Hər bir xalqın qurtuluş və zəfər tarixini özündə ehtiva edən elə günlər olur ki, onun həyatını dəyişir. Tarix hər zaman susmur. Bəzən o, bir xalqın iradəsini, siyasi taleyini həll edir. 1993-cü ilin 15 iyunu məhz belə bir tarixdir Azərbaycanın milli yaddaşına xilaskar çağırış kimi həkk olunmuş, dönüş nöqtəsi olmuş bir tarix. Bu gün 32 il öncə yaşanan bu tarix geridə qalsa da, o tarixi yalnız təqvimdəki bir gün kimi deyil, millətimizin yenidən dirçəlişini şərtləndirən əlamətdar an kimi xatırlayırıq. 15 İyun – Milli Qurtuluş Günü, sadəcə siyasi hadisə deyil, bir xalqın öz liderinə güvənərək taleyinə sahib çıxdığı, dövlətçiliyini qoruyub gələcəyə ötürdüyü müqəddəs missiyanın rəmzidir.
Azərbaycan dərin siyasi və sosial böhranın girdabında idi
Bu gün müasir Azərbaycanın təməllərinin qoyulduğu, sabaha olan inamın bərpa edildiyi, tarixin axarının dəyişdiyi gün kimi yaddaşlarda yaşayır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dərin siyasi və sosial böhranın girdabında idi. Qarabağda torpaqlar işğal olunur, cəbhədən acı xəbərlər gəlir, paytaxtda siyasi xaos hökm sürürdü. Yenicə azadlıq əldə etmiş respublikanın müstəqillik arzusu sanki günbəgün sönürdü. Həmin vaxtda Azərbaycan xalqı tarixdə nadir hallarda rast gəlinən bir iradə nümayiş etdirdi: Ümidini, taleyini bir şəxsiyyətə Ulu Öndər Heydər Əliyevə bağladı. Naxçıvandan Bakıya çağırılan bu dahi şəxsiyyət 1993-cü il iyunun 9-da xalqın səsinə səs verərək paytaxta gəldi və 15 iyunda Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçildi. Məhz bu tarix müasir dövlətçiliyimizin başlanğıc nöqtəsinə çevrildi.Heydər Əliyev yalnız rəhbər olaraq geri dönmədi O, xalqın içində yanan, sönmək üzrə olan ümidi, inamı da özü ilə gətirdi. Onun təmkinli, uzaqgörən siyasəti qısa zamanda ölkədə sabitlik yaratdı. Vətəndaş qarşıdurmasının qarşısı alındı, ordu quruculuğuna start verildi, xarici siyasətdə balanslı və milli maraqlara söykənən yol xəritəsi cızıldı. Məhz o illərdə atılan bu addımlar, sanki bu günün 21-ci əsrin Azərbaycanının bünövrəsinə çevrildi. Ulu Öndər özü də deyirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi.” Lakin o, bu təhlükəni xalqın birliyi, liderin qətiyyəti ilə dəf etdi. Milli Qurtuluşun gətirdiyi sabitlik, inkişaf və dövlət quruculuğu prosesi artıq bir xalqın tale dastanına çevrildi. Bu gün isə həmin xilaskar irs, etibarlı əllərdədir. Prezident İlham Əliyevin müdrik və cəsarətli rəhbərliyi ilə Azərbaycanı zəfərlərdən zəfərlərə aparır. Beş ildir ki, xalqımız Milli Qurtuluş Gününü Qalib Xalq olaraq, qalib dövlət kimi qeyd edir. Bu qürur, bu sevinc sadəcə torpaqların azadlığı deyil, həm də 32 illik bir mübarizənin, Heydər Əliyev iradəsinin, onun dövlət idarəçilik məharətinin, uzaq görən siyasətinin təcəssümüdür. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, 2023-cü ilin antiterror tədbirləri bunu bir daha sübut etdi ki, Azərbaycan xalqı sadəcə müstəqilliyə deyil, həm də onu qorumağa qadirdir.İlham Əliyev qüdrətli bir lideri, dövlət xadimi olaraq Ulu Öndərin qoyduğu mirası sabitlik, güclü dövlətçilik və milli maraqlara əsaslanan siyasi xətti inkişaf etdirərək Azərbaycanı regionda söz sahibi, dünyada nüfuzlu tərəfdaşa çevirdi. Onun rəhbərliyi ilə həyata keçirilən diplomatik siyasət Azərbaycanı sadəcə öz torpaqlarında deyil, beynəlxalq səhnədə də güc etdi. Bu gün Azərbaycan sadəcə bir coğrafi məkan deyil sabitliyin, gücün, iradənin və qalibiyyətin timsalıdır. Vaşinqtondan Pekinə, Ankaradan Budapeştə, Moskvadan Romaya qədər dünyanın nüfuzlu paytaxtlarında bir ad hörmət və ehtiramla səslənir: Azərbaycan respublikasını prezidenti cənab İlham Əliyev! Dünyanın aparıcı liderləri ölkəmizin siyasi müstəqilliyini, prinsipial və ardıcıl mövqeyini yüksək qiymətləndirirlər. Onlar etiraf edirlər ki, Azərbaycan təkcə regionun deyil, bütöv Avrasiya məkanının sabitliyində və inkişafında açar rolu oynayan ölkədir. Bu isə, ölkəmizin qazandığı siyasi etimadın təzahürüdür. Artıq aforizmə çevrilən, Ulu Öndərdən miras qalan “Bir millət, iki dövlət” bu sadəcə bir şüar deyil, Azərbaycan və Türkiyə arasında yaşanan qardaşlıq ruhunun, ortaq tarix və gələcəyin rəsmi ifadəsidir. Pakistanın səmimi və dəyişməz dəstəyi, Çinin strateji baxışları, Rusiyanın sabit tərəfdaş mövqeyi, Avropa dövlətlərinin əməkdaşlıq arzusu bütün bunlar Azərbaycanın milli maraqlara söykənən, balanslaşdırılmış xarici siyasətinin nəticəsidir. Bu gün Azərbaycan həm öz suverenliyini qoruyur, həm də regional və qlobal sülhə, təhlükəsizliyə töhfələr verir. Lakin bu uğurlar təsadüfi deyil. Onların arxasında xalqın iradəsi ilə lider müdrikliyinin qovuşduğu bir tarixi dönüş nöqtəsi, Atadan-Övlada, daha doğrusu siyasi Liderdən – siyasi Varisə uzanan yol durur.
Milli Qurtuluş Günü Azərbaycanın tarixi dönüş nöqtəsidir
15 İyun 1993-cü il. Məhz o gün Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıdaraq, Azərbaycanı parçalanmaqdan, tənəzzüldən və xaosdan xilas etdi. 2003-cü ildən bu yana isə, Ulu Öndərin siyasi varisi – Prezident cənab İlham Əliyev Azərbaycanı qüdrətli bir ölkə kimi zəfərdən zəfərə aparır. Milli Qurtuluş Günü Azərbaycanın tarixi dönüş nöqtəsidir. Bu gün təkcə bir tarixi xatırlatmır, həm də gələcəyə ümid, sabaha inam verir. Zaman keçdikcə bu tarixin əsl dəyəri daha parlaq görünür. Çünki o gün xalqımızın taleyini dəyişdi, məmləkətə güvən, millətə ruh, əbədi hürriyyət arzusunda olan vətəndaşa işıqlı gələcəyə inam bəxş etdi. Əgər 15 İyun 1993-cü il Azərbaycanın qaranlıqdan işığa çıxış yolu idisə, bu gün 2025-ci ilin 15 iyunu, o yolun Zəfərlə taclandığı gündür. Bu, sadəcə bir siyasi çevrilişin deyil, xalq iradəsi ilə lider uzaqgörənliyinin yazdığı möhtəşəm salnamənin davamıdır. İllər keçsə də, zamanın yaddaşında silinməyəcək bir həqiqət qalır: Hər böyük yüksəlişin arxasında böyük məsuliyyət, böyük müdriklik və böyük fədakarlıq dayanır. Azərbaycan xalqı 32 il əvvəl Heydər Əliyevin ətrafında birləşərək yalnız o günü deyil, gələcək nəsillərin də yolunu müəyyən etdi. Bu gün həmin nəsillər azad və qalib bir vətənin övladları kimi bu tarixi qürurla Milli Qurtuluş günü kimi qeyd edir. Qarabağda, Şərqi Zəngəzurda isə böyük Qayıdışın, Milli Qurtuluşun, Dirçəliş və Tarixi Zəfərin dastanı yazılır. Bu gün həqiqətən də Azərbaycan dövləti və Azərbaycan xalqı tarixinin ən güclü, parlaq dövrünü yaşayır. Xalq və Lider birliyi sayəsində əldə olunan bütün uğurların əsası məhz 1993-cü il iyunun 15-də qoyuldu. Tarixə qızıl hərflərlə həkk olunan bu gün bir daha sübut edir ki, xalqın iradəsinin, Liderin millət sevgisinin tərcümanı olan Milli Qurtuluş günü bir başlanğıc, 44 günlük Vətən müharibəsindəki Tarixi Qələbə – Zəfər isə onun şanlı səhifəsidir!
Şərəf Cəlilli