Mirzə Davud Bağır oğlu Hüseynov – Azərbaycan tarixində həm siyasətçi, həm də faciəvi bir sevgi hekayəsinin qəhrəmanı kimi yadda qalan şəxsiyyətlərdən biridir. O, 1894-cü ilin mart ayında Bakıda, ruhani ailəsində anadan olub, gənc yaşlarından inqilabi fikirlərlə silahlanaraq həyatını xalqın azadlığı və tərəqqisinə həsr edib. Lakin onun taleyində təkcə siyasi ideallar yox, həm də böyük bir məhəbbət vardı — Tamara Xoyskaya ilə olan sevgi.
İnqilabi mübarizənin önündə
Mirzə Davudun ictimai-siyasi fəaliyyəti çoxşaxəli və təsirli olub. Bakı realnı məktəbini bitirdikdən sonra o, Moskva Kommersiya İnstitutunda iqtisadiyyat təhsili alıb və burada siyasi iqtisad, dövlət maliyyəsi sahələrində dərin biliklər qazanıb. 1917-ci ildə Bakıya dönərək tələbə hərəkatlarına rəhbərlik dib, sonralar isə bolşevik “Hümmət” təşkilatının sədri seçilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) həm gizli təbliğat aparıb, həm də fəhlə və kəndli siniflərinin haqlarını müdafiə edən təşkilatların formalaşmasında mühüm rol oynayıb. 1920-ci il aprel çevrilişində onun imzası ilə Azərbaycan kəndlilərinə torpaq verilməsi haqqında ilk dekret imzalanıb. Sonralar o, Azərbaycanın Xalq Xarici İşlər Komissarı, Maliyyə naziri və ZSFSR-də (Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası) müxtəlif yüksək vəzifələrdə çalışmışdır. Həmçinin Tacikistan KP MK-nın (Kommunist Partiyası Mərkəzi Kommitəsi) birinci katibi kimi ölkənin sənayeləşməsinə töhfə verib.
Məhəbbət naminə ölüm
Mirzə Davudun həyatında təkcə ideologiyalar, iqtisadi layihələr və inqilab yox idi. Onun taleyinə yazılmış ən dramatik səhifə — Tamara Xoyskaya ilə olan sevgisidir. Tamara xanım, Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri və daxili işlər naziri olmuş Fətəli xan Xoyskinin qızı idi.
Sovet hökuməti qurulandan sonra Fətəli xan Xoyskinin ailəsi Filarmoniya ilə üzbəüz mənzildən çıxarılır. Onlar heç nəsiz qalırlar. Xoyski özü isə 19 iyun 1920-ci ildə Tiflisdə qətlə yetirilir. Atasının Tiflisdəki dəfninə getmək istəyən 18 yaşlı Tamara bu məqsədlə Sovet hakimiyyətindən icazə almağa çalışarkən bir çox idarələrdən rədd cavabı alsa da, Mirzə Davudla tanış olur. Onunla görüşdən sonra Mirzə Davud Tamara xanıma aşiq olur. Siyasi düşmənçilik, sinfi fərqlər və ideoloji maneələrə baxmayaraq, o, bu sevgidən vaz keçmir və Tamara ilə evlənir, Moskvada yaşayırlar. Onların sevgisi 17 il davam edir. Lakin 1930-cu illərin sonlarında Stalin repressiyası hər şeyi alt-üst edir. 1937-ci ildə ikisi də həbs olunur. Deyilənlərə görə, onları qara “çayka” maşınında evdən çıxarıb aparıblar. Bunu deyirlər ki, Stalin şəxsən Mirzə Davudu qəbuluna çağıraraq onu “xalq düşməninin qızı ilə evli olmaqda” ittiham edib. Mirzə Davud cavabında: “Mən onu sevirəm və onsuz yaşaya bilmərəm” deyə cavab verib. Nəticədə, 1938-ci il martın 21-də güllələnib. Tamara xanım isə sürgün edilib.
Unudulmuş qəhrəman və tənha qadın
Bu sevgi hekayəsinin faciəsi təkcə fiziki itki ilə yekunlaşmadı. Tamara xanım sürgündən yalnız 1956-cı ildə qayıda bildi və 1990-cı ildə Bakıda, tək yaşadığı birotaqlı mənzildə vəfat etdi. Onların birgə həyatından övladları olmasa da, sevgi və sədaqətləri sovet dövrünün ən sarsıdıcı siyasi repressiyasına qarşı duran insan ləyaqətinin simvolu kimi yaşayır.
Heç nə insan qəlbinin gücünü sındıra bilməz
Mirzə Davud Hüseynov – XX əsr Azərbaycan tarixində silinməz iz buraxmış nadir şəxsiyyətlərdəndir. O, inqilabçı idi, dövlət xadimi idi, lakin hər şeydən əvvəl — sevən bir insan idi. Onun Tamara Xoyskaya ilə olan məhəbbəti bizə göstərir ki, hətta ən sərt siyasi sistemlər belə insan qəlbinin gücünü tamamilə sındıra bilməz. Bu, tarixin içində ibrətamiz bir hadisə, nəticə çıxarmaq üçün bir dərsdir: əqidəyə sadiqlik və sevgiyə sədaqət heç vaxt unudulmur…
Murad Muxtarov