Onu hər kəs sevirdi. “Liman”, “Saçlarına gül düzüm”, “Uzaq yaşıl ada”, “Gəlmədin”, “Kəpənək”, “Zəfəran”, “Çay” və yüzlərlə başqa mahnını böyük ilhamla oxuyan sənətkar, qəlbləri fəth edir, yaddaşlarda əbədi iz buraxırdı.
Baki-baku.az xatırladır ki, bu gün Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estrada musiqisinin əsasını qoyanlardan biri olan Mirzə Babayevin anadan olmasından 112 il ötür.
Onun sənətinə hər dəfə nəzər salanda sanki ifa etdiyi mahnıların sözlərini və musiqisini özü yazıbmış kimi hiss edirsən. Onun unikal ifa tərzi dinləyicini sehrləyirdi. Elə sakitcə pıçıldanan bir söz belə, dinləyicinin qəlbinə işləyirdi.
Mirzə Babayevin həyat səhifələrini vərəqlədikcə, göz önündə musiqi mədəniyyətimizin unudulmaz bir dövrü canlanır. Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev kimi böyük bəstəkarlarla əməkdaşlıqda ərsəyə gəlmiş mahnılar Azərbaycan musiqi irsinin parlaq inciləridir. Onun repertuarında digər xalqların musiqisinə də yer verilmişdi.
Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1935–1940-cı illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Lakin II Dünya müharibəsinin başlanması onun taleyini tamamilə dəyişdi. O, cəbhəyə yollandı və döyüşlərdə igidlik göstərdi. Musiqiyə olan böyük sevgisi onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə təhsilini başa vurduqdan sonra vokal sənətinin incəliklərinə yiyələnən istedadlı müğənni, qısa müddət ərzində təsirli səsi, gözəl ifa tərzi, incə musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə tamaşaçıların rəğbətini qazandı.
Mirzə Babayev 30-dan çox filmdə rol alıb. Müxtəlif illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında və Dövlət Konsert Birliyində çalışıb. İfaçılıq ustalığı ilə seçilən görkəmli estrada müğənnisi, dünyanın müxtəlif ölkələrində uğurla çıxış edərək Azərbaycan musiqi sənətini təbliğ etmiş, milli estrada musiqisini ən yüksək zirvələrə qaldırmışdır.
Aktor kimi də peşəkar oyun nümayiş etdirən Mirzə Babayevin unudulmaz səsi kinomuzun tarixində qızıl hərflərlə yazılıb. “Kölgələr sürünür”, “Smuglyanka”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” kimi filmlərdəki epizodik rollar onun ifası ilə xüsusi ahəng qazanıb. “O olmasın, bu olsun” filmində Məşədi İbadın oxuduğu mahnılar da məhz Mirzə Babayevə məxsusdur.
Ensiklopedik biliklərə sahib olan sənətkarın əsas fəaliyyəti vokal sənətinə həsr olunmuşdu. Zəngin və məhsuldar yaradıcılıq irsi ilə o, 1998–2002-ci illərdə üç musiqi diski buraxdı, 1999-cu ildə isə Heydər Əliyev Sarayında solo konsert verdi.
Mirzə Babayev 2003-cü il yanvarın 13-də, ömrünün 90-cı ilində vəfat edib.
Onun milli musiqi mədəniyyətimizə verdiyi töhfələr yüksək qiymətləndirilib – o, vətənin ən ali fəxri adları və bir sıra orden və medallarla təltif olunub.
Zaman keçəcək, onilliklər ötəcək, lakin Mirzə Babayevin unudulmaz musiqi irsi heç vaxt solmayacaq. Onun yaradıcılığı gələcək nəsillər üçün ilham mənbəyi, örnək məktəb olaraq qalacaq.