Şəhərlər yalnız binalardan ibarət məkanlar deyil, həm də insan həyatlarının və hekayələrinin formalaşdığı mühitdir. Urbanizasiya cəmiyyətləri görünməmiş sürətlə dəyişir və bu prosesə yalnız statistik göstəricilər prizmasından deyil, insan amilini əsas götürərək yanaşmaq lazımdır.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Kor Minq Nqa Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.
Nazir bildirib ki, şəhərlər iqtisadi imkanların genişlənməsi, innovasiyaların təşviqi və mədəni mübadilə üçün mühüm platforma rolunu oynasa da, eyni zamanda mənzil çatışmazlığı, iqlim riskləri, sosial bərabərsizlik və artan infrastruktur tələbləri kimi ciddi çağırışlarla qarşı-qarşıyadır.
Onun sözlərinə görə, xüsusilə həssas sosial qruplar üçün münasib və adekvat mənzilə çıxışın təmin edilməsi bu gün ən vacib məsələlərdən biri olaraq qalır.
Kor Minq Nqa qeyd edib ki, WUF13-ün əsas mövzusu olan “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” yanaşması məhz bu çağırışlara cavab verməyə yönəlib.
“Bu mövzu bizə bir daha xatırladır ki, insanlıq ən böyük gücümüzdür. Texnologiyalar məlumatı geniş şəkildə paylaşa bilər, lakin cəmiyyət qurmaq üçün vacib olan etimadı eyni şəkildə formalaşdırmaq mümkün deyil”, – deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, forum çərçivəsində aparılan müzakirələr şəhərlərin daha inklüziv və dayanıqlı olması üçün praktik yanaşmaların müəyyənləşdirilməsinə həsr olunub. Bu çərçivədə mənzil siyasəti və maliyyələşdirmə məsələləri üzrə mühüm fikir mübadiləsinin aparılması gözlənilir.
“Əsas məsələ isə bu müzakirələrin real nəticələrə və uzunmüddətli mirasa çevrilməsidir. Gələcək onu sadəcə proqnozlaşdıranlara deyil, onu quranlara məxsusdur”, – deyə Kor Minq Nqa əlavə edib.
O bildirib ki, Yeni Şəhər Gündəliyinə dair keçirilən Nazirlər Görüşü iyul ayında Nyu-Yorkda təşkil olunacaq yüksək səviyyəli toplantı öncəsi güclü siyasi iradənin mövcudluğunu nümayiş etdirir.
UN-Habitat Assambleyasının prezidenti hesab edir ki, bu proses beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və dayanıqlı urbanizasiya istiqamətində siyasi dinamikanın qorunub saxlanılması üçün mühüm imkan yaradır.
“Artıq ümumi bəyanatlardan konkret və ölçülə bilən nəticələr mərhələsinə keçmək lazımdır”, – deyə o qeyd edib.
Kor Minq Nqa vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumu kimi beynəlxalq platformalar hökumətlər və tərəfdaşlar arasında təcrübə mübadiləsinin aparılması, həmçinin müxtəlif milli və yerli şəraitə uyğun praktik həll yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.