Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/12/2026

Paylaşın

ƏDƏBİYYAT

Mirzə Fətəli Axundov – Azərbaycan dramaturgiyasının banisi və Şərqin böyük maarifçisi

IMG-20260712-WA0005

Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində fəaliyyəti bütöv bir dövrün başlanğıcını qoyan şəxsiyyətlər var. Onlardan biri də Mirzə Fətəli Axundovdur. O, təkcə ilk Azərbaycan dramaturqu deyil, həm də maarifçi, filosof, şair, ictimai xadim və ədəbi tənqidin banisi kimi xalqımızın mədəni inkişafında silinməz iz qoyub. Bu gün onun adı Azərbaycan teatrının, milli dramaturgiyanın və müasir düşüncə tarixinin ayrılmaz hissəsi kimi xatırlanır.

1822-ci il iyulun 12-də Şəkidə dünyaya gələn Mirzə Fətəli Axundov gənc yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərirdi. Sonralar Tiflisdə yaşaması və burada dövrün görkəmli ziyalıları ilə ünsiyyəti onun dünyagörüşünün formalaşmasına mühüm təsir göstərdi. O, klassik Şərq ədəbiyyatını, rus və Avropa müəlliflərini dərindən öyrəndi, xüsusilə rus teatrında izlədiyi tamaşalar onda dramaturgiyaya böyük maraq yaratdı.

1850–1855-ci illərdə yazdığı altı komediya ilə Mirzə Fətəli Axundov Azərbaycan dramaturgiyasının əsasını qoydu. “Molla İbrahimxəlil Kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs quldurbasan”, “Hacı Qara” və “Mürafiə vəkillərinin hekayəti” kimi əsərlər yalnız Azərbaycan ədəbiyyatı üçün deyil, Balkanlardan Hindistana qədər uzanan türk-müsəlman dünyasında dram janrının yaranmasına təkan verdi.

Onun əsərləri qısa müddətdə böyük şöhrət qazandı. “Müsyö Jordan və dərviş Məstəli şah” Peterburqda, “Xırs quldurbasan” və “Lənkəran xanının vəziri” isə Tiflisdə rus teatrlarında tamaşaya qoyuldu və tamaşaçıların rəğbətini qazandı. Avropa mətbuatı da onun yaradıcılığına biganə qalmadı. Almaniyanın “Magazin für die Literatur des Auslandes” jurnalı Mirzə Fətəli Axundovu “Müsəlman Molyeri” adlandıraraq onun istedadını yüksək qiymətləndirmişdi.

Mirzə Fətəli Axundov yalnız dramaturq deyildi. O, xalqının tərəqqisini hər şeydən üstün tutan maarifçi idi. Ən böyük arzularından biri ərəb əlifbasının dəyişdirilməsi və daha sadə əlifbanın tətbiqi idi. O hesab edirdi ki, bu islahat qısa müddətdə savadlı insanların sayını artıracaq, elm və təhsilin inkişafına böyük təkan verəcək. Lakin bu arzusu onun sağlığında reallaşmadı.

Mütəfəkkir həm də cəmiyyətin ədalət və hüquq məsələlərinə həssas yanaşırdı. O, sürgün edilən şair Qasım bəy Zakirin və ailəsinin azad olunmasına kömək göstərmiş, Xurşidbanu Natəvanın irs hüquqlarını müdafiə etmiş, Cavad xanın varislərinin mülkiyyət hüquqlarının bərpasına dəstək vermişdi.

Şəxsi həyatı isə faciələrlə dolu olub. Axund Hacı Ələsgərin qızı Nanə xanımla ailə quran Mirzə Fətəli övladlarının əksəriyyətini erkən yaşda itirib. Yalnız oğlu Rəşid bəy və qızı Nisə xanım uzun ömür sürə biliblər. Qayınatasının vəfatından sonra onun ailəsinin qayğısını da öz üzərinə götürməsi maddi vəziyyətini xeyli ağırlaşdırmışdı.

Mirzə Fətəli Axundovun xidmətləri Azərbaycan teatrının yaranmasında da mühüm rol oynadı. 1873-cü ildə Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani onun “Hacı Qara” komediyasını səhnələşdirməklə Azərbaycan və ümumilikdə türk-müsəlman aləmində peşəkar teatr hərəkatının əsasını qoydular. Axundovun əsərlərində ilk dəfə Şərq qadınlarının canlı səhnə obrazları yaradıldı ki, bu da dövrü üçün cəsarətli addım idi.

Onun yaradıcılığı yalnız dramaturgiya ilə məhdudlaşmırdı. “Puşkinin ölümünə Şərq poeması”, “Aldanmış kəvakib”, “Kəmalüddövlə məktubları”, “Tənqid risaləsi” kimi əsərləri də Azərbaycan ictimai fikir tarixində mühüm yer tutur.

Mirzə Fətəli Axundov 1878-ci il martın 10-da Tiflisdə vəfat edib və öz vəsiyyətinə uyğun olaraq müəllimi Mirzə Şəfi Vazehin yanında dəfn olunub.
Bu gün də onun əsərləri teatr səhnələrində yaşayır, müxtəlif dillərə tərcümə olunur, ekranlaşdırılır. “Hacı Qara”, “Dərviş Parisi partladır”, “Mürafiə vəkillərinin hekayəti” kimi filmlər, həmçinin 2012-ci ildə çəkilən “Sübhün səfiri” bədii filmi böyük maarifçinin həyat və yaradıcılığını yeni nəsillərə tanıdır.

Mirzə Fətəli Axundovun irsi cəmiyyətin tərəqqisinin elm, təhsil, azad fikir və mədəniyyətlə mümkün olduğunu göstərir. Onun əsərləri və ideyaları bu gün də aktuallığını qoruyur, Azərbaycan maarifçilik tarixinin ən parlaq səhifələrindən biri kimi yaşayır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mavriki adasının cənub-qərb sahillərində dünyanın ən qeyri-adi yerlərindən biri yerləşir. Le-Morn yarımadasının yaxınlığında su sanki qırılır və böyük

Ən son

ƏDƏBİYYAT

1822-ci il iyulun 12-də Şəkidə dünyaya gələn Mirzə Fətəli Axundov gənc yaşlarından elmə və ədəbiyyata

ƏDƏBİYYAT

1822-ci il iyulun 12-də Şəkidə dünyaya gələn Mirzə Fətəli Axundov gənc yaşlarından elmə və ədəbiyyata
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin