Sözlər var ki, kitabın son səhifəsində bitmir. Misralar var ki, oxunub qurtarmır, insanın içində yaşamağa davam edir. Və müəllif var ki, yaradıcılığı ilə görüşdə ancaq oxucu ilə yazıçı görüşmür, insan öz yaddaşı, öz tənhalığı, öz iç dünyası ilə baş-başa qalır.
“Məni axtar darıxanda…” Bu, yaradıcılıq gecəsinin adı olmaqla yanaşı, İlqar Fəhminin illərdir yazdığı şeirlərin, qəzəllərin, pyeslərin və publisistik düşüncələrinin oxucusuna ünvanladığı səmimi bir çağırış idi. Çünki həqiqi söz darıxılan zaman yada düşür, insanın ruhuna yol tapır.

İyulun 1-də Beynəlxalq Muğam Mərkəzində keçirilən “Məni axtar darıxanda” adlı ədəbi-bədii gecə də məhz bu ruhun bayramına çevrildi. Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı, dramaturq, şair və publisist İlqar Fəhminin yaradıcılığına həsr olunan proqram sözün musiqi ilə, poeziyanın muğamla, düşüncənin səhnə ilə qovuşduğu nadir sənət hadisələrindən biri oldu.
Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən İlqar Fəhmi klassik ədəbi ənənələri çağdaş estetik düşüncə ilə birləşdirən müəlliflərdəndir. Onun əsərlərində fəlsəfi təfəkkür, milli-mənəvi dəyərlər, insan ruhunun mürəkkəb qatları və zamanın sualları daim yanaşı addımlayır. Elə buna görə də onun yaradıcılığı müxtəlif sənət növləri ilə dialoqa girə bilir. Muğam onun qəzəllərində yeni nəfəs tapır, səhnə onun dramaturgiyasında yeni məna qazanır, poeziya isə hər dəfə başqa bir duyğu ilə yenidən doğulur.

Tədbirə keçək…
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir çıxış edərək yubilyarın çoxşaxəli yaradıcılıq yolundan bəhs etdi. O, İlqar Fəhminin dramaturgiya, poeziya və publisistika sahəsində qazandığı uğurları, müasir Azərbaycan ədəbiyyatının inkişafına verdiyi mühüm töhfələri xüsusi vurğuladı. Qeyd olundu ki, yazıçının əsərləri dərin fəlsəfi məzmunu, milli-mənəvi dəyərlərə söykənən ideyaları və fərqli bədii üslubu ilə geniş oxucu auditoriyasının rəğbətini qazanıb.


Lakin gecəni xüsusi edən təkcə deyilən fikirlər deyildi. Onu unudulmaz edən səhnədə yaranan ovqat idi. Azərbaycanın Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova və Teyyub Aslanov İlqar Fəhminin qəzəllərinə bəstələnmiş əsərləri səsləndirdilər. Əməkdar artist Bəyimxanım Vəliyeva, gənc xanəndələr Daşqın Kürçaylı və Aytac Bəybalayeva muğamın poetik nəfəsini gecəyə gətirdilər. Hər ifa müəllif sözünə yeni çalar qazandırır, misraları musiqinin dili ilə yenidən danışdırırdı.

Poeziya hissəsində isə İlqar Fəhminin şeirləri və qəzəlləri müxtəlif səslərdə yeni həyat qazandı. Xalq artisti Mehriban Zəki, Əməkdar artist Nicat Kazımov, bədii qiraət ustası Xəzər Süleymanlı, rejissor Mənzər Hüseynova, aktrisa Kəbirə Həşimli və gənc aktyor Kənan Hüseynov müəllifin poetik dünyasını tamaşaçılara təqdim etdilər. Hüseynağa Aslanovun Bakıya həsr olunmuş bədii kollajı isə proqramın emosional zirvələrindən birinə çevrildi. Söz, musiqi və səhnə burada bir-birini tamamlayır, vahid bədii kompozisiya yaradırdı.
Poeziyanın ovqatını bəstəkar və pianoçu Zərif Kərimovanın, “Savalan” musiqi qrupunun bədii rəhbəri, kamança ifaçısı Ülfət Əsgərin və pianoçu İlham Rəhmanovun müşayiəti daha da dərinləşdirdi. Mirzə Babayev məktəbinin yetirməsi, şanson ifaçısı Əbülfəz Fətəliyevin çıxışı isə gecəyə fərqli bir musiqi çaları əlavə etdi. Onun ifası sadə olduğu qədər dərin, dərin olduğu qədər də hamının ürəyindən keçən bir melodiya idi. Və bunu da qeyd etmək yerinə düşər ki, həmin mahnı Əbülfəz bəyin nəfəsində sanki çox fərqli bir ruha bürünərək yenidən canlandı.

Bütün bunların fonunda gecənin ən təsirli məqamı bəlkə də onun aparıcısının elə İlqar Fəhminin özü olması idi. O, yaradıcılıq yolunun müxtəlif mərhələlərindən danışdı, əsərlərinin yaranma tarixçəsini bölüşdü, poeziyaya, dramaturgiyaya və ümumilikdə sənətə baxışını tamaşaçılarla səmimi şəkildə paylaşdı. Bu səmimiyyət müəlliflə oxucu arasında görünməz sərhədləri aradan qaldırdı. Zalda əyləşən hər kəs sanki uzun illərin söhbətinə qoşulmuş həmsöhbətə çevrildi.
Əslində “Məni axtar darıxanda” gecəsi bir yubiley tədbirindən daha artıq məna daşıyırdı. Bu, sözün hələ də insanı düşündürmək, duyğulandırmaq və bir araya gətirmək gücünə malik olduğunu xatırladan sənət axşamı idi. Burada alqışlanan təkcə bir müəllif deyildi. Burada alqışlanan Azərbaycan söz sənətinin yaşarlılığı, muğamın əbədi nəfəsi və ədəbiyyatın zamanla yarışan ömrü idi.


İlqar Fəhminin qələmi illərdir insanın daxili aləminin səssiz suallarını sözə çevirir. Onun əsərləri oxunub bitən mətn deyil, dönə-dönə qayıdılan düşüncə məkanıdır. Bəlkə də elə buna görə “Məni axtar darıxanda” adı həmin gecənin deyil, bütövlükdə bu yaradıcılığın ən dəqiq ifadəsi idi. Çünki insan darıxanda, düşünəndə, cavab axtaranda həmişə yaxşı sözə üz tutur. Yaxşı söz isə heç vaxt sahibini unutdurmur.
Xanım Aydın