Hər kəs doğulduğu torpağın, mənsub olduğu millətin, məmləkətin boy aldığı soyun bir parçasıdır. Azərbaycan Respublikasının I vitse prezidenti, Birinci xanımı Mehriban Əliyeva məğrurluğu, müdrikliyi, məhəbbət, mərhəmət, nəcibliklə dolu qəlbi, insansevərliyi ilə tarixdə iz qoyan qüdrətli xatunlarındandır.
Tanrı Mehriban xanım Əliyevanın qismətinə üç müqəddəs soyun işığından pay verib. O, iki böyük müəllim və alimin, yazıçı Mir Cəlal Paşayevin və jurnalist-pedaqoq Nəsir İmanquliyevin ocağında dünyaya gəlib. Atası AMEA-nın həqiqi üzvü Arif Paşayev fizika, texnika və kosmonavtika sahəsində qüdrətli alim olmaqla, Azərbaycanda ilk Milli Aviasiya Akademiyasının qurucusudur. Anası görkəmli alim, pedaqoq və ictimai xadim Aida xanım İmanquliyeva ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısıdır. O, AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olmuşdur.
Mehriban xanım Əliyeva bütün ömrünü Milli dövlətçilik tariximizin yenidən yazılmasına həsr edən, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev və görkəmli oftalmoloq Zərifə Əziz qızı Əliyevanın ocağının gəlinidir. Həyat yoldaşı Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Üç övlad anası, biri-birindən qiymətli doqquz nəvənin nənəsidir. Bütün bunlar onun alın yazısı, Tanrıdan tale payı olsa da, həyat yolunu və fəaliyyət dairəsini O, özü müəyyənləşdirib.
Ən böyük səadəti və mükafatı qazandığı xalq məhəbbəti, insan sevgisidir
Sivilizasiyaları dialoqa, bəşəriyyəti birliyə, dostluğa çağıran, Şərqlə Qərbi İpək yoluna səsləyən Mehriban xanım Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci ildə 23 saylı orta məktəbi qızıl medalla bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1983-cü ildə Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Heydər Əliyevin oğlu İlham Əliyevlə ailə həyatı qurduqdan sonra təhsilini Moskvada M.Seçenov adına I Moskva Tibb İnstitutunda davam etdirib. 1988-ci ildə oranı fərqlənmə diplomu ilə başa vuraraq 1988-1992-ci illərdə Moskvada Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda oftalmoloq kimi çalışıb.
1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, 1996-cı ildə Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən “Azərbaycan-İrs” jurnalının təməlini qoyub. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sonrakı illərdə isə sədr müavini seçilib. Mehriban xanım Əliyeva ona göstərilən etimada hər zaman böyük hörmət və məsuliyyətlə yanaşdığından qısa zaman kəsiyində bütün sahələrdə çox böyük uğurlar və nailiyyətlər əldə edib.
Elmi humanizmin əsasını qoydu
2004-cü ildə şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə UNESCO-nun və çoxşaxəli, genişmiqyaslı fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə və islam aləmində gördüyü işlərə görə isə 2006-cı ildə İSESCO-nun xoşməramlı Səfiri adına layiq görülən Mehriban xanım Əliyeva 2005-ci ildə 14 saylı Əzizbəyov seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2005-ci ildə müdafiə etdiyi “Eftanaziya və təbabətdə humanizm probleminə həsr olunan namizədlik dissertasiyası ilə elmi humanizmin əsasını qoymuşdur. Azərbaycanın Birinci xanımının dövlət və xalq qarşısında ən böyük xidməti 2004-cü ildə təsis etdiyi Heydər Əliyev Fondu ilə bağlıdır. Onun rəhbərlik etdiyi bu Fond dünyaşöhrətli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və onun yaratdığı milli dövlətçilik ideyalarının, Azərbaycançılıq məfkurəsinin yeni nəsillərə çatdırılması və inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlər göstərir. Mehriban xanım Əliyeva eyni zamanda Azərbaycan-Amerika və Azərbaycan-İngiltərə parlamentlərarası dostluq qrupunun rəhbəri kimi mühüm xidmətlər göstərmiş, nəaliyyətlər əldə etmişdir. “Muğam” jurnalının təsisçisi kimi şöhrət qazanan ölkənin I vitse prezidenti “Muğam” portalını və Muğam Mərkəzinin qurucusu kimi tarix yaradıb. Bu gün Azərbaycanın Birinci xanımı vətənində olduğu kimi, Şərqdə və Qərbdə, inkişaf etmiş Avropa ölkələrində, ABŞ-də, Türk dünyasında ehtiramla qəbul edilir və sevilir.
“Təhsilə dəstək” layihəsi sərhədləri aşdı
Ölkənin I vitse prezidenti, Azərbaycanın Birinci xanımı “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri ilə yüzlərlə orta məktəb binasının təməlinin qoyulmasına və bərpasına nail olub. Onlar müasir-texniki avadanlıqlarla, kompüterlərlə, idman qurğuları ilə təchiz edilib. Belə möhtəşəm layihələr hətta ən ucqar dağ kəndlərində, çadır şəhərciklərində, indi isə artıq işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilir. Məhz Mehriban xanım Əliyevanın xidmətləri sayəsində Qax, Zaqatala və Balakən bölgələrində yaşayan gürcü dilli inqiloylar üçün “Təhsilə dəstək proqramı çərçivəsində tikilən yeni məktəblər tədris ləvazimatları və dərsliklərlə təmin olunub. Bakıda yəhudi uşaqları üçün Xabad-Or-Avner təhsil mərkəzinin təməli qoyulub.
Muğamın xilaskarı, mədəniyyətin himayədarı
Azərbaycan Mədəniyyət Fondunun və Heydər Əliyev Fondunun xətti ilə sənəti və mədəniyyəti himayə edən Mehriban xanım Əliyeva müasir Azərbaycandan əski çağlara cığır açmış oldu. Azərbaycanın tarixi abidələri, muğamları dünyanın maddi-mədəni inciləri sırasına yazıldı. Bununla yanaşı Mehriban xanımın iradəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və UNESKO-nun keçmiş baş katibi, Azərbaycan mədəniyyətinin dostu Koişiro Matsuuranın xeyir-duası ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməli qoyuldu. Muğamın inkişafı və təbliği istiqamətində atılan bu möhtəşəm addım “Azərbaycan muğamları” layihəsi ilə müşayiət olundu. Layihə çərçivəsində işıq üzü görən “Qarabağ xanəndələri” albomu ilə ölməz muğam ifaçıları yenidən dünyaya təqdim edildi. Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Bülbül kimi və bu gün muğam dünyamızı zinətləndirən Şərqin bənzərsiz muğam ifaçıları Qarabağ həqiqətini muğamın dili, səsin sehri ilə dünyaya bir daha təqdim etdi. “Muğam – Dəsgah” layihəsi çərçivəsində muğam dəsgahları birbaşa konsertlərdən lentə yazıldı. Mehriban xanım “Muğam Ensiklopediyası” layihəsinin də gerçəkləşdirilməsinə, onun elektron variantının hazırlanmasına nail oldu. “Muğam portalı”nın yaradılması, “Muğam İnternet” layihəsinin, muğamla bağlı beynəlxalq konfransların, festivalların, simpoziumların həyata keçirilməsini nəzərdə tutan “Muğam dünyası” layihəsi Mehriban xanımın Azərbaycana, eyni zamanda sənətşünaslığa və musiqişünaslığa bəxş etdiyi ən müqəddəs töhfələrdir.
Azərbaycan qadınının gerçək obrazını bəşəriyyətə təqdim etdi
Şərqin, Türk dünyasının və Azərbaycanın qüdrətli şəxsiyyətləri, sərkərdə xaqanları, pirlərə, övliyalara, Tanrı evlərinə, üləmalara ehtiram göstərib. Saraylarında fikir və düşüncə sahiblərini himayə etdikləri kimi, onların şərəfinə türbələr, məqbərələr ucaldılıb. Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində bir çox abidələrin və dini məbədlərin bərpa olunması da məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Əfşar, Qacar hökmdarlarının, Osmanlı sultanlarının, Şirvan şahlarının dinlərin dialoquna göstərdiyi ehtiram hissi bu gün Mehriban xanım Əliyevanın əməli fəaliyyətində gerçəkliyə çevrilir. Raşidi xəlifəsi Ömərin Fələstin torpağına ayaq basarkən Süleyman Peyğəmbərin məşhur məbədinin xarabalığında namaz qılması, əmir Teymurun kilsələrə Tanrı evi kimi baxması yüz illər sonra Heydər Əliyevin dövlətçilik ideologiyasında yaşadı. Onun ideyalarının carçısı və davamçısı olan, məscidlər və minarələr ucaldan Mehriban xanım kilsələrə, sinaqoqlara da diqqət və qayğı ilə yanaşır. Babur şah sevimli xatunu Mümtaz Mahalın eşqinə Tac-Mahalı, Atabəy Məhəmməd Mömünə xatun, Əmir Teymur Bibixanım türbəsini ucaltdı. Unudulmaz ömür-gün yoldaşı Zərifə xanıma abidə ucaldan Heydər Əlirza oğlu Əliyev Cavid məqbərəsini, Şəhidlərin ruhuna “Şəhidlər” kompleksini qurdu. Azərbaycanın Birinci xanımı, ölkənin I vitse prezidenti bu müqəddəs ənənəni bu gün Azərbaycanın bütün guşələrində həyata keçirir. Onlarla türbələrin, məscidlərin təməli qoyulur. Azərbaycanın bütövlük və azadlıq rəmzi olan Cavad xanın məzarı üstə məqbərənin ucaldılması, Gəncənin maddi-mədəni incilərinin bərpa etdirilməsi, Gəncə Qalasının darvazasının yaddaşlara qaytarılması, Gəncənin 2500 illiyinin təntənə ilə qeyd edilməsi, Gəncə xanlığının bayrağının bərpa edilməsi, “Cavad xan” filminin yaradıcı heyətinə dəstəyin verilməsi Mehriban xanım Əliyevanın milli dövlətçilik tariximizin qızıl səhifələrinə yazılmış xidmətlərindəndir. Bu, həm də sinəsinə Sisianovun oğul və ər dağı çəkdiyi Bəyim xanımın ruhuna hörmətin əlamətidir.
Millətə hörmət, tarixə sədaqət hissi ilə
Azərbaycanın qüdrətli xatunları və görkəmli dövlət xadimləri qılınc və qələmin vəhdətində dövlət quran sərkərdə xaqanlara təkcə dayaq olmadılar, onlar həm də möhtəşəm ideyaların müəllifləri və memarları oldular. Dünyanın müqəddəs yerlərini ziyarətdə bulunan Mehriban xanım öz fəaliyyəti ilə həm də Böyük İpək yolu layihəsinə, milli dövlətçilik tariximizə, sivilizasiyaların dialoquna töhfələr verir. 1918-ci ildə Şərqin ilk Demokratik Cümhuriyyəti qurulanda onun etiraf olunması, özgürlüyünün tanınması üçün Əlimərdan bəy Topçubaşov kimi qüdrətli diplomatlar çətinliklərlə üzləşirdi. Erməni daşnaklarının, çar Rusiyasının, Azərbaycanı azad görmək istəməyən bəzi Avropa dövlətlərinin təzyiqinə baxmayaraq, 1919-cu ildə Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin iradəsi ilə Fransanın Versal sarayında Azərbaycanın bir dövlət kimi mövcudluğu təsdiq olundu. Versal sarayının və Əlimərdan bəy Topçubaşovun adı milli dövlətçilik tariximizə yazıldı. Üstündən yüz ildən artıq bir zaman kəsiyi ötəndən sonra Versal sarayının önündəki üç abidənin bərpasını məhz Heydər Əliyev Fondu öz üzərinə götürdü. Prezident İlham Əliyevin tapşırığı ilə Əlimərdan bəy Topçubaşovun Fransadakı məzarı üzərində onun abidəsi ucaldıldı. Mərasimdə Azərbaycanın Birinci xanımı da iştirak etdi. Mehriban xanım Əliyevanın dövlətə sədaqət, millətin keçmişinə hörmət hissi bununla bitmir, məhz onun diqtəsi, iradəsi ilə Gürcüstanda torpaq müqəddəsliyinə qovuşan Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Əhməd bəy Ağayev kimi maarifpərvərlərin, dövlət xadimlərinin məzarları bərpa edildi, qəbirüstü abidələri yaradıldı. Mirzə Cəlilin, Nəriman Nərimanovun Tiflisdəki ev-muzeyləri təmir edildi. Heydər Əliyev Fondunun Gürcüstan nümayəndəliyi fəaliyyətə başladı və eyni siyasət Rusiyada da həyata keçirildi. Moskvada təməli qoyulan Heydər Əliyev Fonduna Leyla İlham qızı Əliyevanın rəhbərlik etməsi isə Mehriban xanımın nəciblik və xeyirxahlıq dolu ideyalarının sərhədlərini daha da genişləndirdi. Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində görülən işlər, Arzu xanım Əliyevanın təsis etdiyi Bakı Media Mərkəzinin xətti ilə çəkilən sənədli filmlər, tarixi ədalətin bərpası və təbliği üçün mühüm məqam olmaqla yanaşı Mehriban xanımın ailə dəyərlərinə münasibətinin göstəricisidir.
Yeni minillikdə əski dəyərlərin hamisi, klassika ilə müasirliyin körpüsü
Bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsindən, Ermənistanın Qarabağı yerlə-yeksan etməsindən, maddi-mədəni incilərinin qəddarcasına dağıdılmasından, Ermənistan silahlı qüvvələrinin təcavüzündən danışan Azərbaycanın Birinci xanımı xoşməramlı səfir kimi bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırır. Bütün varlığı, ruhu və duyğuları ilə Azərbaycanın, Şərqin və türk dünyasının bir parçası olan Mehriban xanım bəşəri ideallara sədaqət hissi ilə dünya insanı, dünya vətəndaşıdır!
Dinlərə və sivilizasiyalararası dialoqa töhfələrinə, fikir və düşüncə azadlığına, insan şəxsiyyətinə, milli-mənəvi dəyərlərə ehtiramı ilə O, həm də yeni minillikdə əski dəyərlərin hamisi, klassika ilə müasirliyin körpüsüdür! Sivilizasiyalararası dialoqda gənclərin rolunu dəyərləndirən Mehriban xanım Əliyeva dünyanın müxtəlif bölgələrindən olan gənclərin iştirakı ilə Şərqlə Qərbin qovuşduğu Azərbaycanda beynəlxalq konfranslar təşkil edir, “Könüllülük hərakatı” ilə onların ümid, inam çırağına çevrilir.
Sonsuz qürur, iftixar hissi ilə qeyd etməliyik ki, bu gün milli dövlətçilik və müstəqillik tariximizin yeni və parlaq səhifəsinə ilk dəfə olaraq qızıl hərflərlə yazılmış Birinci Xanım İnstitutu da məhz Mehriban xanım Əliyevanın adı, imzası və onun sərhədlərə sığmayan xoşməramlı fəaliyyəti ilə bağlıdır.
Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır
Bütün ruhu, duyğuları ilə Azərbaycan olan xanım Mehriban Əliyeva üç qüdrətli fikir və düşüncə sahibinin, mesenatın, qələm və kəlam müqəddəsliyi ilə müjdələnən yazıçı, publisist, mütəfəkkir alim kimi şöhrətlənən ziyalının genetik kodlarından cücərdi. Əfşarlara, Qacarlara, Şirvan şahlarına bağlı olan babası Mahmud Ağanın Şamaxıda malikanəsində qurduğu Muğam Mərkəzinin – “Qızılı Salon”un səsi-sorağı Avropaya çatdı. Malikanəsində qonaq olan ata Aleksandr Düma “Qafqaza səyahət” əsərində Dərbənddən Tiflisə qədər gördüyü sarayların ən dəbdəbəlisinin ona məxsus olduğunu yazdı. Aleksandr Düma Muğam müsabiqələri təşkil edən bu qüdrətli mesenatın, sənət, mədəniyyət himayədarının münsiflər heyətini iki başqanına Cabbar Qaryağdıoğluna “Qızıldan qaval”, Sadıxcana “Qızıldan tar” bağışladığını, Seyid Əzim Şirvaninin rəhbərlik etdiyi “Beytüs-səfa” ədəbi məclisini malikanəsində himayə edən, Şamaxı ziyalılarını ziyarətə gələn Qarabağ xanlığının vərəsəsi Xurşudbanu Natəvanı “Qızılı işləməli fayton”la Şamaxıdan Şuşaya yola salan əsilzadənin fəaliyyətini sonsuz ehtiram hissi ilə təsvir etdi.
Tanrı Mehriban xanım Əliyevaya ana babası – Mahmud ağanın XIX əsrdə başladığı layihəni təntənəli şəkildə başa çatdırmaq üçün imkan verdi. Azərbaycan muğamları onun iradəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına yazıldı. Azərbaycanda Muğam Mərkəzinin təməli qoyuldu. Muğam sənəti dövlət himayəsinə alındı. Xurşudbanu Natəvanın abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə ucaldıldı. 30 illik işğaldan sonra Ağdamda – İmarət Qərvənddə dağıdılan türbəsi, qəbirüstü abidəsi bərpa edildi. Natəvanın abidəsi Üzeyir bəyin, Bülbülün abidəsi ilə birlikdə öz məkanına, məqamına – Şuşaya qaytarıldı. Azərbaycan Respublikasının I vitse prezidenti ata tərəfdən “Azərbaycan gec qızar, gec soyuyar” nidası ilə əfşarlardan və qacarlardan sonra Əbədi istiqlalın dastanını yazan Səttərxana, “Xürrəmilər doğuran bir millətin azadlıq istəyini boğmağa güc yetməz!” nidası ilə rejimin üstünə yeriyən Şeyx Məhəmməd Xiyabaniyə, Milli Firqənin qurucusu Seyid Cəfər Pişəvəriyə, “İtə ataram, yada satmaram!” hikməti ilə “Yusif – Züleyxanın” əzəmətini imperiyalara sübut edən, “Bir gəncin manifesti” əsəri ilə mənsub olduğu millətin “İstiqlal Manifesti”ni yaradan Mir Cəlala bağlıdır. Tanrı Azərbaycanın I vitse prezidentinin alnına təkcə Əbədi istiqlala qovuşan Azərbaycanın sarayında sultan olmaq deyil, həm də onun əzəmətini yaşamaq və yaşatmaq səadətini yazıb. Azərbaycan muğamları ilə yanaşı, Azərbaycan xalısı da, məhz onun iradəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil edilib. Bakıda, Xəzərin sahilində, babası Mir Cəlalın yaşadığı “Ziyalılar Binası”nın önündə Xalça Muzeyinin təməli qoyulub.
Ulu Öndər Heydər Əliyev sıradan bir dövlət xadimi deyildi. O, təhlükəsizlik orqanlarında ən kiçik rütbədən və vəzifədən ən alisinə yüksəlmişdi. Azərbaycanda kimin, daha doğrusu hansı yaradıcı insanın nə ilə nəfəs aldığını hər kəsdən, hamıdan yaxşı, daha yaxşı bilirdi. Şübhəsiz ki, o, sarayına sultanı, ölkəsinin Birinci xanımı, nəvələrinə ananı seçəndə övlad məhəbbəti ilə yanaşı, Mir Cəlal təmizliyini, Nəsir İmanquliyev əyilməzliyini də nəzərə almışdı. Zaman mənsub olduğu millətin, məmləkətin Haqq aşiqinə, Azadlıq carçısına, İstiqlal rəmzinə dönən Ulu Öndərin qərarının əzəmətini ölkəmizdə Avroviziya mahnı müsabiqəsi, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları təşkil olunanda 30 illik işğaldan, intizardan sonra təməlini qoyduğu “Xarı Bülbül” musiqi festivalının, “Vaqif poeziya günləri”nin, Molla Pənah Vaqifin dağıdılmış məqbərəsinin bərpasından sonrakı açılış mərasimlərində sübut etdi.
Xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu adında ucaltdığı Abidə ilə Ulu Öndərin Azərbaycançılıq məfkurəsinin tərcümanına çevrildi. Onun irsinin tədqiqi və təbliği istiqamətində mühüm layihələri gerçəkləşdirdi. “Mən İlham Əliyevə özüm qədər inanıram!” – deyən Ümummilli Lider Heydər Əliyevin varisinin arasında bir qüdrətli xatun kimi dayandı. “Hər bir qüdrətli kişinin arxasında bir qüdrətli qadın ömrü əriyir” hikmətini gerçəyə çevirdi. Bununla o, həm də “Ən böyük nailiyyətim ailəm, ən qüdrətli əsərim övladlarımdır!” nidası ilə qələm çalan babası Mir Cəlalın ruhunu şad etdi.
Şərəf Cəlilli