30 illik işğaldan, intizardan sonra “Qars bəyannaməsi”ndən “Şuşa bəyannaməsi”nə, Beynəlxalq sülh və rifah naminə “Tramp marşrutu”na yol gələn, ruhların şəhərinə çevrilən Qarabağı, Şərqi Zəngəzuru kərpic-kərpic hörüb, tikib quran Azərbaycan bu il MDB ölkələrinin mədəniyyət paytaxtı elan edilən Laçında “Hoçazfilmin” filmilə yanaşı dünya kinosunun incilərini “Kino günləri çərçivəsində dünyaya təqdim etdi.
Ötən əsrin əvvəlində Odlar Yurdunu bölüb-parçalayan, Gəncə xanlığını 1804-cü ildə işğal edib elə həmin ildə ləğv edən Çar Rusiyası Qarabağ xanlığını 1805-ci ildə işğal etsə də, onun ləğv edilməsi uğrunda Qacarlar imperiyası ilə nə az, nə çox düz 17 il mücadilə etdi. Şəki və Şamaxı xanlıqlarını da 1805-ci ildə öz iradəsinə tabe edən çar cəlladları 4 il sonra Şəki, 5 il sonra isə Şamaxı xanlığına son qoydu. 1806-cı ildə öncə Dərbənd və Quba, sonra isə Bakı xanlıqlarını çökdürən imperiya həmin il Dərbənd və Bakı qalasının açarlarını Peterburqa – Ağ saraya göndərdi. Qubanın müstəqillik duyğularını isə 1810-cu ildə bir dəfəlik söndürdü. “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə 1813-cü ildə Lənkəran xanlığını, 1827-ci ildə İrəvan xanlığını ələ keçirən Sisianov, Paskeviç, Qudoviç kimi çar cəlladları 1826-cı ildə Lənkəran, 1828-ci ildə isə İrəvan və Naxçıvan xanlıqlarını tarixdən bütünlüklə silməyə nail oldu. Birinci və İkinci Rusiya-Qacaar müharibələri ilə Qafqazın fəthinə, Azərbaycanın parçalanmasına nail olan Çar Rusiyası Ağa Məhəmməd şah Qacarın, Fətəli şah Qacarın, vəliəhd şahzadə Abbas Mirzə Qacarın diktəsinə, iradəsinə baxmayaraq xanlıqların özgürlük rəmzi olan Bayraqları qalalardan endirdi. “Kürəkçay” müqaviləsi ilə kürəyinə xəncər saplanan Odlar Yurdu Azərbaycan taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olmaq məcburiyyətində qaldı.
Dövlət qurmaq və qorumaq əzminin dünyaya nümayiş olunduğu gün
1806-cı ildə Şəki xanlığında, 1827-ci ildə Təbrizdə, 1830-cu ildə Car-Balakən dairəsində “Müvəqqəti idarəçilik sistemi” quran Çar Rusiyasının “Qafqazı parçala hökm sür, Xəzər hövzəsini ələ keçir” siyasəti Cənubi Qafqazda 1846-cı ildə Tiflisdə, Kutaisidə, Şamaxıda, Dərbənddə, 1849-cü ildə İrəvanda qurulan, 1859 və 1860-cu illərdə ləğv edilən, 1868-ci ildə Gəncədə təməli qoyulan 1918-ci ildə Xalq Cümhuriyyətinin xüsusi əmri ilə dəyişdirilərək tarixi adı (Gəncə) bərpa edilən Yelizavetpol quberniyaları Rusiyanı inqilab dalğası bürüyünə, Azərbaycanda Xalq Cümhuriyyəti qurulana qədər davam etdi.
1918-ci ildə Şərqin ilk Demokratik Cümhuriyyəti Təbriz, Dərbənd, İrəvan, Borçalı imperiyaların caynağında əsir olsa da özgürlüyə nail oldu. “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə. Əbədi İstiqlalın şərbətini millətə, məmləkətə daddıran Cümhuriyyət qurucuları cəmi 23 ayda Azərbaycan xalqının dövlətçilik ənənələrini bərpa etməklə kifayətlənmədilər, müstəqil dövlət qurmaq əzmini dünyaya nümayiş etdilər.
Şərqin ilk Demokratik Cümhuriyyəti Qızıl Ordunun qırımızı terroruna məruz qaldıqdan sonra düz 70 il özgə bayrağın, özgə dövlətin – Sovet İttifaqının kölgəsində, basqısında qalsa da, Azərbaycan xalqı 1991-ci ilin noyabrında yenidən “Müstəqillik Aktı”na imza atdı. İstiqlaldan şirin şərbətin, azadlıqdan gözəl nemətin olmadığını dünyaya sübuta yetirdi.
Qərbi Azərbaycanın deportasiyası, 20 yanvar, Xocalı dəhşətləri, Qarabağ və Şərqi Zəngəzurun işğalı ilə üz-üzə qalan Azərbaycan 44 günlük tarixi Vətən Müharibəsindəki qələbədən, Müzəffər Ali Baş Komandan Prezindent İlham Əliyevin Vaşinqton səfərindəki zəfərdən sonra milli kimlik və milli mənlik uğrunda mücadilədə tarixində ilk dəfə onu bölüb parçalayan, sinəsinə “Gülüstan”, “Tükmənçay” dağlarını çəkən, imperiyalar üzərində qələbə çaldı. Taleyin sərt üzündən özü, öz tarixi torpaqları ilə həmsərhəd olan Vətənin – Odlar Yurdu Azərbaycanın əzəmətini, “Yoxdan bir bayraq yapıb, dövlət quran” Millətin qüdrətini göstərdi.
Bir çıraq haqdan yana, o çıraq yağı neylər?
Avqustun 26-da Laçının MDB-nin mədəniyyət paytaxtı kimi qapılarını qonaqların üzünə açması isə ötən əsrin əvvəlində Çar cəlladlarına, erməni daşnaqlarına Andranikin, Ozanyanın simasında dərs verən, onlara “Qanlı dərə”nin dəhşətlərini yaşadan Laçınlı Sultan bəy, Cümhuriyyətin ilk hərbi naziri Xosrov bəy Sultanov kimi ərlərin-ərənləri yetirən torpağın mənəvi zənginliyinin tədqimatında yeni bir mərhələ oldu. “Hoçaz” filmini ərsəyə gətirdiyi Qarabağın general-qubernatoru Xosrov bəy Sultanova həsr olunan “Laçın, qubernator və mən” filminin təqdimatı isə bu torpaqların tarixi sakinlərinin və sahiblərinin ünvanını göstərdi. Filmin qəhrəmanının, rejissorunun, əsas obrazının yaradıcısının da Laçından, Sarı Aşığın, Laçınlı Sultan bəyin diyarından olması, “Hoçaz” filmin baş ofisininin də Laçında, sərt sıldırım qayaların üstündə, qəlbi dağların yaxasında yerləşməsi, bu möhtəşəm tədbirlərin həm də, “Laçın şəhər günü”nə təsadüf etməsi, Laçının ecazkar mənzərələrinə həsr olunan əsərlərdən ibarət sərginin açılması, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının dəstəyi ilə baş tutan Muğam Müsabiqəsi qaliblərinin burada mükafatlandırılması, “Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdır”, “Bir çıraq haqdan yana, o çıraq yağı neylər?” sevdası ilə üzünü saza söykəyən Sarı Aşığın ruhunun şad olduğu gün idi. O gün həm də, “Ay Laçın, can Laçın, can sənə qurban Laçın!” deyib, 30 il intizara tablayan laçınlıların, onların simasında Bütöv Azərbaycan deyib, üzü qibləyə deyil, Qarabağa, Şərqi Zəngəzura sarı yatanların onu xanlıqlara, quberniyalara bölüb parçalayanlardan, sinəsinə “Gülüstan”, “Türkmənçay” dağı çəkənlərdən öc aldığı gün idi!
Şərəf Cəlilli