Təsəvvür edin ki, bir musiqi aləti var və bu alətdə ifa edən nə musiqiçidir, nə də insan – birbaşa təbiətin özü.
Xorvatiyanın Zadar şəhərinin sahilində unikal bir dəniz orqanı yerləşir – Adriatik dənizinin kənarında inşa olunmuş memarlıq-akustika möcüzəsi. Mərmər pillələrin altında 35 boru gizlənib və onların hər biri fərqli notlara köklənib.
Baki-baku.az xəbər verir ki, pillələrin üzərindəki deşiklərdən hava bu borulara daxil olur. Dəniz dalğaları və külək isə bu “alətin” əsl ifaçısına çevrilir. Nəticədə yaranan musiqi sonsuz bir simfoniya kimidir.
Bu melodiyalar adi musiqi harmoniyasına tabe olmur, təkrarlanmır, amma buna baxmayaraq xaotik səslənmir, əksinə, qulaq üçün valehedici və dinləyicini öz sehrinə salan melodiyalar yaranır.
Bu orqan təkcə turist cazibə nöqtəsi deyil, həm də təbiət və sənətin bir araya gəldiyi canlı laboratoriyadır. Burada dəniz və külək birgə improvizasiya edir, daim dəyişən, təkrarı olmayan konsert təqdim edirlər.
Deyə bilərik ki, Zadarda dəniz ilk dəfə öz səsinə sahib olub — və bu səsi yalnız dinləməyi bacaranlar eşidə bilər.
Hacı Cavadov