Nəşr edilmişdir 04/11/2025

Paylaşın

GÜNDƏM

Mahmud ağa Cabbar Qaryağdıoğluna qızıldan qaval, Sadıxcana tar bağışladı

Mahmud Ağa

Üçüncü yazı

Mahmud ağa dövrünün nüfuzlu şəxsiyyəti, mesenatı, himayədarlıq missiyası ilə adını milli-mənəvi dəyərlər tariximizə yazan qüdrətli simalardan idi. 40 il rəhbərlik etdiyi Muğam Məktəbində – Mərkəzində keçirilən Muğam müsabiqələrində qaliblərə bağışlanan hədiyyələrin siyahısını təqdim etmək kifayət edir ki, onun geniş qəlbinin, səxavətinin, sonsuz sənət, mədəniyyət sevgisinin, hüdudları məlum olmayan məhəbbətinin şahidi olursan. Qızıl saatlar, üzüklər, təsbehlər, bazübəndlər, kəmərlər, sinəbəndlər, qızılı işləməli araqçınlar, arxalıqlar, çuxalar, çərkəzi papaqlar, zəncirli cib saatları, tütün qabları, tütün kisələri barədə düşündükcə özü də ustad sənətkar, musiqişünas olan Hacı Mahmud ağanın sənət, mədəniyyət sevgisinə heyrət edirsən. Bu məşhur müsabiqələrin yekun konsertlərinin birində Mahmud ağa Cabbar Qaryağdıoğluna qızıldan qaval, Sadıxcana qızıldan tar hədiyyə edir. Cabbar Qaryağdıoğlu qavalı 1913-cü ildə Şəmsi Əsədullayevin qızının toyunda Seyid Şuşinskiyə hədiyyə edir. Seyid Əmi həmin qavalla təkcə yüzlərlə istedadlı muğam ifaçısı yetişdirmir, ağır-ağır məclislərin başında durur, toy-büsatlarda xeyir-dua verir, bu hələ nədir ki? Seyid Şuşinski həmin qavalla 1918-ci il Soyqırımı zamanı Təzəpir məscidində yuyulub-kəfənlənən Şəhidləri Çəmbərəkəndə qaldırır. “Zəminxarə”nin səsi asimana bülənd olur. Qəribəsi, daha maraqlısı isə odur ki, Şəhidlərin vida törənində Hacı Zeynalabdin Tağıyevlə birlikdə nitq irad edən tarixi şəxsiyyətlərin biri də Vida Komissiyasının üzvü Mahmud ağanın nəvəsi Həbib bəy Xəlil bəy oğlu Mahmudbəyovdu. Onların son duasını Təzəpirin axundu Ağa Əlizadə tuturdu. Üstündən 72 il ötəndən sonra Azərbaycan xalqı 1990 – cı il yanvarın 19-dan 20-nə keçən gecə Əbədi İstiqlal uğrunda Şəhidlər verəcək, al qanı ilə yeni tarix yazacaq, Şəhidlər eynən əsrin əvvəlində olduğu kimi Təzəpir məscidində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə yuyulub-kəfənlənəcək, onların son duasını Hacı Sabir Həsənli tutacaq, qaboyun mahir ifaçısı Kamil Cəlilovun “Zəminxarə”sindən Seyid Şuşinskinin “Zəminxarə”sinə yollar görünəcəkdi.

Mahmud Ağa


Mahmud ağanın Azərbaycan muğamlarının, xalq mahnılarının, aşıq sənətinin qorunması qarşısındakı xidmətləri bununla bitmir. O, bir xeyirxah kimi həm də, imkansız ailələrin səsi, nəfəsi olan övladlarını sarayında himayə edir. Qəyyumluq missiyasını öz üzərinə alır, ayrı-ayrı ifaçıları onlara ustad təyin edir. Onlardan biri də, elə həmin “Qızıl Salon”da Mahmud ağadan mükafat kimi qızılı bazübənd və saat alan Davud Səfiyarovdu. Davud atasız, arxasız, istedadlı bir uşaq olur. Bakıda iş tapmayan anası onun əlindən tutub Mahmud ağanın malikanəsinə gedir. Orda xidmətçi kimi işə başlayır. Davud ağanın sürülərini otaran çobanların yanında özünə və anasına çörək qazanır. Zənguləsinin sorağı Mahmud ağaya çatır. Onu Şamaxının məşhur sənətkarı, ən yaxın dostu Mirzə Məhəmməd Həsənə həvalə edir. Mirzə Məhəmməd Həsənin sayəsində Davud Səfiyarov sonralar Azərbaycanın məşhur xanəndələrindən birinə çevrilir. Üstündən 100 il ötəndən sonra Mahmud ağanın nəvəsi rus-tatar məktəbinin qurucusu Həbib bəy İbrahim Xəlil bəy oğlu Mahmudbəyov mədrəsədən imkansızlığa görə qovulan, şəhərdə ayrı-ayrı evlərdə qulluqçuluq edən kasıb bir qadının oğlunu – Hüseyni məktəbinə alacaq, onu əyin-başla, dərsliklə təmin edəcək, ilk teatr truppasını quranda isə ona kiçik bir rol verəcəkdi. Ustad sənətkarımız Nəsibə xanım Zeynalovanın atası Cahangir Zeynalovun rəhbərliyi ilə qurulan o tamaşadan sonra Hüseyn səhnənin əbədiyyət qapısını açacaq, Hüseyn Ərəblinski kimi şöhrət qazanacaqdı.


Mahmud ağa təkcə sənətin, mədəniyyətin himayədarı deyildi. O, həm də, atası Əhməd Sultan ağa ilə birlikdə Şamaxıda mədrəsələr açır, məscidlər tikir, Qəza məktəblərinin fəaliyyətinə töhfələr verir, kəhrizlər, ovdanlar qazdırır. Saxsı borularla məhəllələrə su çəkdirir, bağ saldırır, yollar, körpülər inşa edir. Bu azmış kimi, Şamaxı qəza məktəbini bitirən 100-dən çox şagirdin Rusiyanın ayrı-ayrı şəhərlərində təhsil alması üçün sərmayə ayırır ki, onların sırasında Məmmədtağı Əlizadə kimi I Rusiya Dumasının üzvü olan tarixi şəxsiyyətimiz var idi. Sonralar Məmmədtağı Əlizadə Həsən bəy Zərdabinin təməlini qoyduğu “Əkinçi” qəzetində mütamdi yazılarla çıxış edəcək, imzasının hökmü ilə varlığını edəcəkdir. Quruluş dəyişdikdən, Çar Rusiyası devrildikdən sonra, Məmmədtağı Əlizadə Vətənə – Şamaxıya dönmüşdü. 1918-ci il Soyqırımı zamanı erməni daşnaklarına qarşı son ana kimi savaşan, malikanəsini tərk etməyən, evi və məşhur kitabxanası ilə birlikdə yanıb-kül olan Məmmədtağı Əlizadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir Mahmud ağanın himayədarlıq missiyasını öz üzərində görmüş tarixi şəxsiyyətlərdən idi.

Mahmud ağanın Şamaxıda gerçəkləşdirdiyi maarifçilik layihələrini Naxçıvanda Mirzə Nəsrulla bəy Əmirov, Borçalıda Emin ağa Acalov, Bakıda Hacı Zeynalabdin Tağıyev öz üzərinə alıb Azərbaycanlı gəncləri Rusiyanın və Avropanın ali təhsil məktəblərinə göndərmişdilər ki, bu ənənə Cümhuriyyət zamanı da davam etdirilmişdir.
Mahmud ağanın məşhur kitabxanasında təkcə Şamaxının, Şirvanın deyil, Azərbaycanın, Yaxın və Orta Şərqin məşhur şairlərinin, mütəfəkkir alimlərinin bəyazları, əlyazmaları, kitabları toplanmışdı. Şamaxıda baş verən iki zəlzələnin və erməni – daşnak soyqırımının qurbanı olan o qiymətli əsərlər, risalələr, bəyaz və əlyazmaların sırasında, Mahmud ağaya hədiyyə edilmiş qiymətli incilər də var idi. Böyük hissəsi məhv olsa da, günümüzə qədər gəlib çıxan Aleksandr Dümanın Qafqaza – Şamaxıya səfəri zamanı Mahmud ağaya hədiyyə etdiyi saat, eləcə də onun nəslinə aid xalı və 4 gümüş qaşıq o illərin canlı xatirəsidir.
Mahmud ağanın əzəmətli mülkündə, malikanəsində təkcə şeir gecələri, muğam məclisləri təşkil olunmurdu, dövrünün ictimai-siyasi prosesləri müzakirə edilirdi. Vətənin İstiqlalı, birliyi-bütövlüyü üçün tədbirlər tökülürdü. Millətin nicatını elmi-irfanda görən bu əvəzsiz şəxsiyyət, qüdrətli mesenat bütün sərvətini bu yolda sərmayə edirdi. Onun bir tarixi şəxsiyyət, sənət-mədəniyyət xiridarı, musiqişünas, muğam bilicisi kimi dəyərinin əyarına dönən məşhur simalar, səyyah, memar, rəssam və ədiblər onu zamanının siması, mədəniyyətin himayədarı, millət qurucusu, maarif xadimi kimi xarakterizə edir. Xeyirxahlıq, yaxşılıq nümunəsi kimi əsərlərinin baş qəhrəmanına çevirirdilər ki, onların sırasında Rus etnoqraf İqor Yevlaxov, Sankt-Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti knyaz Qriqori Qaqarin, Engelberq, Kempfer, Marko Polo, Klavixo, Katerino Zeno, Silberger, Adam Oleari, Övliya Çələbi, Aleksandr Düma kimi tarixi şəxsiyyətlər, səyyahlar, elm və mədəniyyət xadimləri vardı. Mahmud ağanın əzəmətli şəxsiyyəti, mülkü və malikanəsi ilə bağlı xatirələrini “Səyahətnamə”sində təsvir edən Aleksandr Düma qeyd edir: “Mahmud bəyin evi Dərbənddən Tiflisə qədər gördüyüm evlərin ən gözəli idi. O, Şərq memarlıq üslubunda tikilmiş qiymətli bir imarət idi. Biz adamı valeh edən, gözəlliyini sözlə ifadə etmək, qələmlə təsvir etmək mümkün olmayan, çox zəngin, şərqsayağı bəzədilmiş bir salona daxil olduq. Qonaqlar qızılı haşiyəli döşəkcələrin üstündə oturmuş, al-əlvan, qumaş mütəkkələrə dirsəklənmişdir. Salonun o başında incə naxışlarla bəzədilmiş, şəbəkəli böyük və hündür pəncərələrin yanından üç rəqqasə və çalğıçı var idi. Onlar, Mahmud ağanın bir işarəsi ilə gözəl və unudulmaz ifalarına başladılar. Mən bu malikanədə Mahmud ağanın 3 ay qonağı oldum. Novruz bayramında Şamaxının al-əlvana büründüyünün şahidi kimi şənliklərə qatıldım…”


Aleksandr Düma Qafqaza səyahəti zamanı, Dərbənddə, Tiflisdə, Bakıda və Şamaxıda da olmuşdu. Şamaxıda Mahmud ağaya saat hədiyyə etmişdi, Bakıda Xurşudbanu Natəvana şahmat fiqurları bagışlamışdı. Onun da tarixçəsi var: Şahmat oyunu zamanı Aleksandr Düma Qarabağın son vərəsəsinə uduzmuşdu. İndi həmin fiqurlar Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində himayə olunur. Görüş zamanı Xurşudbanu Natəvan Aleksandr Dümaya öz əli ilə tikib-naxış saldığı tütün kisəsi, həyat yoldaşı Xasay xan Usmiyev xəncər bağışlamışdı. Xurşudbanu Natəvan incə ruhlu qəzəlləri, Şərq və Qərb dəyərlərinin vəhdəti ilə bağlı düşüncələri, zəngin mədəniyyəti, geniş dünyagörüşü ilə Aleksandr Dümanı heyrətləndirmişdi.


Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

MEMARLIQ

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir

MEMARLIQ

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir