Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/06/2026

Paylaşın

TARİX

Marşal Tuxaçevski – Stalinin qısqanclığının qurbanı

Aktrisanın Stalinin göstərişinə rəğmən yaraşıqlı zadəganı sevməsi fərman, sərəncam tanımayan məhəbbətin diqtəsi olmaqla yanaşı, həm də üsyan idi

İkinci Dünya Müharibəsində mümkün olmayanları mümkünə çevirən, əsgər oğlunu feldmarşala dəyişməyən Stalin tarixdə həm də terror aktları, repressiya burulğanları ilə qalır.
Sibir çöllərini, Türküstan qırgəzlərini sürgün çadırları, zindan düşərgələri ilə “süsləyən” Stalinin sən demə sevdiyi qadınlara qarşı da zəif nöqtəsi varmış. Yüz ildir dünya Adolf Hitlerin məşuqələrini öz əli ilə torpağa gömdüyündən danışır, lakin Stalinin məhəbbət, daha doğrusu xəyanət üstə kəsdiyi başlardan danışmır.

Əldə olunan məlumatlardan bəlli olur ki, onun eşq üstündə “aldığı kəllə” elə də ucuz baş olmayıb. “Zadəgan nəslindən olan çılğın və yaraşıqlı marşal Tuxaçevskiyə qadınlar heç vaxt biganə qalmayıb. Böyük Teatrın aktrisası Vera Davudova ilə tanışlıqdan sonra marşalın bağ evində gizli görüşlər başlayıb. Onların birlikdə keçirdikləri romantik gecələr, mehmanxana görüşləri Stalinin əlaltılarının gözündən yayınmayıb. Stalin aktrisanı bağa çağırtdırıb. Ona Tuxaçevskiylə görüşməyi qadağan edib. Buna baxmayaraq onlar ayrılmayıb. 1937-ci ildə aktrisa Finlandiyadan qastrol səfərindən qayıdarkən onu vağzalda Stalinin katibi Poskrebışev gül dəstəsi ilə qarşılayıb və satqın Tuxaçevskinin güllələndiyini deyib. Xəbərdən sarsılan Vera Davudova müvazinətini itirərək elə vağzaldaca diz çöküb yerə oturub. Səhəri gün Stalinlə aktrisa görüşüb. Stalin ona bildirib ki, qurduğu dövlət xəyanəti sevmir. İstər dövlətə qarşı, istər də qadınlara qarşı”.
Faktı araşdıran, onun əslini üzə çıxaran tarixçilər isə qeyd edirlər ki, Tuxaçevskinin güllələnməsinin əsas səbəbi antisovet fəaliyyəti deyil, məhz Stalinin amansız qısqanclığı, Vera Davudovanın ona olan məhəbbəti olub.
Stalin atılmış bir cocuq, məhşur cibgir, marşal Tuxaçevski isə bir əsilzadə idi. Aktrisanın Stalinin göstərişinə rəğmən yaraşıqlı zadəganı sevməsi fərman, sərəncam tanımayan məhəbbətin diktəsi olmaqla yanaşı, həm də üsyan idi. İosif Stalinin tifaqını dağıdan Üsyan idi!

Müşfiqin sinəsinin düyün, dağ yeri – Dilbər Axundzadə
Mikayıl Müşfiq ömrünün pöhrə çağında, daha doğrusu istedadının və məhəbbətinin bulaq kimi qaynadığı, çeşmə kimi çağladığı zamanda dünyaya vida nəğməsi oxudu. “Oxuma tar” deyənlərin üstünə “Oxu tar” deyib yeridi. Onun bir anın içərisində artan şöhrətini qısqanclıqla qarşılayanlar çox oldu.

Bu dövrdə Moskvada qısqanclığından generalların kəlləsini alan Stalinin Bakıda Əliheydər Qarayev, Sumbatzadə kimi cəlladları vardı. Deyirlər qənirsiz gözəl olan Dilbərin dillərə dastan olan gözləri Bağırovun da diqqətini çəkib. Onun Əliheydər Qarayevlə münasibətlərinin olduğunu bildikdən sonra isə Müşfiqin məsələni bilib susması ona ağır gəlib. Bu səbəbdən də o, Müşfiqin aradan götürülməsi, Əliheydər Qarayevin isə cəzalandırılması barədə göstəriş verib. Mircəfər Bağırov Şahdağın ətəyində, Qubada doğulmuşdu. Onun bir dağlı qüruru var idi. “Gəlmiş hüzuruna bir qara dağlı, Bir qara qulundur, qolları bağlı” misrası ilə tərəzidə tən gəlməyən Dilbəri cəzasız qoymazdı. Onu da deyirlər ki, düşmənini öldürmək barədə Bağırovun adından Müşfiqə xəbər gəlib. Şair eşitdiklərini şaiyə hesab edib…

Deyilənləri təsdiq edən xatirələrdən birində qeyd olunur: “Mikayıl Müşfiq həqiqətən həyat yoldaşı Dilbər xanıma görə öldürülüb? Bu sual çoxlarını düşündürür. Bəzi versiyalara görə Dilbər Axundzadə gözəl qadın olduğu üçün onu əldə etmək istəyənlər Müşfiqi aradan götürüblər. Burada hətta Mircəfər Bağırovun adı da hallanır. Digər versiyaya görə isə Müşfiqin gənc yaşında bu qədər tanınması, böyük uğurlar qazanması onun həmkarları tərəfindən qısqanılmasına səbəb olub”.

Həqiqət isə odur ki, Müşfiq güllələndikdən sonra Dilbər Axundzadə üçün əsl cəhənnəm əzabı başlayıb. 1937-ci il noyabrın 1-də o, “10506 nömrəli məhbus” kimi zindana salınıb, aylarla işgəncələrə məruz qalıb. 1938-ci il fevralın 28-də psixiatriya xəstəxanasına müalicəyə göndərilib. Burada Dilbər Axundzadənin vəziyyəti bir qədər də ağırlaşıb. 1939-cu ilin mart ayında həbsdən azad edilib.
Kədərlisi, daha dəhşətlisi isə odur ki, “qolları bağlı Dağlı”nın, qara sevdalı Müşfiqin Dilbəri sonradan evlənib. Özü də 30-cu illərin dəhşətli repressiyalarında Müşfiqlərin, Cavidlərin qanını su bilib içən millətin nümayəndəsi ilə. Bu nigahdan Dilbərin bir oğlu, bir qızı dünyaya gəlib. Ömrünün son illərini əsəb gərginliyi, şəkər xəstəliyi və ürək-damar problemləri ilə keçirən Dilbər Axundzadə 1990-cı ildə 76 yaşında dünyadan köçüb. Vəfasız deyilən dünyanın yaddaşına Əhməd Cavadın Şükriyyəsindən fəqrli olaraq etibarsızlığı ilə yazılıb. Şükriyyə xanım da, Dilbər də Axundzadə soyadını daşıyırdı. Şükriyyə xanım ağır istintaqların birində ona yardımda bulunmaq, onu erməni müstəntiqin əlindən almaq istəyən azərbaycanlı müstəntiqə “mən bəy titulumu Axundzadəyə dəyişdim, Əhməd Cavadı kimə dəyişim, oğlum?!” deyib sürgünü qəbul etmişdi. Sürgün qatarında 4 övladından birini itirsə də, təkcə erməni müstəntiqin deyil, eyni zamanda quruluşun burulğanına tablamışdı. Mikayıl Müşfiqdən sonra 46 il yaşamaq özü bir dəhşət idi. O dəhşətli şamın şöləsi, pərvanəsi Mikayıl Müşfiq olsa da gərək gəncəli qız bunu etməyəydi, Müşfiqi özgə millətə dəyişməyəydi…

Ayna Sultanova – Sovet Azərbaycanının ilk qadın maarif və ədliyyə naziri

Oğlunun adını Vladlen qoyması da onu xilas edə bilmədi

Ölkəmizdə Sovet Azərbaycanı, ümumiyyətlə sovetlərə bağlı çox abidələr söküldü. Yıxılmayan abidələrin sırasında Stalin repressiyasının qurbanı olan Ayna Sultanovaya aid abidə də var. Sovet Azərbaycanının ilk qadın maarif və ədliyyə naziri, eyni zamanda ziddiyyətli simalarından olan Ayna Sultanova 1895-ci ildə Şabranda doğulub. “Müqəddəs Nina” gimnaziyasını bitirdikdən sonra müəllimlik edib. 1918-ci ildə bolşeviklərin sırasına daxil olub. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının fəal tərəfdarlarından olub. “Şərq qadını” jurnalında Şura hökumətini təbliğ edib. Burada çap olunan silsilə məqalələri ilə Mirzə Cəlillin, Mikayıl Müşfiqin, Seyid Hüseynin, Hüseyn Cavidin üstünə yeriyib. Onların təzyiqlərə məruz qalmasında mühüm rol oynayıb. Bundan sonra o, siyasi karyerada sürətlə yüksəlib. 1930-38ci illərdə Xalq Maarif Komissarı və Xalq Ədliyyə Komissarı vəzifələrinə irəli çəkilib. Lakin stalinizmin dəhşətli repressiya burulğanı Əliheydər Qarayev, Qəzənfər Musabəyov kimi ondan da yan keçməyib. 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə xalq düşməni elan edilərək “406-cı məhbus” adı ilə güllələnib. İnqilabın atası Leninin şərəfinə oğlunun adını Vladlen qoyması da onu repressiya burulğanından xilas edə bilməyib.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin