Baki-baku.az-ın bugünkü qonağı kinorejissor və ssenarist Rüfət Həsənovdur. Söhbətin Yarat İncəsənət Məkanında keçirilməsini Rüfət özü istədi. Həm burada kino dərsləri deyir, həm də yeni filminin montajı ilə məhz burada məşğuldur. Rejissorla ilk qiyabi tanışlığımız sosial mediada oldu. Mart ayında filmlər siyahısında gözə çarpan rəngli bir afişa diqqətimi çəkdi. Elə bu əlvan afişanın yaratdığı pozitiv hisslərin və marağın izi ilə “Yoxdu belə söhbət” filmini izləmək istədim. Nəticədə 70 dəqiqə ərzində keyfiyyətli vaxt keçirdim. Rejissor mentalitetimizi şirəli, səmimi və lazımi ölçüdə izləyiciyə ötürə bilmişdi. Elə bu səbəbdən şəxsən tanış olub müsahibə almaq istəyim yarandı.
– Rejissor olmaq istədiyinizi nə vaxt anladınız?
– Yəqin ki, ikinci kursda. Birinci kursda tamamilə başqa bir sahəni seçmişdim. Lakin Amerika təhsil sistemi ikinci ilin sonuna qədər ixtisas dəyişdirməyə imkan verir. Mən də birinci ilin 2-ci semestrində qərara gəldim ki, rejissor olmaq istəyirəm.
– Filmlərinizi kim üçün çəkirsiniz? Auditoriya hədəfiniz kimdir?
– Fransız rejissoru Fransua Trüffo bir zaman demişdi ki, Fransada 40 min sinefil, yəni kinosevər yaşayır, bu mənim kütləmdir və mənə kifayət edir. Mən inanmıram ki, 10 milyondan çox əhalisi olan Azərbaycanda 50 min kinosevər tapmaq mümkün olmasın. Mən də kinolarımı öncə özüm üçün, sonra isə kinosevərlər üçün çəkirəm.
– Azərbaycan kinosu 60-90-cı illərdə çiçəklənmə dövrü yaşayıb. Sizcə 90-cı illərdə kinoda durğunluq yaşandısa, bunun səbəbi müharibə idi, yoxsa başqa amillər vardı?
– Azərbaycan kinosonun intibah dövrü bir qrup güclü şəxsiyyətin üzərinə söykənən bir proses idi. Həsən Seyidbəyli, Maqsud İbrahimbəyov, Arif Babayev, . Rasim Ocaqov dünya səviyyəli işlərə imza atırdılar. Həsən Seyidbəylinin “Sən niyə susursan?” filmindəki operator işinə baxsaq görərik ki, nə qədər güclü bir estetika var. Eldar Quliyevin debüt filmi olan “Bir cənub şəhərində” də həmçinin ustalıqla çəkilmiş yaradıcılıq əsəridir.
Lakin 90-cı illərdə durğunluq yaşandığı fikri ilə tam razı deyiləm. Həmin illərdə bir sıra rejissorlarımız böyük nailiyyətlər qazandı: Ayaz Salayevin nüfuzlu Berlin Kinofestivalında iştirak etmiş “Yarasa” filmi, Hüseyn Mehdiyevin “Özgə vaxt”ı, Oleq Səfərəliyevin “Əlvida, cənub şəhəri”… Vaqif Mustafayevin isə Oberhausen festivalında Qarabağ mövzusuna həsr olunmuş filmi 4 mükafat qazandı. Buna görə deməzdim ki, kino axsadı. Sadəcə Sovet İttifaqı dağıldıqdan sonra özünüdərk prosesi hələ də davam edir. 2013-2025-ci illərdən etibarən isə artıq yeni mövzularda filmlər çəkilməyə başlandı bu da, zənnimcə, yeni nəslin bədii axtarışlarının nəticəsidir.
– Bakının hansı nöqtəsində film çəksəniz, şəhərin ruhunu tam ifadə edərsiniz?
– Bakı liman şəhəridir, amma Bakı kino tarixinə nəzər yetirsək görərik ki, çox az filmimiz dəniz tematikasına həsr olunub. XX əsrin əvvəlində bu mövzuda 1-2 film var idi, müstəqillik dövründə isə, təəssüf ki, dənizə həsr olunan filmlər barmaqla sayılır. Mənə elə gəlir ki, Bakı limanında çəkmək çox maraqlı olar. Əgər belə bir niyyətim olsa, limanda çəkərəm…
Söhbətləşdi: Deniz Məmmədli