səadət sarayı

Ölümü

Rusiya inqilabından sonra bir çoxları təkid etsə də, Murtuza Muxtarov vətəni tərk edib mühacirətə getməyə razılıq verməmişdi. Cümhuriyyət dövründə aktiv iqtisadi fəaliyyətdə olmuş, zavodunun və qazma kontorunun işini daha da genişləndirmişdi.
Lakin 1920-ci ildə bolşevik işğalı Murtuza Muxtarovun həm fəaliyyətinə, həm də həyatına son qoymuş oldu.
Deyilənə görə, işğaldan bir neçə gün sonra bir atlı bolşevik əsgəri Muxtarovun binasının hündür darvazasından içəri atla giribmiş. Nökərlər onu bayıra çıxarmaq istəyəndə, atlı bolşevik onları təhqir edib. Səs-küyü eşidib qəzəblənən tüfəngini götürüb dərhal azğınlaşmış atlı bolşeviki güllələyib.
İçəri soxulan o biri bolşeviklər də pilləkənin üstünə olan Muxtarovla atışmağa başlayıblar, Muxtarov bolşeviklərdən daha bir neçəsini öldürüb. Nəhayət, onlardan birinin gülləsi Murtuza Muxtarovun həyatına son qoyub.
Məşhur neft milyonçusu Murtuza Muxtarov illərlə dəbdəbəylə qalxdığı sarayının möhtəşəm pilləkənləri üzərində bu cür dramatik şəkildə həyata vida edib.

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 11-də Bakı Kristal Zalında futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi

Ən son

DİGƏR XƏBƏRLƏR

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio

DİGƏR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətindən

ƏSAS XƏBƏRLƏR

Adın mənası 19-cu əsrin ikinci yarısında Bakıda formalaşan mühafizəçilər zümrəsinə qoçular deyirdilər.Qoçu sözünün etimologiyasıyla bağlı